Rüşvət alan hakimin (bunu yazanda yadıma Beyrəyin “Mən qopuz çalım, ərə gedən qız qalxıb oynasın” sözləri düşdü) intervüsü çıxıbdır, deyir, əslində məni aldadıblar, rüşvət almamışam. Guya pul aldığı kağızı da yalandan-palandan imzalayıbdır.
Təsəvvür elə, sən gedirsən hakimə deyirsən ki, hakim qardaş, eşitmişəm 200 min manat borcun var, onu verərəm, dilxor olma. Hakim də deyir sağ ol, var ol. Sonra da pulu almamış (əsas budur!) bir kağıza qol çəkib verir adama ki, bəs mən bundan iki yüz min manat aldım. Bir neçə günə pul gəlmir. Ondan sonra hakim zəng vurur adama, deyir pulu vermədin, heç olmazsa kağızı qaytar. Adam da deyir sən öl narahat olma, kağızı cırıb atmışam, pulum yoxdur, üzrlü say. Amma sonra kağızı verir prokurorluğa və MTN-ə.
Vay-vay… Həyatımda bu cür sadəlövh kələk qurmaq cəhdini ilk dəfə görürdüm. Görəsən bu hakim müəllim prokurorluq zəhmətkeşlərini o dərəcədə xam və avam hesab edir ki, indi belə nağıllar uydurur? Sənin boş başın haqqı… İndi elə prokurorlar var ki, Grimm qardaşlarından yaxşı nağıl düzəldir, sən onu aldada bilərsənmi?
Hakimin icra hakimi qayırmaq istədiyi və rüşvət aldığı tip də yetərincə maraqlı şəxsiyyətdir. Qabaqca söz yaydılar ki, guya bu adam icra başçısı olmaq üçün verdiyi pulu Rusiyada biznes-miznes yoluyla topalayıbmış. Lakin indi məlum olur adam heç Rusiya sərhədini də keçməyib, yığdıqları da hamısı milli manatlarımızdır. Bəs hardan yığıb?
Məsələ də elə bundadır! Ona görə “Rusiya biznesi” gopunu ortaya atıbmışlar ki, bu tip uzun illər Bakı Vergilər İdarəsində işləyibmiş! Vergilərdən yığdığı pulla icra hakimi olmaq üçün məhkəmə hakimindən vasitəçilik istəmək – necə gözəl dövlətçilik mexanizmidir! Bəh-bəh… Təbrik edirəm yapist yoldaşları… Hərçənd, niyə mexanizmi pozub adamı tutublar – məlum deyil. Yoxsa 200 min manat az imiş? Məncə də azdır.
Həm də belə işlərdə türkün sözü, “zamanlama” çox önəmlidir. Vaxt var idi camaat hətta 50 min manata icra başçısı olurdu. İndi özümüzün pulumuz çoxdur. O cümlədən, bütün sferaları bir ofşor şirkətinə cəmləşdirib ASAN-yemək konsepsiyasını işə salandan sonra hansısa icra başçısı vəzifəsinə hər yoldan ötəni götürmək də maraqlı deyil. İndi əhalinin şikayət və təkliflərinə qulaq asan, əli “Feysbukla oynayan”, cibində bayraq dirəyi gəzdirən, gözəl-göyçək kadrlar lazımdır. Belə desək, qatar onsuz da getmir, relsləri dağıdıb aparmışıq, heç olmazsa pərdələri yelləyin, qıraqdan baxan getdiyimizi zənn eləsin.
“Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Ancaq bunlar sistemli şəkildə deyil”. Bu qorxunc fikirləri isə deputatxanamızın srağagün Avropa Parlamenti əleyhinə verdiyi bəyanatdan çırpışdırmışam. Ağ eləyiblər. Bu demokratiya oyunları ilə gül kimi dövlətçiliyimizi yıxacaqlar. Necə yəni hər şey tam qaydasında deyil? Siz nə boş-boş danışırsınız? Gələn il təzədən siyahıya düşüb deputat olmaq fikriniz yoxdurmu?
Bizdə insan haqları nə sistemli, nə sistemsiz pozulmur. Sadəcə, arada o vergi işçisi kimi safqanlı hakimlərə torba tikən yaramazlar olur. Hesab edirəm Milli Məclis bu bəyanatına təzədən baxmalıdır. İnsan haqlarının pozulması faktları deyərkən Oqtay Əsədov nəyi nəzərdə tutur? Açıqlama versin, biz də bilək.
Yeri gəlmişkən, bir psixoloq-falçı-jurnalist-zırrama da var idi, bir sürü idiotun hesabına özünə yaxşı ev-eşik qurmuşdu, nədənsə o da tutuldu. Sirli məsələdir. İndi onun istintaqı gedir, məlum olub adam hətta villasına metlax döşəyən fəhləyə qarşı da dələduzluq edibmiş, onun zəhmət haqqını kəsibmiş.
Ola bilsin deputatxana “sistemsiz insan haqları pozuntuları” deyəndə məhz o fəhlənin verilməyən maaşını nəzərdə tutubdur. Elədirsə afərin deyirik!