“Atena” şirkəti son günlər bir sıra xəbər saytlarında şirkətin istehsal etdiyi süd haqda yazılan yanlış məlumatlarla bağlı müraciət yayıb. Müraciətdə bildirilir:
Medianews.az xəbər verirki, “Son günlər bir sıra xəbər saytlarında “Atena” şirkətinin süd məhsullarının istehsalında kimyəvi maddələrdən istifadə etməsi və bu maddələrin insan sağlamlığı üçün təhlükəli olması, insan ömrünü qısaltması ilə bağlı yayılan məlumatlar əsassızdır. Lazımi qaydalara riayət olunduğu halda qapağı açılmamış “Atena” südü öz keyfiyyətini qoruyub saxlayır. Süd də daxil olmaqla, “Atena” şirkətinin istehsal etdiyi bütün məhsullar 100% ferma südündən hazırlanır və heç bir halda əlavə maddələrdən, qatışıqlardan istifadə edilmir. Fermada sağılan andan qablaşdırılana qədər tamamilə əldəymədən, bütün istehsal prosesi zamanı xüsusi nəzarət altında hazırlanan məhsulların insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. “Atena” süd zavodunda südün keyfiyyətini təmin etmək üçün fəaliyyət göstərən 4 xüsusi laboratoriya dövlət tərəfindən akkreditasiya edilib. “Atena” süd zavodunun fəaliyyəti “ISO 22000” (menecment və gigiyena üzrə beynəlxalq standart) və BRC (British Retail Council) standartlarına tam cavab verir. Hazırda Azərbaycanda bu texnologiya və standartlara sahib süd və süd məhsulları istehsal edən ikinci bir zavod mövcud deyil.
“Atena” süd zavodunda süd məmulatı istehsalı zamanı Azərbaycanda ilk dəfə südün emalında dünyanın qabaqcıl südçülük fabriklərində tətbiq olunan yeni ESL (Extended Shelf Life) texnologiyasından istifadə edilir. Bu texnologiyanın əsas müsbət cəhətləri sterilləşdirmə prosesində təzə südün bütün faydalı xüsusiyyətlərinin saxlanılmasıdır. Tərkibindəki vitamin və mikroorqanizmlərin mühafizə edilməsi üçün “Atena” südü mütləq soyuducuda saxlanılmalıdır.”
Saytda “Atena” südü haqqında yazılanların heç bir həqiqətə söykənmədiyini nəzərə çatdıran şirkət bu faktla bağlı da açıqlama verib:
“Atena” südünün saxlama müdddəti yazıda qeyd edildiyi kimi heç də 1 ay yox, 21 gündür və həm marketlərdə, həm də evdə mütləq soyuducuda saxlanılmalıdır ki, bu barədə südün qablaşdırmasının üzərində də alıcılara xəbərdarlıq edilir. Soyuducuda saxlanılmadığı halda ESL yəni, təbii südün qatığa çevrilməsi tam təbii prosesdir və soyuducuda saxlanılmayan ESL südün xarab olması onun tərkibində heç bir əlavə maddə, qatışıq olmamasına işarədir. Bundan başqa hansısa kimyəvi maddədin südü qatığa çevirə bilməsi ilə bağlı səslənən fikirlər də yalnışdır və nə elmi, nə də praktiki əsası yoxdur. Sözügedən hadisədə südün xarab olması isə məhz onun saxlanma şəraitinin düzgün olmaması ilə bağlıdır. “Atena” südü və süd məhsullarının istehsal prosesi ilə tanış olmaq istəyən hər bir kəsin zavoda və fermaya səfərini təşkil edə bilərik.”
Qeyd edək ki, “Atena” şirkəti sözügedən, yalan və dəqiqləşdirilməmiş informasiyanı yaydığı üçün həmin kütləvi informasiya vasitələrini məhkəməyə verməyə hazırlaşır.