Deyirlər, qarğış küt balta kimi bir şeydir, vurarsan, vurarsan, bir gün kəsər. Tənqid də elədir, döşəyərsən, döşəyərsən, bir gün heç nəyi həll eləməsə də, ya tənqidçini tutub içəri qoyarlar, ya da bezər, tənqid olunanı bayıra atarlar.
Demirəm ki, milli yığmamızın baş məşqçisi Berti Foqtsu bizim tənqidlərimiz yıxdı. Ola bilər, onun istefaya getməsində və ya göndərilməsində bu tənqidlərin də müəyyən rolu olub. Zənn edirəm ki, fon Foqtsun acı sonunu kompleks amillər gətirib. Burada tənqidlər də vardı, küt balta kimi qarğışlar da, kəsici-deşici alətlərdən iti söyüşlər də. Ən ümdəsi isə milli komandanın son uğursuzluğu.
Əgər Berti Xorvatiyadan qələbə ilə dönsəydi, yəqin ki, indi heykəltəraşlara onun büstünün yonulması barədə göstəriş verilmiş olardı. Cənabının heç-heçəsinin də qabağında durmaq olmazdı. Amma böyük hesablı məğlubiyyət elə şeydir ki, yiyə duranı yoxdur, hamı istəyir ki, günahı kiminsə belinə yükləyib canını qurtarsın.
Budur, indi partapart proqnozlar verilir, versiyalar irəli sürülür: millinin yeni baş məşqçisi kim olacaq? Hərə bir şey deyir, rəy bildirir. Məndən tutmuş mənəcən hamı ağıllıdır, hamı futbol bilicisidir, nə deyirik, odur. Bir daha sübut olunur ki, bu ölkədə futbolu, bir də siyasəti hamımız bilirik, intəhası, nəyə görəsə bizim müdrik məsləhətlərimizə qulaq asan yoxdur.
Heç Mişel Platini də futbolu bizim qədər bilməz, “Gəlin futboldan danışaq” kitabı yazmaqla deyil ki. Nə bilir Platini? Platininin bildikləri keçmişdə qalıb. İndi onun bildiyi kimi futbol oynayan yoxdur, siz futbolu bizdən soruşun.
Baxın, Türkiyədə futbol şərhçiləri 60-70 yaşlı kişilərdir, bizdə isə 25-30 yaşlı gənclər. Amma bizimkilər daha dəqiq analiz verirlər, sadəcə bunların analizini saya salan, proqnozlarını qoz qabığına alan yoxdur.
Məsələn, şərhçilərimiz hələ neçə vaxtdan bəri deyirdilər ki, Foqtsdan sonra millinin başına Qurban keçməlidir, amma o, bundan imtina edəcək, çünki “Qarabağ”dakı uğur seriyasının yarımçıq qoyub bataqlığa girmək istəməz.
Budur, Qurban bəy millini çalışdırmaqdan imtina edib. Düz eləyib. Əgər o, millinin başına keçsəydi, bir neçə oyundan sonra onun xarizması paxıl yeniyetmələr tərəfindən gecə vaxtı cızıq-cızıq edilmiş bahalı avtomobilin gününə düşəcəkdi. Şərhçilər də deyəcəkdilər, bu da sizin tərifli Qurbanınız, əlindən bir iş gəlmirmiş.
Bir azdan başlayacaqdılar ki, Qurban istefaya getməlidir. O da Berti Foqts kimi üzünə salıb dirəşməyəcəkdi, ifallı adamdır, ilk tələbdə millidən ayrılacaqdı. Beləcə, özünə də ziyan olacaqdı, “Qarabağ”a da, milli komandaya da.
Məsələ belədir ki, bu saat milliyə Mourinyonu da gətirsək, xeyri yoxdur. Karlos Alberto Torres gəlmişdi də, gördükE Onun vaxtında evimizdən çıxıb stadiona gedə bilmirdik. Millimiz qolları jımıx yerinə yeyirdi.
Amma bir futbol bilicisi olaraq mənim də AFFA rəhbərliyinə bir neçə təklifim var. Gəlin, milliyə baş məşqçi olaraq Maradonanı gətirək. Papanində, Yasamalda ev də verərik, nəşəsini çəkə-çəkə yaşayar. Düzdür, onun qara qəpiklik məşqçilik bacarığı yoxdur, amma adı bəsdir. Ən azı ona görə stadion milli komandanın oyunlarında dolar, millət futbol əfsanəsini canlı-canlı görmək üçün stadiona axışar. Kim bilir, bəlkə futbola diqqətin bu qədər artmasından vəcdə gələn milli oyunçularımız qızışıb qol-zad da vurarlar.
Yox, Maradona sevdası alınmasa, Zinəddin Zidanı gətirmək olar. Böyük ustadır, öyrədə biləcəyi çox şey var. Bizimkilər ondan heç nəyi öyrənməsələr də rəqibin sinəsinə kəllə qoymağı öyrənərlər. Yadınızdadırsa, 2006 mundialında Zinəddin “ana-bajı” söhbətinə görə italyan Materassini meydançada böyrü üstə qoydu.
O da olmasa, ən yaxşısı milli komandanı buraxmaq, bir neçə il beynəlxalq yarışlardan imtina etmək, futboldan danışmamaqdır. Özümüzü biabır eləməyin mənası yoxdur. Myanma futbolu ilə məşhur deyil, biz də elə olarıq (bu cümlənin siyasi mənası yoxdur, yeri gəlsə, biz Myanmadan balaca ölkə deyilik).
Axırıncı təklifin zarafat tərkibi sıfıra yaxındır, ciddi deyirəm.