Yaxud barıt anbarında ehtiyatla işləmək lazımdır
Fövqəladə Hallar Nazirliyi təxribatla məşğuldur. Buyurun, dünən mətbuata verdikləri açıqlama ilə özünüz tanış olun: “Ötən ilin müvafiq dövrünə nisbətən bu il Azərbaycanda partlayışların sayı 17 faiz artmışdır”.
Birincisi, burda “müvafiq” sözünü “uyğun” sözü ilə əvəz etməyin vaxtı çoxdan çatmışdır. Hətta AzərTAc bu il “mışdır”, “mişdir”, “muşdur” şəkilçilərindən rəsmi fərmanla imtina eləmişdir, ancaq bəziləri yenə də bu zəhləmgetmiş “müvafiq” sözünü yazırlar. Bu sıraya “müvəffəqiyyət” (uğur), “cari” (indiki) sözlərini də əlavə etsək dəhşətli mənzərə yaranır, insan başa düşmür ona başçılıq edənlər hansı dildə danışırlar.
Nazirlər Kabinetini də çoxlu qınayırıq, onun orfoqrafiya (düzgün yazı) qaydalarına görə respublikamızda Baş Nazir və Prezident sözləri böyük hərflə yazılmalıdır.
Əcaib qaydadır. Yaxşı, Prezidenti başa düşdük, böyük hərflə yazmasaq bizi əfv eləməz, bəs baş naziri mən niyə böyük hərflə yazmalıyam? Xeyir ola? Üstəlik, kimisə böyük hərflə yazmaq üçün gərək onun özünü tapasan. “Görmədiyin bir zad, insana böyük görünməz”. Əməllicə aforizm alındı. Gərək belə qızıl sözlərimdən bir “Afyorizmlər” kitabı qayırım.
Əfv demişkən, son əfv sərəncamında buraxılan bir-iki nəfərin işi bir az tragikomikdir. Çox uzatmadan misalla yazacağam: hesab elə ki, hökumət 2 nəfəri tutur, onları içəridə döyüb ifadə alır, sonra həmin ifadənin əsasında 6 nəfəri tutur. Sonra isə əfv verib 2 nəfəri buraxır, ancaq 6 nəfər içəridə qalır. Halbuki, “cinayət”in əsas vasitə və alətləri guya bu 2 nəfərin evindən tapılmışdı!
Bəlkə də ədalət sistemimizin növbəlilik prinsipinə uyğun davranıblar: sonra da ikinci pillə əfv olunacaqdır. Nə biləsən… Hər halda, mən burdan keçmiş NİDA-çı Bəxtiyar Quliyevə salamlarımı göndərirəm, istəyirəm bilsin ki, ürəyim onun yanındadır, hər yoldan ötənin tənqid və təhqirlərini də vecinə almasın. Onun “Uzun müddət bağlı otaqda qaldığımdan həbsdən çıxandan sonra pilləkənləri qalxmaqda çətinlik çəkirəm” cümləsi isə zindan mövzusunda əsl ədəbiyyat idi. Həyat bizim yazıçılardan min kilometr qabaqdadır, ona görə bir maraqlı kitab yoxdur oxuyasan.
Qayıdaq partlayışların yanına, yoxsa bizdən inciyərlər.
İkincisi, FHN-in açıqlamasında söhbətin hansı partlayışlardan getdiyi göstərilibdir, ancaq kimdir buna diqqət edən? Bizim camaat güc-bəla başlığı oxuyub nəticə çıxardır, hövsələ yoxdur mətnə-zada girməyə. Sürət əsrində yaşayırıq. “Həmdulla arvadını baltaladı” başlığının “Umberto Ekonun əsərlərində konseptual tarixi yanaşmalar” mətnindən çox oxunduğu dövrə girmişik. Bu baxımdan, camaat xəbərdə söhbətin qaz sızmasından və sairə məişət cihazlarında partlayışlardan getdiyini oxumayacaq, elə zənn edəcək, misal üçün, sosial partlayışlardan bəhs olunmuşdur.
Halbuki, bu il ana vətənimizdə elə bir sosial partlayış da yoxdur, ağlınız 2013-cü ilə getməsin. O il nəsə ağır gəlmişdi, hər yer od tutub yanırdı, nəticədə siyasi dustaqların sayı artdı. Ancaq bu il millətin başı siyasi dustaqları əfvə saldırmağa qarışdı, maşallah, sabitliyin üzərindən yel belə əsmədi. Bu da onu göstərir ki, partlayışların qabağını almaq üçün çoxlu adam tutmaq lazımdır. Alovu palaza bürümək kimi bir şeydir.
Gərək FHN də xəbər verəndə bu cür palazlama üsullarından yararlansın, millətin ürək-göbəyini qopartmasın. Yoxsa neftin qiyməti düşür, hələ bizi Neft Fondunun qışda əriməsi kimi anomal təbiət hadisələri gözləyir. Yas yerlərindəki ehsanları da Avropa oyunlarına yönəltmişik, bu da o yandan partlayış söhbəti eləyir…