Siyasi məhbuslardan olan Hilal Məmmədova öz övladının toyunda iştiraka icazə verildi. Siyasi dustağa qarşı bu insani jesti ilə təxminən eyni günlərdə – oktyabrın 22-də Azərbaycanda İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyəti 6 illik fasilədən sonra bərpa edildi. Təbii, hər iki hadisə analitiklərin diqqətindən yayınmadı, şərhlər gəldi, uzaqgedən proqnozlar səsləndirildi.
Bir sıra müşahidəçilər özəlliklə sonuncu hadisəni iqtidarın ölkədə təməl insan haqları ilə bağlı gərgin situasiyanı yumşaldacağı yönündə anons saydılar. Bənzər təxminlər fonunda ABŞ və Avropa Şurası sonuncu yeniliyi təqdir edən açıqlamalar verdilər.
Təbii ki, ölkənin birinci şəxsinin iradəsi olmadan belə bir gəlişmə mümkün ola bilməzdi. Ancaq hansı motivlə olur-olsun, pozitiv hadisədir. Bir sıra təhlilçilər bunu hətta ölkədə insan haqları ilə bağlı təzə, müsbət prosesin başlanğıcı kimi dəyərləndirməyin tərəfdarıdır.
Olsun. Könül istər ki, Azərbaycanda siyasi məhbus probleminin qapanmasına gətirəcək bir proses həqiqətən, tezliklə start götürsün və maksimum qısa zaman kəsiyində yekunlaşsın, nəinki növbəti dəfə müəyyən cari hədəflərə hesablanmış görüntü niyyəti güdsün. Yeri gəlmişkən, skeptiklər ənənəvi olaraq məsələyə məhz bu rakursdan baxırlar.
Onlardan bəzilərinin nəzərincə, insan haqları məsələsinə Azərbaycan iqtidarının yanaşmasında son yumşalmalar oktyabrın 27-də Vaşinqtonda başlayacaq və kifayət qədər sərt ab-havada keçəcək Azərbaycanla bağlı dinləmələrlə də əlaqəli ola bilərdi. Və yaxud iqtidarın durumuna neftin ucuzlaşmasından dolayı vəziyyətin təsir göstərdiyini zənn edənlər var.
Əgər belədirsə, yenə – xub. Deməli, hakimiyyət rəsmiləri beynəlxalq tənqidləri, dünyadakı prosesləri hər halda ciddiyə alırlar, ölkənin imicinin yaxşı vəziyyətdə olmadığını fərq edirlər, siyasi həbslər sahəsində qədərindən çox “odun doğradığını” bilirlər. Pozitiv irəliləyiş isə ilk növbədə problemin varlığını qəbul eləməkdən başlayır.
Əlbəttə ki, Azərbaycanda siyasi dustaq probleminin mövcudluğunu israrla danmaqla problem aradan qalxmaz. Əgər az qala bütün dünya bu problemi bizə vaxtaşırı xatırladır, irad tutursa, biz isə heç nə olmayıbmış kimi müqavimət göstərib siyasi dustaqların sayını daha da artırırıqsa, bunun axırı nə hakimiyyət, nə də Azərbaycan üçün yaxşı qurtarmayacaq. Niyə?
Ona görə ki, Azərbaycan böyük, regional və ya dünya siyasətinə təsir edən fövqəldövlət deyil, balaca ölkədir və üstəlik, könüllü götürdüyü bir sıra öhdəliklərlə beynəlxalq qurumlara bağlanıb. Yəni boyun olduğu ortaq qaydalara, universal dəyərlərə enində-sonunda o, daha doğrusu, onun hakimiyyəti əməl etməlidir.
Başqa variant, başqa yol yoxdur. Başqa yol – yəni təməl insan haqlarına, beynəlxalq hüquqa xroniki sayğısızlıq özünütəcridə, sanksiyalara aparır. Böyrümüzdə Rusiya nümunəsi var artıq. Ancaq o Rusiyadır ki, hələlik dözür, duruş gətirir. Allah eləməmiş, hədəfə Azərbaycan gəlsə, qat-qat acınacaqlı mənzərə və aqibətlə üzləşə bilərik. Bura əlavə edin, neftin geridönməz şəkildə yavaş-yavaş ucuzlaşmasını.
Axı, gündə 5 dəfə “Bizdə siyasi dustaq, əqidəsinə, fikrinə görə təqib edilənlər yoxdur” deməklə problem öz-özünə yox olmur. Bu, ona bənzəyir ki, doğulan uşağa metirka (yaş kağızı) verməməklə onun varlığını danırsan. Uşaq metirkasız böyüyürsə, bu, o deməkdir ki, mövcud deyil?..
****
Azərbaycanda insan haqları sahəsində durumun təcili şəkildə yaxşılaşmasını həm də həll prosesində qəfil kolliziyalar vəd edən Qarabağ problemi diktə edir. İş ondadır ki, Rusiyanın getdikcə sanksiyalardan zəifləməsi ilə nizamlama prosesində təşəbbüskarlıq Qərbə keçə bilər. Qərb isə Moskvadan fərqli olaraq problemin həllində demokratiya prinsipləri və təməl insan haqlarına ciddi önəm verir. İndi məntiqlə, Azərbaycanın 4/5-də universal haqlar gözlənilmirsə, Qarabağdakı erməni vətəndaşımıza insan haqları ilə bağlı verəcəyimiz zəmanətə kim inanar?
Bəs özümüz necə, inanarıqmı?..
P.S. Yazı tamamlananda bəlli oldu ki, Leyla Yunusun həbs müddəti daha 3 ay uzadılıb…