UEFA Futzal Kubokunun əsas mərhələsinin oyunlarına start verilib
Oktyabrın 1-də UEFA Futzal Kubokunun əsas mərhələsinin oyunlarına start verilib.
ANS PRESS-in məlumatına görə, Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsisçisi olduğu İngiltərə çempionu “Baku United” “ölüm qrupu” sayılan 5-ci qrupda İtaliyanın “Luparense”, Serbiyanın “Ekonomak” və Yunanıstanın “Afina 90” klubları ilə mübarizə aparır.
İlk oyunda “Baku United” turnirin favoritlərindən biri sayılan İtaliya çempionu “Luparense” ilə qarşılaşmış və əsas mərhələnin ən böyük sürprizini edərək rəqibini 6-2 hesabı ilə darmadağın etmişdir. “Bakılılar” xüsusən 1-ci hissəni yüksək səviyyədə keçirərək rəqib qapısına cavabsız 4 qol vurmuşdur. İkinci hissədə italyanlar hücuma atılaraq ardıcıl 2 qol vurmağa müvəffəq olmuşlar. Bununla belə, “Baku United” rəqibinə oyunda dönüş yaratmağa imkan verməmiş və daha 2 qol vuraraq 6-2 hesablı qələbə qazanıb.
“Bakılılar”ın heyətində 3 qol vuran Tobe fəallığı ilə seçilmişdir. Komandanın lideri Marselo da hesabına 2 qol yazmış, daha bir qolu isə Conatan vurub.