Səfərə çıxdığımız ilk gündən “Qarabağ”a dəstək qrupunun üzvləri arasında qəribə bir əminlik vardı, hamımız deyirdik ki, komandamız qalib gələcək. Hətta qrupumuzun təşkilatçı koordinatoru Nicat Dağlarda daha qəti əminliklə deyirdi ki, əminəm, biz qayıdanda da bu cür, deyə-gülə qayıdacağıq, hətta ola bilər, “Sent-Etyen”lə oyuna da gedəcəyik.
Niyazın duası
Çox maraqlı oldu: 14 nəfərlik qrupumuz “Dnepr” (ukraynalıların təbirincə, “Dnipro”) otelinə varid olub otaqlar üzrə bölüşərkən mənim püşkümə iki mömin düşdü – Avropa.info saytının rəhbəri Ruslan Bəşirli və “Azadinform” agentliyinin direktoru Niyaz Niftiyev. Ruslanla çoxdan tanış idik və qatara mindiyi andan yanımdaydı, Niyazla isə ilk dəfə bu səfərdə tanış olduq.
Mömin qardaşlarım ibadətlərinin vaxtını keçirmir, vaxtında namazlarını qılırdılar. Hələ onu da deyim ki, mən yəqin dünyada ilk ateistəm ki, qiblənin yönünü müəyyən edərək möminlərə göstərmişəm – buludlu havada göyə, küləyin əsməsinə və sair faktorlara baxaraq. Ola bilər, bir neçə santimetr səhv də etmişəm, amma ümidvaram ki, hər halda 100-də 95 dəqiqlik vardı. Bunu “Qarabağ”ın qələbəsi də göstərdi. Məsələ ondadır ki, Niyaz hər dəfə namaz qılandan sonra dizini yerdən qaldırmadan dualarını ana dilində davam etdirir, əllərini göyə qaldırır və təxminən belə deyirdi: “Ey qadir Allah! Ordan bura yol gəlmişik, sən özün bu qürbət eldə “Qarabağ”ımızın yolunu açıq, işini avand et, bizi burdan ölkəmizə başıaşağı göndərmə. Sənə güvənim sonsuzdur, ey böyük Allahım”.
Niyazın bu sözü bir də “Dnepr”-“Qarabağ” oyununun 85-ci dəqiqəsində yadıma düşdü. Rəqib hücumun kəsərini artırmışdı və hamımıza elə gəlirdi ki, bu saat bir qol vurub oyunu bərabərləşdirəcək. O yerdə məndən iki-üç metr aralıda olan Niyaza dedim ki, qardaş, səni eşidir, yenə Yaradanla təmasa keç və xahiş et ki, beşcə dəqiqə də kömək eləsin, ordan bura yol gəlmişik.
Xoşbəxtlikdən, yaxşı qurtardıq. Ona görə də bir çoxları “Allahın köməkliyi ilə qalib gəldik” desələr, etiraz edəsi deyiləm.
Nihatın xeyir-duası
Ukraynaya “Qarabağ”a dəstək verməyə gedəcəyim bəlli olandan ta yola düşdüyüm günə qədər 11 yaşlı oğlum Nihat dirəşmişdi ki, mən də getmək istəyirəm. Varis bunu ürəkdən istəyirdi və əsas arqumenti də bu idi ki, o stadiona nə vaxt gedirsə, “Qarabağ” udur, bax indi də Kiyevdəki stadiona getsə, qələbə qazanacaq. Təəssüf ki, “Qarabağ” fanatı olan oğlum Kiyevə gedə bilmədi, əvəzində çamadanımı qaldıranda mənə xeyir-dua verdi, işarə etdi ki, ürəyi orda olacaq və komandamız mütləq qalib gələcək.
Oyuna baxmaq üçün stadiona getməzdən on dəqiqə əvvəl Nihatla skaypla danışdıq. Əminliklə dedi ki, ürəyinə damıb, qələbə “Qarabağ”ın olacaq. Uşaq bunu o qədər əminliklə, arxayın şəkildə dedi ki, hesabı da soruşmalı oldum və o, eyni əminliklə “bir top fərqi ilə qalib gələcəyik, 2:1 olacaq” dedi.
Oyun başlayanda olduqca həyəcanlı olan səfər yoldaşlarıma dedim ki, narahat olmasınlar, Nihat qələbə qazanacağımızı deyir, hətta dəqiq hesabı da bildirib. Elə oldu ki, gerçəkdən də bir top fərqi ilə qalib gəldik, amma 2:1 hesabıyla. Demək ki, proqnoz həm doğrulub, həm də yox. Uşaqlardan biri dedi ki, ta buna Nihat neyləsin, prinsipcə, “Qarabağ” bir dənə də vurmalıydı, vurmadı, “Dnepr” də bir qolla cavab verməliydi, qeyrəti çatmadı. Yəni proqnoz düz verilib, oyunçular işlərinə məsuliyyətsiz yanaşıblar.
Qələbə sevinci
Kiyevdəki Olimpiya stadionunu Tofiq Bəhramov stadionuna döndərmiş azərbaycanlı azarkeşlərin qələbədən sonrakı sevinclərinə baxmağa dəyərdi. Jurnalistlər isə stadionun konfrans zalında xorla Bəhram Nəsibovun məşhur “Qarabağ, can Qarabağ” mahnısını oxudular. Ukraynalı jurnalistlər onların hərəkətini böyük maraqla lentə alırdılar. Bizimkilərdən də bəziləri çəkirdi. Sonradan lentə baxanda gördük ki, səsi olmadığı üçün xorda xaric oxuyanlar varmış. Kimsə dedi ki, bu qələbə xaricdə qazanıldığı üçün xaric oxumaq olar, əsas odur ki, qələbə sevinci daxildən gəlir.
Bir sözlə, hörmətli oxucular, belə bir unudulmaz macəra yaşadıq, yaxşı başladıq, yaxşı da bitirdik, indi ölkəmizə qayıdacaq, Elbrus Erud demişkən, başımızı aşağı salıb işimizlə məşğul olacağıq.