Ölkədə absurdluğun həddi o yerə çatıb ki, az qalır adama “toyuna filankəsləri çağırmısansa, sən iqtidarın adamısan” desinlər. Əslində elə buna bənzərini deyirlər də. Sosial şəbəkələrdə YAP-çı deputat Aydın Mirzəzadənin, hətta keçmiş cəbhəçi Fazil Mustafa və digər şəxslərin dəyərli müsavatçı İkram İsrafilin ovladın toyuna dəvət olunmasına qəzəbli reaksiyaları görəndə adamın əli hər yerdən üzülür.
Bir anlıq düşünürsən ki, belə dünyagörüşlə nəinki Avropaya, heç Biləcəridən o yana getmək olmaz. Müxalif düşərgənin ildən-ilə zəifləməsinin kökündə məhz qarşılıqlı ittihamlar dayanıb. “Ağam mənə kor deyib, gəlib gedənə vur deyib” məntiqilə çıxış edənlər öz missiyasını yenə də eyni şövqlə davam etdirirlər. Ancaq bu, təkcə müxalifətin problemi deyil. Heç günümüzün də problemi deyil. On illərdir bizi millət olaraq geri salan məhz yerli-yersiz ittihamların düşmənçilik həddinədək çatdırılmasıdır.
Belə məsələlərə fikir verəndə düşünürsən ki, elə bizim tarixi məğlubiyyətlərimizin, torpaqlarımızın əldə getməsinin səbəbi qarşılıqlı ittihamlar, bir-birimizin dediklərini həzm edə bilməməyimiz qaynaqlanıb. “Babək” filmində bir epizod var: xalq qəhrəmanı Əlincə qalasının aşağısında “duel”ə çıxan Əbu İmranla Cavidanı durdurmaq üçün “Sizi and verirəm uca Şirvinin ruhuna, əl saxlayın” deyir, ona məhəl qoymurlar, “gecdir” deyərək…
Əslində tarixə istinadən obrazlı şəkildə təqdim olunan bu səhnədə böyük həqiqət payı var. Biz heç vaxt bir-birimizi qılınclamaqdan əl çəkə bilməmişik – faciəmiz budur. Məmməd Arazın “Məndən ötdü” şeirinə qulaq asdıq, yazana, qiraət ustasına “əhsən” dedik, lakin az sonra biz də şeirin mənfi qəhrəmanına çevrildik – bilərəkdən, ya bilməyərəkdən. Azərbaycanın xanlıqlara parçalanması da bizim toplum olaraq bir-birimizi həzm edə bilməməyimizdən baş verib, 20-30-cu illərdəki kütləvi sürgün və güllələnmə hökmləri də. Biz tarixən başımıza müsibətlər gətirmiş düşməni hansısa tarixi məqamlarda unutmuşuq.
Müsavat Partiyasından istefa xəbərlərini sevinclə tirajlayanlar fərqində deyillər ki, bu hadisələr, Azərbaycanda siyasi institutların zəif düşməsi hər kəsin həyatına bu və ya digər şəkildə mənfi təsir edir. Budur, çox çəkmədi ki, AXCP-dən də istefa xəbəri gəldi, bu təşkilatın qurucularından olan funksioner ümidsizlik içində olduğunu etiraf edib təşkilatdan ayrıldı. AXCP sədrinin müşaviri, Qarabağ qazisi, Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasov partiyadan və vəzifəsindən istefa verdiyini açıqladı. Müsavatdakı gərginliyi toy-bayram edən, müsavatçının toy-büsatındakı qonaqların sərf-nəzər edilməsinə enerji sərf eləyənlər öz ətrafından qopmalara görə günahkarı olduqlarını görə bilmirlər.
Şübhə yox ki, baş verənlər hakimiyyətin maraqlarına, bəlkə də illərdən bəri hazırlanan ssenariyə tam uyğundur. İqtidarlara belə vəziyyət bir tərəfdən sərf edir. Bir ölkədə ki, vətəndaş cəmiyyəti susdurulub, aksiyalar minimuma endirilib, müxalifət pərən-pərən salınıb, nədən orda olan-qalan təşkilatların da “qaçan ilmələr”indən tutub sökülməsinə təkan verilməsin? Amma əslində belə durum dövlətin balansını pozan situasiyanın yaranması deməkdir. Gərəkdir ki, ölkə hakimiyyəti də vəziyyətin bundan betər olmasında maraqlı olmasın. Bu, həm də hakimiyyətin özünə lazımdır. Avropa Şurasına üzvlük zamanı Ramil Səfərovla bağlı iqtidarlı-müxalifətli sənəd qəbul olunanda ölkədə müxalifətin mövcudluğunun həm də hakimiyyətin işinə yaradığı sübuta yetirilib.
Ermənistanda iqtidarın Avrasiya Birliyinə üzvlük qərarına qarşı güclü erməni müxalifəti çıxdı. Ermənilər bununla bəlkə də razılaşdırılmış şəkildə oyun oynadılar – Avropa tərəfdarı olduqlarını göstərməklə. Azərbaycanda isə institutların sürətlə zəifləməsi sonucda ölkənin zəif düşməsinə aparır. Qarşıda bizi sınaqlar gözləyir, bayrağımızı endirmək istəyənlər də marıtdadır. Ən pisi odur ki, on illər boyu böyük qələbələrə tamarzı qalmağımız bizi ümidsizlik girdabına sürükləyib. Qarabağda uduzmuş durumdayıq, təsəllini “Qarabağ” futbol komandasının qollarında axtarırıq.
“Atletiko Madrid”ə milyonlar xərcləyib Azərbaycanı reklam edənlər ölkənin sürətlə gözdən salınmasına məhəl qoymadılar. Budur, indi də təkcə müxalifət-iqtidar savaşı, bir-birini gözdən salma kampaniyası getmir, həm də müxalifət-müxalifət mübarizəsi gedir. Hətta partiyadaşlar bir-birini hədəfə alıb. Uğursuzluğun sindromunu yaşayırıq küll halında… “Gəldiyimiz nöqtə ürəkağrıdıcıdır”. Bunu da müxalifətdən son istefa verən Şakir bəy deyib. Təəssüf…