Və ya “Şər deməsən, xeyir gəlməz!..”
Doğrudan da, “dil çaşıb düzünü söylər” deyib atalar. Deputat Fəzail Ağamalının qəzetimizə verdiyi son açıqlamasındakı bir fikir bu yazıya mövzu oldu. Bildirmişdi ki, “Azərbaycanda hakimiyyət dəyişikliyi yalnız terror yolu ilə mümkündür”. Bu sözləri o, İŞİD qruplaşmasının ölkəmizə nə dərəcədə təhlükə törətdiyi haqda sualı cavablandırarkən söyləmişdi.
Başqa bir sual da elə burdan doğur ki, bəs seçki yolu? Həqiqətənmi bu məmləkətdə hakimiyyətin ayrı, dinc vasitələrlə, seçkilərlə dəyişmək variantı qalmayıb və həqiqətənmi cənab Ağamalı seçki yolunu da istisna edir? Nəhayət, bunu ehtiyatsız bir ifadə kimi qəbul edək, yoxsa düşünülmüş bir açıqlama kimi?
Görəsən, Fəzail bəyin qoyulan suallara cavabı nədən ibarət olacaq? Axı, hakimiyyətlərin seçki ilə dəyişmədiyi ölkələrdə bir qayda olaraq başqa metodlar – üsyanlar, qiyamlar, inqilablar işə düşür, qaçılmaz olur. Biz hələ daha dağıdıcı prosesləri demirik. Hansıları ki, biz bu dəqiqə regionumuza çox da uzaq olmayan coğrafiyada əyani müşahidə eləməkdəyik – XXI əsrin bəşəriyyətə ən böyük sürprizi kimi.
Söhbət də ondadır ki, İŞİD-in yaratdığı qlobal təhlükəyə qarşı effektli mübarizə ən birinci olaraq özündə hakimiyyətlərin legitimliyi zəruriliyini, ardınca ictimai-siyasi qüvvələr də daxil cəmiyyətlərin aşağıdan-yuxarı monolitliyi və sabitliyi şərtini diktə edir. Təsadüfi deyil ki, bu təhlükə ilk olaraq Suriyada özünü göstərməyə başladı, çünki Bəşər Əsəd beynəlxalq birliyin, qonşu Türkiyənin israrlı tələblərinə rəğmən, zamanında özünün legitimliyi qeydinə qalmadı. Əgər o, vaxtında azad və ədalətli seçki keçirib hakimiyyəti qalib siyasi qüvvəyə təhvil versəydi, bu boyda qırğın-qiyamət də olmaz, içindən İŞİD-in pırtlayıb çıxdığı ən geniş müxalif koalisiyaya tuş gəlməzdi.
Əlbəttə ki, Azərbaycanın Suriya ilə müqayisəsi qüsurlu ola bilər. Hər ölkənin öz özəllikləri var sözsüz ki. Amma Azərbaycan əhalisi də dünyəvi Suriyanın toplumu kimi müsəlmandır və İŞİD-çilərin potensial hədəfindədir, həmçinin, hər iki ölkə terror qruplaşmasının “xəyali xəritəsi”nə daxildir. İŞİD təhlükəsi isə artıq indi heç kimi seçmir – istər yaxın-uzaq hakimiyyətlər olsun, istərsə də müxalifət və cəmiyyətlər, eyni potensial hədə ilə üz-üzədir. O cümlədən Azərbaycan. Bəs çıxış yolu?
Birinə toxunuldu. Azərbaycanda hakim qüvvə vaxt itirmədən hakimiyyət qollarının legitimliyi barədə düşünməli, habelə daxili ictimai-siyasi narazılığı səngitməyin digər üsullarından yararlanmalıdır. O sırada siyasi dustaqların azadlığa buraxılması, ölkədə tənqidi fikrə minimum səviyyədə şəraitin yaradılması, modern islamın təbliği və maarifləndirmə işlərinə “yaşıl işıq” yandırılması və s. kimi addımlar aini-İŞİD immunitetini əhəmiyyətli dərəcədə gücləndirərdi.
Yəni söhbət hakimiyyəti qeyri-seçkilər yolu ilə, o sırada Fəzail Ağamalının təbirincə desək, terrorla dəyişdirilməsi üçün yarana biləcək zəmini təcili aradan qaldırmaqdan, radikal ekstremistlərin müxtəlif şirnikləndirici vədlərlə narazı xalqın saqqızını oğurlanmasına qarşı tədbir tökməkdən gedir. Hələ vaxt var. Hələ bütün imkanlar və şanslar yaxşı ki, əldən buraxılmayıb.
“Bəla bizdən hələ çox uzaqdır, arada İran, Türkiyə var” deyibən arxayınlaşmaq zamanı deyil. Unutmayaq ki, zahirən sabit görünən o qədər ölkə olub ki, bircə günün içində qarışıb, daxilində vətəndaş müharibəsi alovlanıb. İş-işdən keçəndən, Allah eləməmiş terrordan sonra nə seçki? Seçkinin alternativi yoxdur – burası bəlli. Amma bir şərtlə – zamanında keçirilən seçkinin…
Bu aforizmi yazılarda ara-sıra işlədirik. Yeri gəlib bir də təkrarlayaq: deyirlər “Ağıllı adamla müdrikin fərqi odur ki, birinci istənilən qəliz vəziyyətdən məharətlə çıxır, müdrik insan isə bu vəziyyətlərə ümumiyyətlə, düşmür”.
Kimin müdrikliyi çatmırsa, müdriklərdən məsləhət alsın.