Gənc müğənni Fidan Süleymanova həyat yoldaşı ilə toya gedən xanım sənətçiləri sərt tənqid edib. İfaçı Milli.Az-a açıqlamasında bildirib ki, həyat yoldaşı ilə məclislərə gedən həmkarlarına yaxşı baxmır:
“Bu, kənardan heç də yaxşı görünmür. Müğənninin yanında prodüseri, başqa yaxın adamı toya gedər. Amma ərin toya getməsi və hələ utanmadan toy yiyəsindən arvadının ifası müqabilində qonorar alması çox pis və qeyri-ciddidir. Həmin kişinin kənardan gəliri olsa belə, bu, qadın hesabına yaşamaq kimi görünür. Hələ bəziləri var ki, toyu özləri danışır, cangüdən rolunu oynayır, beh alırlar, disk daşıyırlar”.
F.Süleymanova bildirib ki, hər bir xanım əriylə toya gedə bilər. Amma:
“Məncə, həmin xanımlar ərlərindən bunu xahiş etmirlər, bu ərin təkidi ilə baş verir. İstənilən xanım əriylə toya gedə bilər. Amma qonaq kimi qol-qola, yan-yana. Daha arvadım qazanacaq, mən də utanmaz-utanmaz yançı gedəcəm – bu, ayıbdır. Allah mənə belə kişi qismət eləməsin. Mənimçün əsl kişi obrazı tamam başqadır”.