Balalarınızdan görəsiniz, srağagün Balaxanı kəndinə toya getmişdik. Bəzi intiligentlər belə toylara aşağılayıcı tərzdə “palatka toyu” deyirlər, amma toy toydur, istəyir 5 ulduzlu otelin çardağında, yaxud kruiz gəmisinin göyərtəsində olsun, istərsə də həyətdə quraşdırılmış çadırda – prinsipial fərqi yoxdur. Əsas məsələ insanların toplaşması, əylənməsi, şənlənməsidir.
Bizim getdiyimiz toy klassik mənada çadır toyu sayıla bilərdi, fəqət toy mərasimi həm şadlıq evindəydi, həm də onun qarşısındakı çadırlarda. Meyli çəkən şadlıq evinin zalına gedirdi, çadır toyundan pəksinməyənlər də birinci çadıra keçirdi. İkinci çadırda isə çayxana və meyxana səfası hökm sürürdü. Yəni qonaqlara məcməyilərdə çay verirdilər və onlar tanınmış meyxanaçıların deyişmələrinə qulaq asırdılar.
Birinci çadırda yer olmadığı üçün biz şadlıq evinin zalına keçdik. Gözümüzə ilk sataşan məqam masaların üstünün dolu olması və bu zaman heç bir israfçılığın olmamasıydı. Spirtli və sərinləşdirici içkilərdən bir neçə nümunə vardı, salat iki-üç cür, isti yemək isə 3-4 növdə idi – küftə-bozbaş, buğlama, qovurma – Həmid Herisçi demişkən, qazan xörəkləri. Məlum oldu ki, qazan xörəkləri çox dadlıdır və əlavə delikateslərə ehtiyac yoxdur. İnsan öz evindəki kimi qidalana bilər.
Çadır toyunun daha bir üstün məziyyəti üzə çıxdı. Musiqi zalda yox, çadırdaydı və səsi bizə gəlmirdi. Yeyib-içib dəmlənən, kefi kökələn qonaqlar bayıra çıxır, çadırda oynayıb, bir az da hava alıb qayıdırdılar. Zalda musiqinin guruldamaması qonaqların bir-birilə rahat söhbətləşməsinə imkan verirdi.
Biz – keçmişdə və indi eyni redaksiyalarda işləmiş jurnalistlər bir masada oturmuşduq və hər şeydən danışırdıq. Arada Ramin Deko yeni yazacağım kitabda Emil Salamoğlunun mənfi, həm də komik obrazını yaratmağımı xahiş etdi. O da Raminə qarşı kompromatlar səsləndirirdi, guya ki, nə bilim, nə. Bir ara Məmməd Süleymanovu solçu-sağçı polemikasına çəkmək istədik, alınmadı. Vidadi Məmmədov cavan olmasına baxmayaraq, əslində veteran jurnalist olduğu barədə danışdı. Heç demə, o, 1998-ci ildə “Yeni Müsavat” qəzetində keçirilən aclıq aksiyasında Elbəyi Həsənli ilə yanaşı çarpayılarda yataraq aclıq aksiyası keçir. Hətta Vidadinin o günləri göstərən şəkli də var. Az müddət deyil, o vaxtın üstündən 16 il keçib.
Musiqi gurultusu olmaması səbəbindən Qadir İbrahimlini də təbrik edə bildik. Görkəmli iqtisadçımız, dəyərli ziyalımız yeni sayt açır. Saytın adı istiqlal.az olacaq (bu artıq reklam xarakterli informasiyadır), bu həftənin içində işə başlayacaq.
Xüləs, jurnalist qardaşlarla yaxşı söhbətləşdik, dərdləşdik – ta Natiq Cavadlı gələnə qədər. Natiq qardaş adi vaxt danışanda səsi mikrofonla danışırmış kimi çıxdığına görə o gələndən sonra hamımızın səsini batırdı. Hesab elədik ki, yenə toy zalındayıq, daha doğrusu, zal toyundayıq və tamada danışır, biz də ona qulaq asmağa məcburuq.
Toyda israfçılıq söhbəti yox idi, masalara nə gəlirdisə, yeyilirdi, içilirdi, çatmasa yenidən gətirilirdi.
Demək, istəyəndə israfçılığın da qabağını almaq olur, musiqi gurultusunun, zırıltısının da. Yetər ki, istək olsun.
Ona görə də neçə vaxtdan bəri camaatın baş-qulağını “toy və hüzr mərasimlərində israfçılığın qarşısını almaq lazımdır” deyə aparanlar sözdən işə keçsələr yaxşı olar. Bundan ötrü müvafiq qanunlar da qəbul etmək də mümkündür, Balaxanı nümunəsini əsas götürmək də.
Həm də israfçılığa qarşı tədbirlər təkcə hüzr və toy mərasimləri ilə məhdudlaşmamalıdır. Oxucular kəsib-kirimədən yazırlar ki, bəs Gül bayramı necə olacaq. Yazırlar ki, Gül bayramında xaricdən gətirilən güllərə çəkilən xərclərlə ölkədə nə qədər sünnət yaşlı uşaq var, hamısının artıq dəri məsələsini həll etmək, minlərlə gənc cütlüyü evləndirmək olar.
Baxırsan ki, düz deyirlər. Elə olsa daha səmərəli işlər görmək mümkündür. Adı ad, şöhrəti şöhrət, savabı savab. Milyonları Hollandiya gülçüləri yox, öz dəlləklərimiz, aşpazlarımız qazanarlar.
Ən ümdəsi israfçılıq olmaz.