“Space” telekanalının “gülərüz və mehriban” aparıcısı, məşhur “baxıcı-ekstrasens”, psixologiya üzrə “fəlsəfə doktoru”, uzun müddət insanların ülvi və hətta intim hissələri ilə alver edib oynayan İlham Mirzəyevi indi rəsmən dələduz adlandırmaq olar. Çünki Nərimanov Rayon Məhkəməsi artıq onu Cinayət Məcəlləsinin (CM) dələduzluq maddəsi üzrə təqsirli bilərək 4 il yarım müddətinə azadlıqdan məhrum etmək haqda qərar çıxarıb.
Təbii, hökm təqdiredicidir. Hər halda, bildiyimiz qədər Mirzəyev CM-in həmin maddəsi ilə nəzərdə tutulan cəzanın kifayət qədər yüksək həddinə layiq görülüb. Onun az-çox tanınmış bir fərd və uzun illər ictimai rəyə təsir imkanlarına malik olması cəzanın ictimai-tərbiyəvi əhəmiyyətini artıran məqamlardan sayıla bilər.
Məhkəmənin (ədalətli) hökmünün əsas hədəfi nədir? Əlbəttə ki, cəmiyyətdə cinayətlərin qarşısını almaq, cinayətkarları islah eləmək, bəd niyyətlilərə ibrət vermək. Əfsus ki, hər iki sahədə Azərbaycanda vəziyyət, yumşaq desək, ürəkaçan deyil. Toplumu, əməlisaleh insanları təngə gətirmiş dələduzları bir ucdan tutursan, o biri ucdan yeniləri peyda olur.
Fakt budur ki, ölkədə cinayətkarlıq nəinki azalmır və potensial cinayətkarlar nəinki cəzadan çəkinib eləmirlər, bəlli olur ki, hələ “papaq altında”, yan-yörəmizdə, telekanallarda nə qədər belələri var.
Mirzəyev insidenti göstərdi ki, onların bəziləri yüksək səviyyədə himayə olunmaqda, siyasi qanad altında saxlanılmaqdadır. Bu mənada bu cür əməllərin, uzun müddət cəzasız qalmağın və təkrarlanmanın mühüm səbəblərindən biri sözsüz ki, Azərbaycanda qanunun aliliyi probleminin dərinə işləməsidir.
İkinci səbəb məhkəmələrin müstəqil olmamasıdır. Doğrudur, konkret halda, Nərimanov məhkəməsinin qərarı yerindədir. Amma ümumən ictimai rəydə çoxdan belə mövqe daşlaşıb ki, Azərbaycanda rüşvətlə, başqa qanunsuz yolla məhkəmə hökmlərinə hər an təsir göstərə bilərsən. Demək, eyni cinayəti təzədən edib təzədən “bəraət” almaq mümkün hesab edilir.
Yəni “qurunun yerinə yaşın da yanması” məsələsi. Bu durum əlbəttə ki, ədalət məhkəməsinin fəlsəfəsinə daban-dabana ziddir və xalqın təkcə femidaya, hüquq-mühafizə sisteminə deyil, hakimiyyətin bütün qollarına inamını sarsıdır. Nəticədə o, özünə qapanır, ədaləti “samosud”da – linç məhkəmələrində görür, cinayətkarla özü necə bacarır, elə də haqq-hesab çəkir.
Sadalanan səbəblərdən Azərbaycanda son 10-15 ildə ev-mənzil biznesində vətəndaşların total aldadılması ilə müşayiət olunan dələduzluq halları səngimək bilmir. Ancaq məntiqlə “GEN” MMC tikinti şirkətinin keçmiş başçısı, fırıldaqçı Elbrus Əliyevin, onun ardınca bu qəbildən daha neçə-neçə iri çaplı, tanınmış dələduzun həbsi ilə bu növ cinayətkarlıq minimuma enməli idi. Fəqət, əksi oldu. Çünki belə dələduzluq üçün münbit sosial-siyasi zəmin qalır. Azərbaycanda kimsə həmişə kiməsə arxayındır ki, filankəs ilişdi, amma mənə bata bilməzlər və s.
Təbii, dələduzların bəslənib yetişdirilməsində cəmiyyətin də məxsusi payı var. Aldanan insanları nəzərdə tuturuq. Axı, hər kəs bu tip məsələlərdə aldana biləcəyini qısa zamanda, çox asanca dəqiqləşdirmək iqtidarındadır. Niyə insanlar bunu etmir? Nədən iş-işdən keçəndən, hələ başqalarını da özünün tutduğu yanlış yola sövq edib peşman olandan sonra “zərərçəkən” məhkəməyə, polisə üz tutur – nə vaxt ki, it də gedir, ip də?!.
Bir də görürsən ki, üzr istəyirik, hansısa gənc xanım İlham Mirzəyev kimi cadugər-fırıldaqçıya böyük paralar xərcləyir ki, “Allah ona oğul övladı” nəsib eləsin. Halbuki, tibdən azacıq məlumatı olsaydı, bilərdi ki, övladın qız və ya oğlan olması 100 faiz ərdən asılı məsələdir. Di gəl, cahillik, mövhumat mane olur, insanı dələduzlara tərəf yönəldir.
Evimizi yıxdı mövhumat… Dələduzluğu da, irili-xırdalı digər fırıldaqçılığı da qidalandıran əsas qan damarları odur – cahillik və mövhumat…