“Qulp” verilişi yenidən ekranlarda olacaq. Amma vaxtını və hansı telekanalda olacağını indidən deyə bilərəm”. Bunu Modern.az saytına açıqlamasında vaxtilə ANS TV-nin populyar verilişlərindən olmuş “Qulp”un müəllifi və aparıcısı Mübariz Əsgərov deyib.
O, həmçinin yeni layihə üzərində çalışdığını da bildirib:
“Hazırda yeni layihə üzərində çalışıram. Adını açıqlamaq istəmirəm, tamaşaçılara sürpriz edəcəm. Elə bəlkə “Qulp” həmin vaxtlarda efirə çıxdı”.
İndiki fəaliyyətindən danışan M.Əsgərov “Xəzər” TV-də yayımlanan “Rezonans” verilişini hazırladığını deyib: “Bu layihənin rəhbəri mənəm. Ona görə başım çox qarışıqdır. Layihə ilə yanaşı, başqa sənədli fimlər üzərində də çalışıram. Başımı qaşımağa vaxtım yoxdur”.
“Qulp” proqramı Azərbaycanın efir məkanının yaşlı verilişlərindəndir. Tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi olan “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən 2013-cü ilədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, çatışmazlıqları cəmiyyətin özünə göstərib.