Əməkdar artist Baloğlan Əşrəfovun Milli.Az-a müsahibəsi.
– Baloğlan müəllim, yaradıcılığınızda hansı yeniliklər var?
– Yaradıcılıq hər bir peşəkar müğənninin həyatıdır, həyat tərzidir. Bu olmasa, müğənni yaşaya bilməz. Bir neçə mahnım var ki, hələ onlara toxunmamışam. Hazırda yayımlanan mahnılarım tamaşaçılar tərəfindən sevildiyi üçün həmin mahnılara o qədər də ehtiyac duymuram. Oktyabrın 8-də ad günümdü. Bir çox telekanallarda çıxışlarım, konsertlərim olacaq.
– Həmin mahnılar öz bəstələrinizdir?
– Bəli, öz bəstələrimdir. Bəstəkar Sevda Məmmədlinin “Sən özgənin, mən özgənin” adlı bir mahnısını da oxumuşam. Sözləri şair Ağazahidindir. Deyilənə görə bu cür mahnılar mənim ifamda yaxşı alınır.
– Əvvəl tez-tez solo konsertləriniz olurdu. Amma son vaxtlar, demək olar ki, konsert verməmisiniz.
– Konsert zalı, yaxud başqa bir problem yoxdur. Konsert verməməyim özümlə bağlıdır. Hətta bir neçə konsert salonundan belə təkliflər də gəlib. Amma fonoqramla oxumadığıma görə istədiyim an konsert verə bilmərəm. Buna məşq lazımdır. Konsert proqramım hazırdı. Hələ ki, boş vaxt tapa bilmirəm. Həm də repertuarımda yenilənmə prosesi gedir.
– Nə vaxtsa sırf estrada janrında mahnı oxumaq fikriniz var?
– Azərbaycan radiosunda estrada janrında ifa etdiyim mahnılar var. Eldar Mansurov və Cavanşir Quliyev bəstələri olan həmin mahnıları mənim oxuduğumu özümdən başqa heç kim bilmir. Sadəcə, məni öz ifama, tərzimə görə sevirlər.
– On il öncə ildə bir dəfə konsert verən sənətçilər də deyirlər ki, konsert vermək sərf eləmir. Nə dəyişib ki?
– Konsert verən dostlarımızın Allah canını sağ eləsin. Ola bilər ki, biletlərin müəyyən qismi tanış-bilişə hədiyyə olunur, satılır. Mən onları qınamıram. Öz konsertlərimdə doğmalarıma belə, bilet verməmişəm. Kim məni istəyirsə, getsin, kassadan alsın.
– Yəqin ki, inciyənlər də olub…
– Mənim xarakterimə bələddilər. Həm də mən təşkilatçı ilə müqavilə bağlayıb qonorarımı alıram. Həm qonorar, həm də bilet ala bilmərəm axı təşkilatçıdan.
– Klip çəkdirmək fikriniz yoxdur ki?
– “Sən özgənin, mən özgənin” mahnısına klip çəkdirmək istəyirəm. Gözəl, lirik bəstədir.
– Rejissor müəyyənləşib?
– Bir rejissor mənə müraciət edib. Hələ bir az naz eləyirəm.
– İndiyə kimi pedaqoji fəaliyyətiniz olub?
– O mümkün deyil. Mənim yaradıcılığım, ifa tərzim tamam ayrı cürdür. Onu mən heç kimə öyrədə bilmərəm. Allah vergisi olmalıdır. Bizim gözəl muğam ifaçılarımız var. Onlar standart ifalar edirlər. Amma mən bir dəfə oxuduğum mahnını, ikinci dəfə başqa cür ifa edirəm. Hətta sifariş versələr belə, eyni formada oxuya bilmərəm.
– Sizin tərzinizdə oxuyanlar da var.
– Burada bədii savad da lazımdır. Təkcə səs oxşarlığı ilə iş bitmir. Ayrı-ayrı ifaçılar dəfələrlə müraciət ediblər, demişəm ki, mümkün deyil. Mənə hələ özüm öyrənirəm.
– Belə fikirlər var ki, yaşlı, təcrübəli sənətkarlar bildiklərinin hamısını öyrətmirlər. Ola bilərmi bu, həm də qısqanclıqdan irəli gəlir?
– Allaha and olsun elə şeylər məndən uzaqdır. Sadəcə, hiss edirəm ki, bildiklərimi heç kəsə aşılaya bilmərəm. Mən də istərdim ki, davamçım olsun. Çünki sabah mən öləndən sonra oxuduğum janr da öləcək. Mənə oxşayan səs də var, amma savad yoxdur.
– Son diskiniz nə vaxt çıxıb?
– Yadımda deyil.
– Nə əcəb disk buraxmırsnız?
– İndi disk zəmanəsi deyil axı.
– Vaxtında disklərinizdən qazanmısınız?
– Bəli, qazanmışam. Amma qazandığım qeyri-rəsmi olub. Zamanında Amerikada, Avropada milyonlarla diskim satılıb. Onlardan heç olmasa, beş faiz gəlir əldə etsəydim, indi milyonçu idim. Elə də olurdu ki, kimsə kasetimi istehsal edib satırdı, gətirib mənə də hörmət edirdi.
– Sizcə, müğənnilər niyə piratlarla bacarmırlar?
– Bunun üçün qanun olmalıdır, bizlik deyil.
– Hansı bölgənin toylarında daha çox olursunuz?
– Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada mənə tələbat olmasın.
– Toyda olmadığınız kənd var?
– Elə bir kənd yoxdur. Elə kənd var ki, mən ora on dəfələrlə getmişəm. Müğənni harasa bir neçə dəfə gedirsə, deməli, orada sevilir.
– Gənc ifaçılar azca tanınan kimi toy qiymətlərini qaldırırlar. Sizdə isə qiymətlər nadir hallarda dəyişir.
– Mən xalqla yaşayıram.
– 10-15 minə toya gedənlər var…
– Qudurğan insanların qazandığı pulu qudurğan müğənnilər alırsa, Allah onlara da can sağlığı versin.
– Təqsir həmin ifaçılardadır, yoxsa onlara o qədər pul verənlərdə?
– Nə bilim Allah hər ikisinə can sağlığı versin.
– Bir az da azarkeşi olduğunuz futbol haqda soruşum. “Qarabağ”ın Avroliqadakı oyunlarına baxdınız?
– Əlbəttə, baxdım. Dəfələrlə demişəm ki, “Qarabağ” Avropada Avropa futbolu oynayır. Amma Bakıya qayıdan kimi azərbaycanlılaşır. Avropada nə qədər çox oyun keçirsələr, o qədər yaxşı nəticələr qazanarlar. Müəyyən nöqsanlar var ki, onları da Qurbn Qurbanov düzəldər.
– Sizcə, “Qarabağ” qrupdan çıxa biləcək?
– Cədvələ baxanda, ümid edə bilirəm. “Dnepr”lə oyundan sonra hər şey bilinəcək.
– Millinin oyunlarına baxırsnız?
– Bu sözü bir neçə dəfə demişəm və yenə də təkrar edirəm. Milli çempionatda axırıncı yerdə gedən komandamız milli komandamızdan güclüdür.
– Niyə vəziyyət belədir?
– Millidə öz oyunçularımızdır axı. Mən Foqtsu qınamram, oyunçuların özlərinin keyfiyyəti yoxdur. Avropayla ayaqlaşa bilmirik.
– Duet oxumaq fikriniz var?
– Duet oxumaq üçün mahnılarım var. Solo ifalarım daha çox bəyənildiyindən duetlərə əhəmiyyət vermirəm.
– Gənclərdən təkliflər var?
– Əlbəttə var.
– Kimlərə qulaq asırsınız?
– Təyyar Bayramov, Babək Niftəliyev, İlkin Əhmədova qulaq asıram. Qızlardan isə Güllü Muradova və Kamiləni bəyənirəm.