Elçibəyçi gənclərdən biri onun fotosunu qoluna tatuaj vurdurub və bunu sosial şəbəkələrdə paylaşıb.
Həmin foto qısa zaman ərzində facebook-da ən çox müzakirə olunan şəkillərdən birinə çevrilib. Bir çoxları həmin gəncin bu addımını bəyənsələr də, onu tənqid edənlər də az olmayıb.
Foto ən məşhur “Hamam Times” səhifəsində müzakirə obyekti olub. Bəhruz Süleymanzadə adlı istifadəçi şərh bölməsinə yazıb ki, “Elçibəyin işlərini və əqidəsini dərk etmək lazımdır, onun şəklini qola deyil, ideologiyasını beyinlərə yazmaq lazımdır”.
Bu faktla bağlı mərhum eks-prezident Əbülfəz Elçibəyin yaxınları ilə əlaqə saxladıq. Elçibəyin qardaşı Almurad Əliyev bildirdi ki, o, gənclərin bu addımını bəyənmir:“Dində tatuaj haramdır və bu addım bəyənilmir. Ancaq bu gənclərin öz işidir, buna qarışa bilmərik. Mənim yaşımla onların yaşı eyni deyil, onlar düşüncəsi fərqlidir”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu gənclərin bu addımının mərhum Əbülfəz Elçibəyə olan sevgidən qaynaqlandığını bildirsə də tatuajı bəyənilməz addım adlandırıb: “Bu, doğru bir addım deyil. Mən bilirəm ki, gənclərimiz Elçibəyə olan sevgidən bu addımı atıblar. Ancaq bu gənclər sabah orta yaşa çatanda özləri anlayacaqlar və bunun yanlış olduğu qənaətinə gələcəklər. Ancaq onların Əbülfəz Elçibəyə sevgisini və hörmətini yüksək qiymətləndirirəm. Elçibəyə olan sevgilərini göstərmək istəyirlərsə, onun irsini öyrənmək, ideologiyasını mənimsəmək, qoyduğu qaydalara riayət etmək, əxlaqlı olmaq, millətə xidmət etmək, onun yolunu davam etdirmək və Azərbaycanı azad, demokratik bir dövlətə çevirmək uğrunda çalışmaq daha doğru olardı. ”