Partiya üzvü olan hər kəsin istədiyi gün təşkilatdan ayrılmaq haqqı var. Bu, onun eksklüziv hüququdur və kimsə tərəfindən əlindən alına bilməz. Ancaq partiya üzvü olan və üzvlüyünü dayandırmaq istəyən şəxslərin bunu mütləq ictimailəşdirməli olması kimi bir öhdəliyi yoxdur. O və başqaları bunu etməyə də bilərlər.
Partiyaya daxil olarkən bunu etməmisənsə, yəni mətbuat konfransı keçirib partiyaya daxil olduğunu təntənəli şəkildə ictimaiyyətə bildirməmisənsə, çıxanda da etməyə bilərsən.
Yox, dünənə qədər, şair demişkən, “bəşərin vicdanı, eşqi, ürəyi” saydığın, dediyin, “doğma, əziz” partiyandan çıxmağını el-aləmin bilməsini istəyirsənsə, bu, artıq adi küskünlük deyil, nəsə başqa bir nüansı da var.
Bu, acıq çıxmaq, qisas almaq, zərbə vurmaq da ola bilər, kimlərinsə səhv yolda olduqlarını başa salmaq cəhdi də.
Ancaq hər bu kimi ayrılışların başlıca motivi dəyişməzdir. Bütün istefalar həmin partiya daxilində olaraq perspektiv görməmək düşüncəsindən doğur.
İnsanlar belədirlər, ömürlərinin bir yarısını bir ideyaya həsr edə, bir məqsəd uğrunda mübarizəyə xərcləyə, fədakarlıqlar edə, əzabkeş ola bilərlər, amma bir gün yorulur, usanır, bezirlər və az qala getmək üçün bəhanə axtarırlar.
Bəhanə və ya səbəb axtardınsa, onu tapacaqsan. Heç kəs olmasa da, o səbəbi sənə öz partiyadaşların yaradacaq, ya da bəhanə verəcəklər.
Bəzən mövcud rejimin repressiyasından, yaratdığı məhrumiyyətlərdən qorxmayan şəxslər öz liderlərinin adi bir ehtiyatsız sözündən, ya da təşkilat daxilindəki adi bir haqsızlıqdan (yaxud haqsızlıq hesab etdiyi bir şeydən) qırılırlar və bunu ölümcül zərbə kimi qarşılayır, həzm edə bilmirlər.
Qurultaydan sonra Müsavat Partiyasından istefa verənlərin hadisəsində bu faktorların hamısı var. Gerçək olan odur ki, indiyədək bu şəxsləri bir partiya daxilində saxlayan faktor bəzilərini artıq saxlaya bilmir.
Burası dəqiqdir ki, partiya sırf ali ideallar və yalnız saf məfkurə uğrunda mübarizə aparan insanların toplumu deyil. Orada hər cür adamlar da ola bilər – karyeristlər, kəmfürsətlər, şöhrətpərəstlər və başqaları.
Onlar döngələrdə heç də səbatlı olmayacaqlar, niyyətlərinin reallaşmaq imkanından uzaq olduğunu görüncə gedəcəklər. İnciyənlər də o cümlədən.
İllərdir belədir. Ölkədə fəaliyyət göstərən hər bir partiyanın başına bu cür işlər gəlib. Zaman-zaman Müsavatdan da qopanlar olub. Onların arasında sakit gedənlər də, gedişini ictimailəşdirib ajiotaj yaratmağa çalışanlar da tapılıb.
Fəqət bu dəfə vəziyyət bir az fərqlidir. Gedişlərini ictimailəşdirərək gedənlərlə yanaşı, narazılıqlarını içində boğub bir kənara çəkilənlər, bunu çox adama deməyən və gedişini rəsmiləşdirməyənlər də var. Getməyi düşünən, ancaq abrına qısılanlan narazıların varlığı da hiss olunur.
Bu bir çətin dönəmdir, sınaq anıdr və köklü partiyalar bu cür qopmalardan sarsılan deyil. Əsas odur ki, partiyanın yeni rəhbərliyi ölçülü-biçili, təmkinli siyasət yeritsin, tərəddüd edənləri son addıma tətikləyəcək qərarlar və açıqlamalar verməsin.
Bir də gedənlərin asılıb-kəsilməsi, pislənilməsi ənənəsinə son qoyulmalıdır. Bunu xəyanət kimi qələmə vermək olmaz. Çünki partiya üzvü olmaq hər halda ailə qurmaq deyil ki, ayrılanda qalmaqallı olsun. Üstəlik, bir partiyadan ayrılan şəxslər başqa partiyalarda fəaliyyətlərini və mübarizələrini davam etdirə bilərlər.
Təşkilat daxilində fikir və mövqe ayrılığına görə, hansısa mənsəb uğrunda mübarizədə toqquşaraq, uduzaraq ayrılmaq qərarı verənləri dərhal satqınlıqda, xəyanətdə ittiham etmək gələcək əməkdaşlıqların, müttəfiqliklərin də qarşısını alır.
Daha da güclənmək istəyən partiyaların liderləri, xüsusilə də orta ranqlı funksionerləri (təcrübə göstərir ki, bu kimi hallarda onlar daha aqressiv olurlar) istefa haqqında xəbərləri maksimum səbr və təmkinlə qarşılamalıdırlar.
Gedənlərə və getmək istəyənlərə isə artıq klassik bir cavab var: “Getmək istəyirsən, bəhanəsiz get”, köhnə xatirələri oyatma, bəyanatı bəyanata calama, hissə qapılıb zərbə vurmağa çalışma və bil ki, hara getsən də, bu arada olacaqsan, bu meydandan çıxa bilməyəcəksən.