Türkiyənin Milli İstihbarat Təşkilatı İŞİD-in silah ticarətində nəqd pul istifadə etmədiyi faktını ortaya çıxarıb.
Avropa.info xəbər verir ki, Türkiyənin İŞİD-dən neft aldığı və sərhəd ticarəti aparması məlumatı da boş çıxıb. Maliyyə, kəşfiyyat, təhlükəsizlik orqanlarının apardığı araşdırmada Türkiyə ərazisində İŞİD-in hər hansı pul izinə rast gəlinməyib.
Kəşfiyyat araşdırmalarından məlum olub ki, İŞİD silah ticarətinin pulunu nəqd deyil, barter üsulu ilə ödəyir. Vasitəçi rolunu isə dünyanın qabaqcıl silah tacirləri həyata keçirir.
İŞİD-dən silah əvəzi alınan neftin İraqda böyük anbarlarda saxlandığı müəyyən olunub. Neft qarşılığında silah satan tacirlər isə dünyanın nəhəng silah şirkətlərinin maraqlarının təminatçısı rolunda çıxış edirlər. İŞİD məsələsində Türkiyənin hədəf göstərilməsi məhz həmin şirkətlərin biznesini pərdələmək hədəfi daşıyır. Türkiyə ilə yanaşı Avropa Birliyi ölkələrində də İŞİD-in fəaliyyəti zəifdir.
İŞİD dünyanın ən varlı silahlı qruplaşmalarındandır. İŞİD Mosuldakı İraq Mərkəzi Bankının 429 milyon dollar ehtiyatını ələ keçirmişdi. Bundan başqa, İraq və Suriyadan çıxardığı nefti satmağa davam edir. Gündəlik çıxarılan neftin gəliri 2-3 milyon dollardır.
İŞİD neft ehtiyatlarından əlavə strateji qida olan buğdaya sahibdir. Qruplaşmanın əldə etdiyi məhsulu Mosul dəyirmanlarında üyütdüyü bildirilir. Qruplaşmanın nəzarətə götürdüyü ərazilərdə vergi yığdığı da məlumdur. Digər gəlir qaynağı isə əsir alınmış şəxslərdən alınan fidyədir. İŞİD uzun müddətli hərbi əməliyyatlar apara bilməsi bu maliyyə ehtiyatlarına bağlıdır.