Bizimki budur: nəsə bir iş olsun, bir hadisə baş versin, oturaq, lağ-lağı edək, şəbədə qoşaq, ucundan tutub ucuzluğa gedək, arada ciddiləşib kimlərisə qınayaq, pisləyək, axırda da düşək millətin üstünə ki, millət zaydır, filandır
İllərdir beləyik, hələ neçə il də belə olacağıq. Düzələn deyilik. (Bu yerdə müəllif duyuq düşdü ki, özü də ümumi halda hamını pisləyənlərə qoşulub, ona görə də dərhal mətləbə keçməyi qərara aldı).
Budur, növbəti əfv sərəncamı verilib, azadlığa buraxılanlar arasında keçmişdə “Nida” hərəkatının üzvü olan gənclər də olub və protokol qaydasıymış kimi, onları Fəxri Xiyabana aparıb eks-prezident Heydər Əliyevin abidəsinə baş əydiriblər.
İndi yüzlərlə sosial şəbəkə istifadəçisi o gənclərin baş əydikləri yerdə çəkilmiş şəkillərini müxtəlif qeydlərlə paylaşır, camaat da tökülüşüb şərhlər yazır.
Bəziləri vurğunu gəncləri bu addıma vadar edənlərin üstünə salır, amma baş əyən gənclər də qıraqda qalmır, onlara tuşlanan iki sözdən biri “sındırılmaq”dır.
Məşhur əsərlərdən, filmlərdən sitat gətirənlər var.
“- Bəs baş əymədin?
Əymədim, bəli.
Əyilməz vicdanın böyük heykəli…”
“Vaqif” dramından bu məşhur dialoqu iqtibas edənlər sözü heykələ baş əyənlərə toxuyurlar, yəni ayıb olsun sizə, getdiniz, baş əydiniz.
“ Gəl qoşul bizə, şair. İstibdad səni də sındırdı”. Bu da “Nəsimi filmindən iqtibasdır, bunu edənlər də istibdad rejiminin gəncləri sındırdığına işarə edir.
Əlbəttə, hansısa dərviş indiki nəsimilərə “istibdad səni də sındırdı” deyə bilər, amma ağır cavab alar. Ona deyərlər, adə, gijqulu, belinə mələfə dolayıb səhralarda sərgərdan-sərgərdan gəzməklə deyil ey, hünərin var, bircə həftə gəl cəzaçəkmə müəssisəsində günahsız yerə yat görüm.
Ömründə bir dəfə mitinqə çıxıb iki şillə, bir təpik yeməmiş adamlar var, heç bircə gecə evdən kənarda da yatmayıblar, oturub noutbukun arasında yekə-yekə “bu da bizim mübariz gənclər, mən baş əyməzdim” deyə qınayıcı şərhlər yazırlar.
Belə tiplər həmişə olub və var. Adamlar tanıyıram ki, orta ranqlı vəzifədə işləyir, yaxşı dolanışığı, evi, eşiyi, maşını, məşuqəsi var, amma hakimiyyətin dəyişəcəyi təqdirdə hansısa əlaqəsi hesabına daha böyük mənsəb, sərvət qazanacağını düşünür, xeyirdə, şərdə rastlaşanda adamı danlayır ki, sizin də əlinizdən bir iş gəlmir, hakimiyyətə gəlsəydiniz, biz də bir gün görərdik.
Özləri otursunlar yayda sərin, qışda isti kabinetlərdə, günləri ziyafətlərdə, kef məclislərində keçsin, uşaqları xaricdə oxusun, bahalı maşınlarda şütüsün, amma ölkədə hansısa dəyişikliklərin olması üçün kasıb-kusubun balası türmələrdə yatsın, iş başa gələndə “dünənki xidmətinizə görə sağ olun, yaxşı vəzifələrdə bizim uşaqlar işləməlidirlər, çünki xaricdə oxuyublar, mütəxəssisdirlər”. Böylə ədalət varmı, arkadaşlar?
“Dözmədilər”. Gərək dözəydilər, əlbəttə. Gərək türmədən meyitləri çıxaydı, biz də götürüb yekə-yekə “Daha bir demokratiya şəhidi” başlıqlı yazılar verəydik, ertəsi gün onları unudub “həyat davam edir” ritorikasına dəm vuraydıq.
“Nelson Mandela 27 il həbsdə yatdı, sınmadı”. Elədir. Amma hər ölkədə Mandela yoxdur axı. O da bir iş idi. Yumşaq adam əlinə düşüb, imkan veriblər yaşasın. Bizdə Mandela ola biləcək dustaqlara təhəmmül yoxdur, görsələr ki, adam Mandela ola bilər, başına oyun açıb videolentə çəkərlər, sonra da deyərlər, di get başını aşağı sal, dolanışığını fikirləş, səndən Mandela olmaz. Adam da fikirləşər ki, düz deyirlər, bu xalq videosu çıxan Mandelaya yalnız lağ edə bilər, ta onun ətrafında sıx birləşməz.
“Elə bilirdik, Çe Gevara olacaqlar”. Guya ki, Çe Gevara böyük iş görüb. O da indiki İŞİD-çilər kimi əlində silah başqa bir ölkənin dağlarında partizanlıq edib, əsir götürdüyü insanları boynunun dalından güllələyib – həm də mənasız, sonradan iflasa uğrayacaq bir ideologiyaya görə. Çeçələ barmağını tərpətməyənlər “Çe” deyə-deyə uşaqların başını xarab eləyiblər.
Haqq-ədalət uğrunda mübarizə aparmaq yaxşı şeydir, müqəddəs işdir. Amma qoy bu işə hər kəs öz xırda töhfəsini versin, hər kəs ortaya bir qum dənəsi gətirsin və yığışıb ev tikək. Yoxsa biz duraq kənarda, beş-altı gənci verək qabağa və onlar da tonluq beton plitələrin altında qalıb əzilsinlər – bu yolla ev tikilməz, ay evi tikilimişlər.