Bəxtiyar Quliyev: “Peşmanam…”
Xəbər verildiyi kimi dünən prezident İlham Əliyev 18 oktyabr – Müstəqillik günü ilə əlaqədar olaraq 86 məhbusun əfv olunmasına dair sərəncam imzalayıb. Bu gün əfv sərəncamı icra edilib. Əfv olunanlar arasında “Nida” vətəndaş hərəkatının üzvü olan Bəxtiyar Quliyev, Şahin Novruzlu, Elsevər Mürsəlli də var.
Musavat.com əməkdaşı Məhəmməd Türkmənin verdiyi xəbərə görə, bu gün onlar Şüvəlandakı və Kürdəxanıdakı cəzaçəkmə müəssisələrində təşkil edilmiş tədbirdən sonra azadlığa buraxılıblar.
Bəxtiyar Quliyev çıxış edərək, prezidentə təşəkkürünü bildirib, deyib ki, içəridə olduğu müddətdə səhvini anlayıb, peşman olub. Bundan sonra həyatını ailəsinə və özünə həsr edəcək, siyasətə qoşulmayacaq.
Adları çəkilən gənclər, eləcə də azadlığa çıxan digər keçmiş məhbuslar cəzaçəkmə müəssisənin bayırında qohum-əqrəbaları və yaxınları tərəfindən qarşılanıblar.
Əməkdaşımız öyrənib ki, azad olunanları Fəxri Xiyabana, eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməyə aparacaqlar. Məlumata görə, bunu NİDA-çılar özləri istəyiblər.
Musavat.com