Azərbaycanın tikinti sektorunda aparıcı yerlərdən birini tutan və 10 ildir dövlət büdcəsindən maliyyələşdirilən “yağlı” layihələrdə podratçı olan “AS Group” şirkətinin Rusiyada “ucuz mikrorayon” layihəsi ətrafında qalmaqal var.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin Nijniy Tagil şəhərində büdcə vəsaiti hesabına “Aleksandrovskiy” adlı mikrorayonun tikintisi layihəsini üzərinə götürən bu şirkət şəhər meriyası ilə sövdələşərək qanunları pozmaqda ittiham olunur.
“Aleksandrovskiy” mikrorayonunun layihəsi
Yerli “Mejdu strok” agentliyinin məlumatında deyilir ki, “AstraStroyKompleks” adlı şirkət “AS Group”un mikrorayon layihəsi üçün təsis etdiyi törəmə şirkət olan “AS Stroitelnaya kompaniya” şirkətindən Federal Antiinhisar Xidmətinin Sverdlovsk vilayəti üzrə idarəsinə, vilayət və şəhər prokurorluğuna, həmçinin Nijniy Tagil Şəhər Dumasına şikayət ərizəsi göndərib.
“AstraStroyKompleks” şirkəti dollar milyarderi Dmitri Pumpyanskinin “Sinara Development” adlı holdinqinə bağlıdır.
Dmitri Pumpyanski Dmitri Medvedyevlə
Ərizədə deyilir ki, “Aleksandrovskiy” mikrorayonunun tikintisi üçün torpaq icarəsi tenderinin qalibi olan “AS Stroitelnaya kompaniya” şirkəti və Nijniy Tagil administrasiyası hərracların və tenderlərin keçirilməsinə dair Rusiya qanunlarını pozur.
Ərizədə deyildiyinə görə, Azərbaycan şirkəti torpaq sahəsindən istifadəyə dair bağladığı icarə müqaviləsi əsasında ödəməli olduğu icarə haqqını ödəmir. Bununla bağlı şirkət müvafiq orqanlardan bu qanunsuz hərəkətin qarşısının alınmasını xahiş edir.
Federal Antiinhisar Xidmətinin Sverdlovsk vilayəti üzrə idarəsindən bildiriblər ki, onlar ərizəni alıblar, lakin ərizə savadsız tərtib olunduğundan geri qaytarılacaq. Eyni zamanda idarədən eyham vurublar ki, ərizəni heç də “AstraStroyKompleks” şirkəti göndərməyib, çünki onlar şirkətlə əlaqə saxladıqla belə ərizə göndərmədiklərini deyiblər.
Şirkətdən isə belə ərizənin olduğunu nə təsdiq, nə də təkzib ediblər.
Bəs məşhur rusiyalı milyarderin şirkəti nədən Azərbaycan şirkətinin Nijniy Tagil büdcəsinə ödəməli olduğu icarə haqqı ilə maraqlanır və nəyə görə ondan şikayət edir?
Agentliyin bildirdiyinə görə, Nijniy Tagil meriyasında bununla bağlı müxtəlif versiyalar irəli sürüblər. Bura potensial rəqibin sıradan çıxarılması üçün preventiv zərbədən tutmuş məşhur şirkətin adından kimlərinsə təxribata əl atmasına qədər müxtəlif versiyalar daxildir.
“AstraStroyKompleks”in Nijniy Tagildəki tikinti biznesi
Lakin “AstraStroyKompleks”in Nijniy Tagildə ucuz mənzillərdən ibarət mikrorayon tikintisi layihəsini ələ keçirmək istədiyi ağlabatan deyil. Çünki bu şirkət regionda iri layihələrdə iştirak edir və ucuz mənzillərdən ibarət mikrorayonun tikintisi ona sərfəli deyil.
Bu səbəbdən əsas ehtimal mer Sergey Nosovun “vurulması”dır. Belə ki, Azərbaycan şirkətinin himayəçisi kimi məhz mer göstərilir. Milyarder Dmitri Pumpyanski və qubernator Yevgeni Kuyvaşev isə S.Nosovu görmək istəmirlər, çünki o, qubernatorluğa potensial namizəddir.
Belə məlum olur ki, hələ milyarderin şirkətinin adından göndərilən şikayət ərizəsindən əvvəl də Azərbaycan şirkəti ilə bağlı çoxlu suallar olub. Bu ilin aprel ayında Nijniy Tagil meriyası məlumat yayıb ki, arzu edənlər artıq indidən “Aleksandrovskiy” mikrorayonunda ucuz mənzillər almaq üçün müqavilə bağlaya bilərlər.
Sergey Nosov
“AS Group” şirkətinin direktoru Andrey Patrakov isə Nijniy Tagildə bu layihənin təqdimatını təşkil edib.
Yerli mətbuat isə yazıb ki, bu tikinti şirkətinin imici ilə bağlı ciddi şübhələr var. “AS Group”un Nijniy Tagildəki fəaliyyəti ancaq kağız üzərindədir, onun nə ofisi, nə şəhər telefonu, nə əməkaşları var. Andrey Patrakov isə təqdimat zamanı hamıya üzərində Bakı şəhərində ünvan və telefonların göstərildiyi vizit kartları paylayıb. Şəhər meriyasındakı mənbələr isə deyiblər ki, bu şirkət mikrorayon üçün torpaq icarəyə götürsə də heç nə tikməyə hazırlaşmır və hətta torpaq icarəsinə görə büdcəyə ödəməli olduğu vəsaitin 150 milyon rublunu köçürməyib.
Buna baxmayaraq şirkət hələ tikintisinə belə başlamadığı evlərdə “münasib qiymətə” mənzilləri müştərilərə təklif edir.
Bəs “AS Group” şirkəti haqda Azərbaycan oxucularına nə məlumdur? Bu şirkətin əsl sahibi, yaxud sahiblər kimdir?
Yollarda üzərində bu şirkətin loqosu olan tikinti texnikasına tez-tez rast gəlmək mümkündür. Şirkətin saytında yerləşdirilmiş məlumatlardan bəlli olur ki, “AS Group” 2003-cü ildə yaradılıb, Azərbaycanda büdcə vəsaitləri hesabına həyata keçirilən iri infrastruktur layihələrində tez-tez podratçı və subpodratçı kimi yer alır və almaqdadır.
Şirkətin başa çatdırdığı layihələr arasında Gəncədə metal-pokat zavodu üçün bina və texnoloji avadanlıqların tikintisi, quraşdırılması, Məcburi Köçkünlərin Sosial Müdafiə Fondunun sifarişi ilə Göygöldə 26 fərdi binadan ibarət yaşayış sahəsi, yenə də həmin fondun sifarişi ilə Qəbələdə qaçqınlar üçün məhəllənin tikintisi, Dövlət Gömrük Komitəsinin sifarişi ilə bir neçə sərhəd-gömrük məntəqəsinin inşası, Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə Kür və Xram çayları boyu sahilbərkitmə işləri və s. daxildir.
Hazırda şirkət Dövlət Neft Fondunun binasının tikintisi də daxil olmaqla bir sıra digər layihələrdə də podratçı kimi yer alır. Tikinti ilə yanaşı tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrə də malikdir.
Bir sözlə, Azərbaycanın tikinti sektorunun aparıcı oyunçularından biridir və Rusiya, Gürcüstan kimi qonşu ölkələrə də istiqmətlənib. Ancaq şirkətin səhmdarları barədə informasiya qapalıdır. Direktoru isə yuxarıda deyildiyi kimi, Dmitri Patrakovdur.