Mərkəzi Seçki Komissiyası xəbər verir ki, oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin verilməsi başlanmışdır. Hazırda hadisə yerində olan müxbirimiz bu bələdiyyənin nə məna verdiyini araşdırmaqdadır.
Bu işi MSK adından xəbər verdikləri üçün güman edə bilərik ki, bu da prezident və deputatlar kimi nəsə dövlət qurumudur. Əks halda MSK-nın nəyinə gərəkdir xalqa məlumat ötürsün? Doğrudan da bizə yaxşı əyandır ki, prezident və deputatları MSK seçir. Eyni zamanda biz bunların funksiyalarını da bilirik.
Misal üçün, prezident bütün ölkəyə nəzarət etmək üçün təsis edilən bir vəzifədir, əsasən respublika quruluşunda olan dövlətlərdə vardır.
Deputatlar isə cənab prezidentin göndərdiyi qanunları səsə qoymaqdan ötrü yaradılmışdır. Yəni, bunlara o qədər ehtiyac yoxdur, ancaq qanunlar da yemək-içmək dəmə qoyulan kimi səsə qoyulanda daha yeməli olur, camaat gözünə təpir. Bizim xalq qanunları məhz deputatlar səsə qoyduğu üçün qəbul edir, yoxsa qanunsuzluq baş alıb gedər. Keçən il bir qanun səsə qoyulmamışdı, ortalıqda qalıb öldü.
Nəhayət, gələk bu bələdiyyənin üzərinə. Yuxarıda sadaladım, gördüyünüz kimi ölkəmizdə hər kəsin bir işi-gücü var, ancaq kimsə bələdiyyənin nə olduğunu anlamır. Yoxlamaq üçün küçədə əhali arasında sorğu keçirtmişəm, inanmayan bələdiyyə olsun!
Rəyini soruşduğum respondentlərdən pensiyaçı Qənbər dayı bildirdi ki, bələdiyyə torpaq maklerlərinə deyilirdi, ancaq indi torpağı icra hakimi satır, o üzdən dəqiq sözü yoxdur. Qənbər dayı ilə sağollaşıb üz tutduq nəvəsi Güldəstə ilə mədəniyyət və istirahət parkında dombalaq aşan el ağbirçəyi Gülbəstə xalaya. Gülbəstə xala səyyar mikrofonumuza belə dedi: “Ağrın alım, bələdiyyə zibil daşıyana deyilir”.
Gənc insan, ASDFGHİOU universitetinin tələbəsi, minnətdarlıqla ildə 3 min manat təhsil haqqı verib qarnında dəftərlə elm yollarında özünü həlak edən Zəfərbala Dəftərquliyev “bələdiyyə nədir” sualımıza “Mən burda yaşamıram, siyasətə qarışmıram, cənab prezidenti dəstəkləyirəm, sən Allah, o mikrofonu o yana elə” cavabını verdi.
Başqa bir gənc, ərə getdiyi üçün dərhal qaşını aldırıb gün işığına çıxmış Qansu Alsu qızı Balsuyeva dedi ki, bələdiyyə nəsə maska növüdür, üzə yaxırlar.
Respondentlərin yaş tərkibi haqda da burda qısa haşiyə çıxmaq lazımdır. Məsələn, nisbətən yaşlı adamlar bələdiyyənin nəsə insan vəzifəsi olduğunu müəyyən qədər xatırlayırdılar, lakin gənclər və orta yaşlı insanlar bunu qeyri-canlı aləmə aid edirdilər. “Bələdiyyə nədir” sualımıza verilən cavablar arasında ən çox səslənənlərin siyahısına baxsanız özünüz əmin olarsınız: “Bəddua növüdür, elə-belə şeydir, həbelə şeydir, arvad corabıdır (?-Z.H.), təzə helikopter markasıdır, dinozavr adıdır, karatedə hücum hərəkətidir, xiyar sortudur, Ebola virusudur” və sairə.
Elə Beyləqandan Badamdara dana gətirən milli qəssab Nemət Hümbət oğlu Millətov da sualımıza belə cavab verdi: “Bələdiyyə bruselyoz, qarayara, dabaq kimi heyvan xəstəliyi növüdür, ancaq yolda qayilərə çox pul veririk, xahiş edirəm bunu əlaqədar təşkilatlara çatdırın”.
Mən də Nemət müəllimin arzusunu yerinə yetirirəm, “qayilərdən” xahiş edirəm Nemət müəllimin danalarını şəhərə buraxsınlar.