Moldovanın eks-prezidenti Vladimir Voronin nəvəsinə toy edib.
Virtualaz.org saytı xəbər verir ki, paytaxt Kişinyovun ən prestijlıi restoranlarının birində keçirilən toy mərasimində biznesmenlər, deputatlar və siyasətçilər, habelə baş nazir Yuri Lyankenin oğlu Marius Lyanke iştirak ediblər.
Toyun VİP qonaqları arasında Azərbaycandan nəqliyyat nazirinin müavini Musa Pənahov və ailəsi də yer alıb. Belə ki, Musa Pənahov Voroninin oğlu ilə qudadır.
Moldova mənbələri xəbər verir ki, dəbdəbəli restoranı xüsusi seçilmiş mühafizəçilər qoruyub, toya ancaq əvvəlcədən razılaşdırılmış siyahı əsasında dəvət edilən qonaqlar buraxılıb. Qonaqlar toya ən son model dəbdəbəli avtomobillərlə gəliblər.
Voroninin nəvəsi, 27 yaşlı gözəl Olqa Rus biznesmendir və o, 27 yaşlı biznesmen Ştefan Varvariçlə evlənib.
Toy ictimaiyyətdən gizli saxlanıldığına görə hadisə barədə ancaq sosial şəbəkələrdən məlumat əldə etmək mümkün olub. Moldova baş nazirinin oğlunun sevgilisi toydan bir neçə fotoşəkil yayıb. Bu şəkildə toyun qonaqları arasında keçmiş baş nazir Vasili Tarlevin, habelə Moldovanın iri şirkətlərinin və neft firmalarının rəhbərlərinin yer aldığı məlum olur.
Moldova mətbuatı xatırladır ki, üç il əvvəl Vladimir Voronin, kommunistlərin lideri, daha bir nəvəsini – Yekaterinanı ərə verib. O, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun oğlu ilə evlənib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib.
Azərbaycanın ən zəngin oliqarxlarından biri olan Musa Pənahovun oğlunun Moldovanın eks-prezidentinin nəvəsi ilə evlənməsi haqda o vaxt MDB KİV-lərinə istinadən yerli media da yazmışdı.
Virtualaz.org xatırladır ki, həmin toyda iştirak etmək üçün Vladimir Voronin və ailə üzvləri, habelə bir sıra yüksək rütbəli qonaqlar toya 2011-ci il, iyunun 3-də carter reysi ilə Bakıya gəliblər. Onlar Rumıniyada qeydiyyatdan keçmiş şirkətdən icarəyə götürülən 34 yerlik lüks təyyarə ilə uçublar. Bu cür təyyarədə bir saatlıq uçuşun haqqı 5-7 min avro arasında dəyişir. Buxarest-Kişinyov-Bakı reysi ilə uçuş isə 3 saat yarıma başa gəlir. Moldova KİV-i hesablayıb ki, toya gəlib-qayıtmaq Voroninin ailə üzvlərinə təxminən 50 min avroya başa gəlib.
Azərbaycanlı oliqarxın oğlu Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib. Ancaq hansı ölkədə oxuduğu açıqlanmır.
“Əvvəlcə bəyin valideynləri dini fərqlər üzündən bu nikaha qarşı çıxıblar, lakin sonradan onlar toya razılıq veriblər” – deyə Musa Pənahovun ailəsinə yaxın mənbələrdən “Regnum”a bildirilib.
Toyda qonaqları isə məşhur Rusiya, Türkiyə və moldovan müğənniləri şənləndirib. Lakin təşkilatçılar müğənnilərin adlarını açıqlamayıb. Bununla belə Moldova KİV-i xəbər verir ki, Voroninlə birgə Bakıya Moldovanın məşhur ifaçısı Marianna Şura da uçub. Təyyarənin sərnişinləri arasında qızın babası, nənəsi, ata və anası ilə yanaşı Quliyeva S., Novruzov V., İsayev Feyruz ad-familiyalı azərbaycanlılar da yer alıb.
Voroninin oğlu və Musa Pənahovun qudası olan Oleq Voronin bu keçmiş sovet respublikasında əsas gəlirli biznes sahələrinə nəzarət edir. Atasının prezidentliyi dövründə o, öz biznesini çiçəkləndirib, ölkənin bank sektorunda əhəmiyyətli iştirakını təmin edib və rəqiblərini sıxışdıraraq onların biznesini ələ keçirməyə nail olub. Bu, Azərbaycana da xas olan biznes qurmaq prinsipləridir.
Vladimir Voronin Moldova Kommunist Partiyasının sədridir, 2001-2009-cu illərdə prezident olub. Prezidentlikdən əvvəl Moldova daxili işlər naziri işləyib və general-mayor rütbəsi var. Ailəlidir, iki uşaq atasıdır, üç nəvəsi var. Oğlu Oleq Moldovanın “1 nömrəli” biznesmeni hesab olunur. Qızı Valentina isə həkimdir, iki uşağı var. Qardaşından fərqli olaraq qızı Valentina sakit həyat sürür və belə görünür ki, indi toyu olan Olqa onun qızıdır.