Bu gün-sabah Müsavatın sabiq başqanı İsa Qəmbərin “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməsinin 5 ili tamam olacaq.
O zaman bir çoxları gözləyirdi ki, qəzetin kursu kəskin şəkildə dəyişəcək. Bəziləri isə kursda heç bir dəyişiklik olmayacağını düşünürdü.
Bunların heç biri olmadı. Qəzet öz kursunu mərkəzə meylləndirdi – nə atılıb iqtidar düşərgəsinə keçdi, nə də yalnız müxalifət düşərgəsinin tribunası olaraq qaldı, xalqın qəzeti, haqqı tapdananların qaçacaq yeri olmağa çalışdı (“Oldu” demirəm, “olmağa çalışdı” deyirəm).
Amma budur, üstündən 5 il keçib, hələ də “Yeni Müsavat”ı iqtidar düşərgəsində “partiya qəzeti”, “Müsavatın qəzeti” kimi tövsif edirlər. Müxalifət düşərgəsinin mühüm bir hissəsində isə “iqtidar qəzeti”, “oliqarxlara işləyən qəzet” deyə damğalayırlar.
Bu, mətbu orqana Lenin yanaşmasıdır. Leninə görə, qəzet ən yaxşı təşviqatçı, təbliğatçıdır axı. Lenin qəzetin bu funksiyasını ən azı 100 il qabaq müəyyən edib, amma hələ də aktualdır. Ancaq çoxdandır dünya üzərində belə bir kriteriya var ki, qəzet sadəcə cəmiyyətə informasiya verməli, onu maarifləndirməli, daima həqiqətin izində olmalı, gözətçilik etməlidir.
Prinsipcə, qəzet sözü olan hər kəsə tribuna verməlidir, ictimaiyyətə maraqlı olan hər şeydən yazmalıdır, xalqın mənafeyinə zidd və uyğun olan hadisə, yenilik, proseslərə diqqət yetirməlidir və sair və ilaxır. Yəni qəzet iqtidar-müxalifət, üçüncü sektor fərqi qoymamalıdır, heç bir ayrı-seçkiliyə (dini, milli, cinsi və s.) yol vermədən işləməlidir. Biz də buna çalışırıq.
Fəqət çətindir… Hər kəsin əlində bir möhür var, elə bir gün olmaz ki, peşə fəaliyyətimizin üstünə damğa vurmasınlar: “İqtidara işləyirlər”; “Müxalifətə işləyirlər”.
Gün ərzində musavat.com saytında 200-dən artıq qədər xəbər yayırıq, yazı yerləşdiririk. Bir neçəsində iqtidar nümayəndələrinin də mövqeyi olur, onlar da təbii ki, öz komandalarının siyasətini öyürlər. Bu verildimi, oluruq “iqtidar mediası”. Bundan sonra müxalifət düşərgəsinə aid 50 xəbər qoyulsa da, damğanı götürməyəcəklər.
İqtidar adamları da eləcə. Onlarda damğa daha çoxdur: “Oliqarxlardan yazırlar”, “nazirlərə ilişirlər”, “kursumuzu vururlar”, “rəqiblərimizə tribuna verirlər”, “siyasi məhbuslar məsələsini qaldırırlar”, “saxtakarlıqda ittiham edirlər”, “düşmən dəyirmanına su tökürlər” və sair və ilaxır.
İctimaiyyət nümayəndələrinin qənaəti daha sarsıdıcıdır: “Əvvəlki kimi deyillər”, “Vaxt vardı, necə sərt yazırdılar, çox yumşalıblar”, “Bunlar da belə getdilər” və s.
Sonuncu əfv məsələsində növbəti dəfə naqolay durumda qaldıq.
Şənbə və bayram günüydü, əfv sərəncamıyla azadlığa buraxılan şəxslərin cəzaçəkmə müəssisəsində yola salınmalarından başqa hadisə yox idi. Üstəlik, Penitensiar Xidmət əməkdaşlarımıza dəvət göndərmişdi. Dəyərləndirdik, dedik, burada ictimaiyyətə maraqlı olan informasiyalar çıxa bilər. Allahdan, elə də oldu. Bizim əməkdaşlar bir az çevik tərpəndilər, fotolar, videokadrlar çəkdilər, informasiyalar verdilər.
Ancaq bu hesaba alınmadı. Əksinə, bir çoxları qələmə verməyə çalışdı ki, guya bu hadisəni işıqlandırmaqla iqtidara işləyirik. Nə var, nə var, iki siyasi məhbusun Fəxri Xiyabana aparılaraq eks-prezident Heydər Əliyevin abidəsinə baş əydirilməsini göstərən şəkilli xəbər vermişik.
Bunu başımıza töhmət edənlər həmin xəbərdən 15 dəqiqə əvvəl yaydığımız daha bir xəbəri “görməmişdilər”: “Şahin Novruzlu Fəxri Xiyabana getmədi, atasının məzarını ziyarət etməyə getdi”.
Ertəsi gün bu sətirlərin müəllifi azadlığa buraxılmayan siyasi dustaqlara aid “Bəs o biriləri?” başlıqlı yazı yazdı. Görək hansısa iqtidar qəzeti və ya iqtidara loyal olmaq istəyən media qurumu o yazının bircə abzasını verə bilərmi?
Bir bu deyil. Gün ərzində “Yeni Müsavat”da və musavat.com-da gedən onlarla material (siyasi məhbuslara, hökumətin müxtəlif sferalardakı anormal fəaliyyətinə dair) var ki, bir sətrini verməzlər, verə bilməzlər.
Eyni zamanda iqtidar mediasında müxalifətin fəaliyyətinə dair bir xoş söz rast gəlməzsən, bir liderin müsahibəsini, pozitiv açıqlamasını görməzsən. Onları yenə də bizdə görmək olar.
Uzun sözün qısası, bu şəraitdə, hər kəsin damğa vurduğu ortamda qəzetçiliklə məşğul olmaq çox çətindir. Adamı nə qəzetçi olmağa qoyurlar, nə də gözətçi. İttihamların bir gün öz-özünə səngiyəcəyini gözləməkdən başqa yol yoxdur.