Görkəmli jurnalist, istedadlı yazıçı İlqar Əlfioğlunun təxminən 30 il öncə yazdığı və “Ulduz” jurnalında dərc etdirdiyi “Qorxu” adlı povestində belə məqamlar var: şah rejiminin həbs edib zindana saldığı inqilabçını bir gün azadlığa buraxırlar. Ona məhbəsdə iynə vurub bildiklərinin hamısını danışdırıblar və o özü də bilmədən inqilabçı dostlarının adını çəkib. Azadlığa çıxandan sonra isə hamı onu dışlayır, satqın kimi damğalayır.
Neçə vaxtdır Azərbaycanda baş verən hadisələr həmin ssenari üzrə gedir. Fəalları tuturlar, şərləyib mühakimə edirlər, məhbəsə atırlar, bir müddət yatırdırlar, amma beynəlxalq təşkilatların tələbi ilə onları azad etməyə məcbur olurlar, bu zaman siyasi dustaqları elə-belə buraxmaq istəmirlər, bir çoxuna əfv ərizəsi yazdırırlar, höcətlik edənlərin əvəzinə ailə üzvlərindən əfv ərizəsi alırlar, bir az sıyılanları Fəxri Xiyabana aparıb heykələ baş əydirirlər, bir sözlə, guya ki, adamları “sındırırlar”.
İllərdir ki, “içəridən əfv ərizəsi yazıb çıxanlar”ı töhmətli kateqoriyaya aid edirlər, dışlamaq, yaxın qoymamaq xətti götürürlər.
“Əfv ərizəsi yazanlar”ı qınayanlar çox olur, barələrində “belə etməməliydilər”, “dözməliydilər”, “tez sındılar” kimi sözlər danışılır, hökmlər verilir.
Çox adam “əfv ərizəsi yazıb çıxanlar”ın ailə vəziyyətini, maddi durumunu, psixoloji ovqatını nəzərə almır. Fəvvarələr meydanındakı kafelərdə oturaraq arın-arxayın, asudə şəkildə dünyanın hər cür zövq-səfasından danışa-danışa, sosial şəbəkələrdə dost-aşnayla yazışa-yazışa, Çempionlar Liqasının oyunlarına baxa-baxa “dözməliydilər” demək asandır, çətin olan internetsiz, televizorsuz, dünyaya çıxış imkanlarından təcrid olunmuş vəziyyətdə, ailədən uzaq, dostlardan kənar, dörd divar arasında qalmaq və gələcəyi düşünməkdir.
Buna hər adam tablaşa bilməz. Bunu yalnız o həyatı yaşayanlar bilər, bir də fantaziyası, ağlı çatanlar, ədalət hissinə malik olanlar.
İndi bəzi şəxslər “əfv ərizəsi yazan” “Nida” üzvlərinə qarşı bolşevik düşüncəsiylə sözlər yazırlar.
Olduqca yanlış və zərərlidir. Tək bircə faktdan danışaq. İctimai-siyasi sektorda Rəşadətin oğlu Arazla şəkil çəkdirməyən qalmayıb, amma atası onu bir dəfə körpə oğlunu doyunca bağrına basmayıb.
Bu gənclərin məhbəsdə oturan vaxtıdırmı? Həm də nəyə görə? Tam günahsız olduqları halda, boş yerə…
Onların da arzuları var, onlar da azad olmaq, gəzmək, əylənmək, dincəlmək, işləmək, pul qazanmaq, ailə saxlamaq, cəmiyyətin içində olmaq istəyirlər. Amma iş elə gətirib ki, həbsə alınıblar və onları məhbəsdə saxlayanlar inadkarlıq edir, gəncləri müxtəlif bəhanələrlə azad etmək istəmir, ən azı bir parça kağız alaraq, onların sonrakı ictimai-siyasi fəaliyyətinə əngəl törətməyə çalışır. Və bunu bacarır. Çünki xasiyyətimizi bilir, anlayır ki, o bir parça kağız bu insanların nüfuz dairəsini ən azı 50 faiz daraldacaq, hörmətlərini yarıbayarı azaldacaq. Hətta indilikdə onlara bir söz deməyənlər belə, gün gələcək ki, rəqib olduqlarında, yolları kəsişəndə onlara belə bir töhmət-təhniz edəcəklər: “Siz danışmayın, bu rejimə əfv ərizəsi yazıb azadlığa çıxmısız”. Hətta onları azadlığa çıxmaları qarşılığında üzərlərinə hansısa öhdəlik götürməkdə suçlayanlar da olacaq.
Görə-görə gəlirik, dəfələrlə sınamışıq, belə olacaq.
Bu stereotip darmadağın dağıdılmalıdır. Siyasi fəalların həbsdə uzun müddət saxlanılmasının bir səbəbi də bu mənasız höcətlik, inqilabçı şairlərə məxsus pafosdur. Heç kəsdən “sınmazlıq simvolu”, “dəyanət mücəssəməsi” düzəltmək lazım deyil.
İsraildə əsir düşən əsgərlərin canlarını qurtarmaları üçün əl atdıqları hər bir üsul öz dövlətləri tərəfindən təqdir olunur və cəzaya layiq hesab edilmir. Çünki əsas məsələ əsgərin salamatlığıdır, hansısa pafos predmetləri yox.
Biz də, nəhayət, günahsız həbs edilən insanları psixoloji basqıdan azad etməliyik, onların hansı addım atacaqlarını öz öhdələrinə buraxmalıyıq.
Yoxsa hakimiyyət siyasi fəalları fiziki baxımdan dustaq edir, biz isə psixoloji baxımdan.
Uğurlar olsun, gənclər. Bu yazını sizi tezliklə aramızda görmək arzusuyla yazdım. Ümid edirəm ki, çıxdıqdan sonra bəzilərinə keçən il bu vaxt sizə göndərdiyim “İvan Denisioviçin bir günü” romanı qədər maraqlı şeylər danışacaqsınız.