Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir.
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Goranboyda 7 nəfəri öldürən Hüseynov Rafiq haqda rayondakı mənbədən bəzi məlumatlar əldə etmişik. Mənbənin musavat.com-a verdiyi bilgiyə görə, qatil setka sexində fəhlə işləyirmiş. Arvadıyla mübahisə edib, qadın gecə 1 radələrində atası evinə gedib. Ər onu qaytarmaq üçün qayınatasıgilə yollanıb, lakin qızın valideyinləri ona “yox” cavabı verib. Bundan sonra Rafiq Hüseynov evə gəlib beşatılan silahla arvadının atası evinə hücum çəkib. Sonra da qonşuluqdakı taksi sürücüsünün evinə gedib, ondan maşınını istəyib. Qonşu onun istəyini rədd edəndə R.Hüseynov onun üstünə silah çəkib. Qonşu qaçıb, bu zaman gözü dönmüş R.Hüseynov ona atəş açıb. Lakin güllə qapiya dəyib. Taksi sürücüsü olan həmin adam dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə haqda məlumat verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslər – 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.
Silahlı insident zamanı daha iki nəfər – 1986-cı il təvəllüdlü Namiq Məmmədova və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs – qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb.