Yapistlərin təbliğat kampaniyalarında çoxlu ziddiyyətlər ortaya çıxır, bu da rejimin mahiyyəti ilə bağlıdır. Bu mövzuda atalarımızın yaxşı məsəli var, deyir, yalan iki başlı olar.
Məsələn, görürsən deyirlər kasıbçılıqla mübarizə uğurla başa çatmaq üzrədir, ancaq hər il ünvanlı sosial yardım alanların sayının artdığını statistik hesabatlarda göstərirlər. Anlamaq olmur ki, yoxsulların sayı azalırsa, təzə yoxsullar hardan çıxır. Bəlkə də onlar kosmosdan milli peykimizə minib gələn yadplanetlilərdir. Nə biləsən…
Yaxud, iqtisadi uğurlardan, bölgənin lider dövləti olmağımızdan dəm vururlar, günün birində isə bəyan edilir ki, camaat yas məclislərini yola verə bilmir, bankdan kredit götürüb xərcə düşürlər və sairə.
Belə ziddiyyətlərdən biri də Ermənistanın boşalması haqda ənənəvi təbliğat materiallarına aiddir. Yaxşı, hesab edək doğrudan düşmən Pirr qələbəsinin altını çəkir, ermənilər kasıblıq üzündən ölkəni atıb xaricə qaçırlar, bizim uğurlarımızı görüb partlamaya düşüb ölürlər, xüsusən xarici diplomatiya sahəsində Məmmədyarovun kəskin zərbələrinə dözmürlər. Bəs o zaman yapistlərin “Ermənistan Dağlıq Qarabağ və ətrafında Suriyadan, Livandan gələn ermənilərin qanunsuz məskunlaşması proqramını aparır” tezisi necə olsun? Yeri gəlmişkən, internetdə tez-tez belə videokadrlar göstərilir, elə ermənilər özləri Zəngilanda, Laçında, Kəlbəcərdə, Dağlıq Qarabağda xaricdən köçürülən erməniləri yerləşdirdiklərini gizlətmirlər. Bu yöndə hətta dövlət proqramları var: hər ailəyə hansı ölçüdə mənzil veriləcək, uşaq pulu nə qədər olacaq və sairə.
İndi belə çıxır ki, Ermənistan boşalır, Qarabağ və ətrafı isə dolur? Ordan-burdan qaçan ermənilər bizim əraziyə doluşursa, bunun nəyi bizim üçün uğurludur?
Son günlər Rusiya ilə yaxınlaşma siyasəti də elə bu Ermənistanla münasibətlər fonunda əcaib bir şəkil almaqdadır. Rus məmurlar sürü ilə Bakıya axışıb yapistlərlə ağız-ağıza verərək deyirlər ki, Rusiya ilə Azərbaycanın mənafeləri üst-üstə düşür, bizim qardaşlığımız əbədidir, daimidir, dönməzdir və sairə. Bir o qalıb ki, Nəriman Nərimanovun “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə birliyindədir” cümləsini təzədən “Nizami” metrosuna gedən yolun üstünə – köhnə Bakı avtovağzalı olan yerə yapışdırsınlar.
Yaxşı, hesab edək Rusiya bizim ən yaxın dostumuzdur. Bəs o zaman Ermənistanı davamlı olaraq “Rusiyanın forpostu, əlaltısı” elan edən yapist daxili-xarici siyasət hara uçur? Əgər Ermənistan necə deyərlər, heç zaddırsa, arxasındakı Rusiyanın hesabına lotuluq eləyib üstümüzə gəlirsə, bizim Rusiya ilə dostluğumuzun mənası nədir? “Düşmənimin dostu mənim dostumdur” – o məşhur aforizm bu cür idiot şəklə düşmürmü?
Ölkədə, cəmiyyətimiz arasında mistisizmin, cürbəcür falabaxanların, ekstrasenslərin, cinçıxardanların meydan sulaması elə bu cür məntiqsiz həyatdan, qeyri-rasional, ağılsız mülahizələrin çoxluğundan doğur. İstər-istəməz bizim həyatımız onların həyatının yanına bağlanıb, “həmrəng olmasa da həmxasiyyət olur”. Yapizmin məntiqsiz yalan-palanları (bu bir az tavtalogiya alındı, üzrlü sayın, çünki yalan həmişə məntiqsizdir) bizim də həyatımızı məntiqsiz yalana çevirir. Adamlar aşkarda guya yaşayırlar, ancaq özləri də gizlində etiraf edirlər ki, belə yaşamaq olmaz. Təhsil guya pulsuzdur, ancaq hamı məktəbə, müəllimə külli miqdarda pul xərcləyir. Misal üçün təhsili yazdım, bütün sahələrdə eyni vəziyyətdir: yalan xirtdəyə qalxıb.
Görəsən insan yalandan boğulmağa başlayanda ayağının altına kimi qoyur?