Vasif müəllim Naxçıvandakı məşhur Əlincə qalasını təmir etdirir. Təmir deyəndə, əslində təzədən tikir, mən obyektin fotolarına internetdə baxdım, çox sevindim. Belə lazımdır. Qoy yadelli düşmənlər bilsinlər ki, biz istəsək azıxantropu bərpa edib Füzuli rayonuna icra hakimiyyəti başçısı qoya da bilərik. Buna hər cür imkanlarımız vardır.
Elmi baxımdan da yaradıcı gənclər yetişir. Misal üçün, 21 oktyabrda Bakı Dövlət Universitetində “Red Bull” enerji içkiləri firmasının müsabiqəsi keçirilmişdir. Gəlin həmin xəbərin, Anadolu türkləri demişkən, özətini AzərTAc dövlət agentliyindən oxuyaq:
“İki istənilən cism bir-birini onların kütlələri ilə düz və arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edirlər. İsaak Nyuton tərəfindən açılmış ümumdünya cazibə qanunu məhz belə səslənir. Azərbaycan tələbələri bu iddiayla bəhsə girməyə və daha bir gündəlik həqiqəti – dünyada hər şeyin nisbi olduğunu əyani nümayiş etdirməyə qərar verdi.
AzərTAc xəbər verir ki, Bakı Dövlət Universitetinin ərazisində Yerin cazibə qüvvəsini keçməyə çalışan texniki ixtiraların hazırlanması üzrə, tələbə komandalarının arasında keçirilən “Red Bull Gravity Challenge” müsabiqəsi keçirilib. Tapşırığa əsasən gənclər çiy toyuq yumurtasını 15 metrlik hündürlükdən Yer səthinə, sınmadan endirə biləcək kreativ aparat yaratmalı idilər.
“Red Bull Gravity Challenge” müsabiqəsində, hər biri üç nəfərdən ibarət olan 26 komanda iştirak etdi. Müsabiqədə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət İncəsənət Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin, Dövlət Aviasiya Akademiyasının, “Qafqaz” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun və Azərbaycan Turizm İnstitutunun tələbələri iştirak etdilər.
Küləkli hava iştirakçıların qarşısında qoyulmuş məqsədi çətinləşdirsə də, əksər komandaların çıxışları müvəffəqiyyətlə sona çatdı. Müsabiqədə 22 bal ilə BDU-nun “Cats Avengers” komandası qanadlı yumurta şəklində tunc kubokun və 150 AZN mükafatın sahibi oldu. 25 bal toplamış ADNA-nın “Android” komandası gümüş kubokun və 300 AZN mükafatın sahibi oldu. “Red Bull Gravity Challenge” müsabiqəsinin qalibi, 450 AZN mükafatın və qızıl kubokun sahibi rekord 28 bal toplamış BDU-nun “Wingers” komandası oldu”.
Bəh-bəhE Mən 3-4 gündür bu hadisənin təəssüratları altındayam, özümə gələ bilmirəm. Görün bizim universitetlərdə necə savadlı tələbələr yetişir, yumurtanı qanadlandırırlar, cazibə qüvvəsini “sındırırlar”. Fəxr ediləsi uşaqlardır. Bu gənclər sabah Qarabağı da alacaqdır!
Universitetlərimizin çiy yumurtanı sağ-salamat yerə endirməsi elmi-praktik cəhətdən çox səmərəli hadisədir. Misal üçün, görürsən tələbə kənddən Bakıya gəlir, valideynləri ona kənd toyuğu yumurtası payı qoyurlar, yolda bunlar sınır, intellektual nəqliyyatımız bulanır. Sovet dövründə kəndlilər belə yumurtaları qəzet kağızına bükürdülər, ancaq indi qəzet satışı demək olar ləğv edilibdir, qəzet oxuyan tələbə isə qar bəbiri kimi nadir canlıdır. Bəs nə etməli? Kənd yumurtasını universitetə necə çatdırmalı?
Gördüyünüz kimi, tələbələrimiz, türkün sözü, öz yumurtalarını qanadlandırmağı bacarırlar. Bu gün yumurta uçurdan, sabah toyuq tükündən raket qayırar. Elmimiz hər cür inkişaf edir, bu münasibətlə hamınızı sevinməyə çağırıram.
“Red Bull” universitetlərimizi “qanadlandırır”, indi gərək başqa şirkətlərin də elmi təcrübələrinə ali məktəblərimiz cəlb olunsunlar. Misal üçün, deyilənə görə “Coca Cola” ülgücü əridir. Tələbələr arasında ülgücü ərimədən “Cola”dan çıxartma yarışları qayırılsa, millətimiz çox şad olmazmı? Sonra həmin ülgüclə imkansız ailələrin uşaqlarını sünnət eləmək layihəsi həyata keçirilməsi üçün prezident yanında Qeyri-Hökumət Təşkilatları Şurasına müraciət oluna bilər, nəticədə bir daşla iki quş vurular.