“Müsavat” partiyasının keçmiş lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər ABŞ prezidenti Barak Obama ilə də görüşüb.
ANS PRESS-in məlumatına görə, Nida Vətəndaş Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru olan Turqut görüşdə çəkilən fotonu Facebook səhifəsində paylaşıb. Şəkil Ağ Evin fotoqrafı tərəfindən çəkilib.
Görüş təxminən 1 ay əvvəl ABŞ-da baş tutan Clinton Global Initiativen (Klinton Qlobal Təşəbbüsü) vətəndaş cəmiyyəti, qlobal problemlər mövzularında təşkil olunmuş tədbir çərçivəsində baş tutub. Hərəkat liderinin sözlərinə görə, həmin tədbirin gedişində prezident Obamanın çıxışından qabaq onunla qısa görüş imkanı olub.
Turqut Qənbər fotoya belə şərh verib: “Təxminən 1 ay bundan öncə ABŞ-da səfərdə idim. Bu səfər gedişində keçirilən 1-2 görüşdən şəkil də paylaşdım. Səfər çərçivəsində mən həm də Clinton Global Initiative’n (Klinton Qlobal Təşəbbüsü) vətəndaş cəmiyyəti, qlobal problemlər və s. mövzularda təşkil olunmuş tədbirində də iştirak etdim. Həmin o tədbir ki, Obama dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti üçün yaradılan problemlər barədə danışdı. Bu tədbirin gedişində prezident Obamanın çıxışından qabaq onunla qısa görüş imkanımız da oldu. Bu da həmin görüşdən şəkil.”