Yaxud insan gərək insan kimi yaşasın
İki gün öncə deputat adaşım Zahid Oruc sonuncu əfv fərmanı ilə bağlı qəzetimizə açıqlamasında ibrətamiz bir cümlə işlətmişdi. Əslinə qalsa, acı bir etiraf idi o. Demişdi ki, Azərbaycanda bir siyasi məhbus qalsa da (o, “siyasi” sözünü işlətməmişdi təbii ki), Qərbin ölkəmizə təzyiqləri davam edəcək.
Haqlıdır. Ölkədə siyasi dustaq olmasa belə, Qərbdən təzyiq-tələblər azalmayacaq. Çünki təzyiqlər üçün başqa motivlər onsuz da bəs qədərdir, hətta çələng şəklindədir…
Ona görə təzyiqlər davam edəcək ki, hörmətli adaşım, bu, Azərbaycana təzyiq deyil, sənin də təmsil olunduğun hakimiyyətə (demə ki, parlament hakimiyyətin müstəqil qoludur) Azərbaycan naminə təzyiqdir, Azərbaycan naminə tələbdir!
Hakimiyyətə ona görə təzyiqlər səngiməyəcək ki, bu ölkədə xalq on illərdir nəinki normal, ədalətli və dünyanın birmənalı tanıdığı parlament-prezident seçkilərinə, adicə demokratik bələdiyyə seçkilərinə də tamarzıdır.
O səbəbə təzyiq bitməyəcək ki, Azərbaycanda hakim qüvvədən savayı yerdə qalan ictimai-siyasi, hüquqi institutların heç biri – məhkəmələr, televiziya, mətbuat, QHT-lər, müxalifət müstəqil, sərbəst deyil, basqı və təzyiq altındadır.
Ona görə Qərbin təzyiqi davam edəcək ki, müxalif fikirli gənc insanların türmədə əcaib sındırılma praktikası tətbiq olunur, potensial cinayətkarlar, oğru-talançılar sərbəst gəzdikləri halda tez-tez günahsızlar dəmir barmaqlıqlar arasına salınır gözəlim Azərbaycanda.
Yenə o səbəbdən təzyiq bitməyəcək ki, Elmar Hüseynovun qatil(lər)i və qətlin sifarişçisi hələ də tapılmayıb – ortada bu qədər ipucu ola-ola… Hansını yazaq ki, unudulmasın? Bəyəm tək bu problemdir?
İş də ondadır ki, siyasi məhbus problemi avtoritar rejimlərin çoxsaylı atributlarından sadəcə, biridir. Demokratik ölkələrdə belə şeylər mümkün və mövcud ola bilməz…
Bəli, razıyıq, ölkədə sabitlik var və böyür-başımızda gedən qanlı proseslər fonunda bunu dəyərləndirməliyik. Ancaq, üzr istəyirik, Şimali Koreyada sabitlik yoxdu ki? Əgər bu stabillik, əmin-amanlıq insanların, toplumun rifahına işləmirsə, əksinə, ilk növbədə onları qorxu-ürkü, təzyiq altında saxlamağa, milli sərvətlərin balaca bir zümrə tərəfindən rahat talanmasına xidmət edirsə, o artıq bəri başdan dəyərini itirmiş sayılır.
Azərbaycanda illərdir əcaib formada təkrarlanan sovet dönəminin yaxşı bir filmi var idi – “Böyük dayaq”. Orada təzə partkomun dilindən belə bir qiymətli cümlə işlədilir: “İnsan gərək insan kimi yaşasın…”. Doğrudan da, adam, vətəndaş adam kimi yaşamırsa, ölkənin sərvətlərindən layiqli payını ala bilmirsə, yəni sərvətlər ədalətli bölüşdürülmürsə, yerdə qalanlar pafosdur…
****
Zaman-zaman belə giley-güzar eşidirik ki, “cəmiyyət olaraq bizim materialımız yaxşı deyil”. Qətiyyən. Problem materialda yox, ondan gözəl “kostyum” hazırlaya bilməyən və “parçanı” zay edən “dərzi”də axtarılmalıdır.
Yenə də Şimali və Cənubi Koreya toplumlarını yada salın. Eyni xalq, eyni millətdir, fəqət, bir hissəsi modern, rifah içində, dünyaya keyfiyyətli məhsullar ixrac edən, azad düşüncəli, digəri kəsimi isə – əhalisi ac-yalavac, ayda 100 dollara möhtac, fərqli məfkurəli, müti… Bu da sizə “material” boşboğazlığını alt-üst edən parlaq nümunə.
Sözü nəyə gətiririk?
Ona ki, hakimiyyətin əsas hədəfi, məqsədi təkcə ölkədə formal sabitliyin bərpa edilməsi olmamalıdır (bu da lazımdır), eyni zamanda bu sabitlikdən vasitə (!) kimi yararlanıb cəmiyyət və onun fərdlərinin insan kimi yaşamasını təmin eləmək olmalıdır. Çünki istənilən dövlətin ən böyük və qiymətsiz sərvəti, hakim qüvvənin isə sarsılmaz dayağı azad və rifah içində yaşayan insandır!
Buna etiraz var?