Azərbaycanlı karateçi, 3 qat dünya və 7 qat Avropa çempionu Rafael Ağayevin toy məclisində dava-dalaş saldığı barədə məlumat vermişdik.
Məlumatda idmançının Sumqayıt şəhərindəki şadlıq saraylarının birində keçirilən toy məclisində əvvəlcə ofisiantı ələ saldığı, sonra isə döydüyü bildirilirdi. Ağayevin sonradan şadlıq sarayının inzibatçısını da möhkəm döydüyü iddia olunur.
Məsələ ilə bağlı Publika.az-a danışan idmançı heç kimi döymədiyini bildirib:
“Tamamilə yanlış məlumatdır. Mənim 29 yaşım var. Kimisə ələ salacaq yaşda deyiləm. Hansısa ofisiantı ələ salmağı, alçaltmağı heç vaxt ozümə rəva görmərəm. Mən özüm də vaxtı ilə “konduktor” işləmişəm, nəyə görə onu ələ salmalıyam? Əsla belə şey ola bilməz. Yayılan məlumatın heç bir əsası yoxdur”.
* * * *
Azərbaycanlı karateçi, üçqat dünya və yeddiqat Avropa çempionu Rafael Ağayevlə bağlı xoş olmayan məlumat yayılıb.
Rekord.az-ın yaydığı məlumatda idmançının Sumqayıt şəhərindəki şadlıq saraylarının birində keçirilən toy məclisində dava-dalaş saldığı iddia olunur.
Hadisə şahidlərinin verdiyi məlumata görə, toya dostları ilə gələn dünya və Avropa çempionu özünü heç də yaxşı aparmayıb. Belə ki, o, öncə əyləşdiyi stola qulluq edən ofisiantı ələ salıb. Ağayev əlindəki əşyanı ofisianta verərək, onu digər stolda əyləşən dostuna aparmağı tələb edib. Ofisiant həmin əşyanı göstərilən şəxsə aparıb.
Karateçinin dostu isə eyni əşyanı yenidən Ağayevə qaytarıb. Rafael isə yenidən ofisiantı dostunun yanına göndərib. Beləliklə, dostlar ofisiantı ələ salaraq ötür-ötür oynayıblar.
Bu durumdan bezən ofisiant əlindəki əşyanı yaxınlıqdakı stolun üzərinə qoyub ordan uzaqlaşmaq istəyərkən, ayağa qalxan Ağayev onu vurub.
Maraqlıdır ki, bu zaman ətrafdakılarıdan heç kim olaya müdaxilə etməyib. Bir qədər sonra aranı sakitləşdirmək üçün hadisə yerinə gələn şadlqı sarayının inzibatçsının aqibəti daha pis olub.
Belə ki, dünya və Avropa çempionu qolunun gücünü ona daha pis göstərib və inzibatçını əməlli-başlı əzişdirib. Deyilənə görə, vəziyyəti yaxşı olmayan inzibatçı xəstəxanalıq olub.