Ailəm.az-ın yeni layihəyə start verib – “Qadın…”.
Layihədə siz tanınmış azərbaycanlı qadınların qadınlıq, qadın olmaq, qadın-kişi münasibətləri və s. mövzularda fikirlərini oxuyacaqsınız. Rubrikanın ilk qonağı tanınmış telejurnalist, tənqidçi İlhamiyyə Rzadır.
1. Təzə tanış olduğum və mənimlə ilk dəfə ünsiyyətdə olan kəslərin (istər qadın olsun, istərsə də kişi) məni ancaq qadın kimi qavramasını heç sevmirəm. Belələri qarşısında hər şeydən öncə bir insan dayandığının fərqində deyil.
2. Təzə tanış olduğum və mənimlə ilk dəfə ünsiyyətdə olan kəslər (istər qadın olsun, istərsə də kişi) məni cinsi mənsubiyyətimdən asılı olmayaraq bir insan olaraq qavrasa da, qarşısındakının qadın olduğunu unudanda heç xoşum gəlmir.
3. Güclü olmağa can atan qadın ətrafındakı kişilərin zəif olduğundan gileylənməməlidir.
4. Məncə, qadınları “kişi adamsan!” deyib, tərifləyən kişilərə “sən də kişi ol” demək lazımdır! Qadına ən gözəl tərif: “Qadın adamsan!”- tərifidir!
5. Qadınların böyük əksəriyyəti kişilərin ağıllı qadınları bəyənmədiyini düşünür. Bilmirəm, niyə kişilər haqda bu qədər bədgümandırlar? Mən elə düşünmürəm.
6. Qadınlar, tək qulaqlarınızla sevməyin!
7. İllərdir kişilər qadınları qeyri-səmimilikdə və orqazmı imitasiya etməkdə qınayırlar. Sevdiyini imitasiya etməkdə mahir olan qarşı cins buna niyə belə hiddətlənir, bilmirəm…
8. Yaşla bağlı plastik əməliyyatları istəmirsinizsə, çalışın, içinizi təmiz saxlayın, xəbis hisslərdən uzaq olun. Əks halda, gənc yaşınızda gizlətməyi bacardığınız bütün xəbisliklər zamanla foto lenti kimi üzdə, cizgilərinizdə “aşkarlanır”, qırışa çevrilib simanızı “bəzəyir”. Cavanlıq yaşında sahib olduğunuz gözəlliyin müəllifi Allahdırsa, yaşlandıqda nə qədər yaraşıqlı qalmağınız özünüzdən asılıdır. Yaşlandıqca olğunlaşıb gözəlləşən adamlar görmüşəm…
9. Qadınlar ümumiyyətlə zəif olmurlar. Onlar zəif görünə bilirlər. Bu isə qarşısındakı insanı güclü görmək istəyindən irəli gəlir.
10. Kişinin ürəyinə gedən yol mədədən keçir, deyirlər. Bunu ilk dəfə demiş şəxs güman ki, qadın olub. S evdiyi adamın ürəyinə yetişmək istəyənləri azdırmaq üçün yanlış marşrut verib.