(Yazını 5 yaşlı Oğuza həsr edirəm)
Yayda belə bir xəbər verilmişdi ki, Qafqaz Müsəlmanları İdarəsi Milli Təhlükəsizlik Nazirliyinin arxivində araşdırmalar aparır. Məqsəd QMİ-nin tarixini öyrənmək imiş.
Düzü, mən bilmirəm keçmiş NKVD-KQB sovet dövründə nə qədər din xadiminə divan tutub, neçə məscid dağıdıblar, idarələr arasında indiki funksional əməkdaşlıq hansı səviyyədədir, hər halda mollaların çekistləri araşdırması mənfi nəticələr verəcəkdi. Necə deyərlər, cavab atəşi olmalı idi. Mən hökumətin ehsan sahəsində islahat cəhdlərinə məhz bu nöqtədən baxıram.
Prinsipcə, fağır Azərbaycan mollalarının (siz bunların dünyadakı alternativlərinə baxsanız mənim nə qədər haqlı olduğumu görərsiniz) əlində bir ehsan qazanı qalmışdı, hökumətin həmin qazana göz dikməsi mənfi haldır. Bunun nəticələri heç yaxşı olmayacaqdır, belə işlər görənlərin tarixən əlləri quruyub, gözləri tökülübdür.
Məni ziyalı-miyalılarımız da xeyli dərəcədə narahat edir. Sanarsan bölgənin lider dövləti olan respublikamızda ehsan və toy süfrələrində israfçılıqdan başqa problemli mövzu yoxdur, hamı ancaq bunu müzakirə eləyir. Şairlər, yazıçılar, manıslar, mühəndis və həkimlərimiz, müəllim və prokurorlarımız – hər kəs süfrələrdə bolluqdan danışır. Deyirlər yemək çox idi, süfrədə artıq qaldı, xarab oldu. Hökuməti bu cür mənfi hallarla mübarizəyə çağırırlar. Guya hökumət bildirçin kababını çox verən şəxsi tutub dama salmalıdır.
Hələlik toy sahəsinə elə bir ciddi müdaxilə qeydə alınmayıb, ancaq gələn siqnallara görə ehsan qazanlarının hökumət tərəfindən müsadirə edilib hərbi hissələrə aparılması, bəzi yerlərdə isə icra hakiminə rüşvət verib ehsan süfrəsi açmaq halları olmuşdur. QMİ bu cür zorakılığa etiraz edir, mən də şəxsən şeyxin idarəsini dəstəkləyirəm. “Hər kəsin istədiyi formada süfrə açmaq hüququ vardır” – bu müddəa Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Konvensiyasında açıq-aydın yazılmışdır.
Yuxarıda qeyd elədiyim kimi, əslində bizi başqa problemlər narahat etməlidir. Misal üçün, dünən internetdə avtoxuliqanlıq edən bir sürücü, onun eyni nömrəni taxdığı müxtəlif maşınlar haqda video var idi. Yazmışdılar ki, bunun nömrəsi yol polisinin qeydiyyat sənədlərindən çıxmırmış. Bir növ, gözəgörünməz avtomobildir. Bəlkə elə bu avtomobildə hansısa müqəddəs insan, qurbanolduğumuz zühur edibdir, gedib nömrəsini öpməliyik? MTN və QMİ belə sirli, paranormal hadisələri birgə araşdırmaq yerinə normal məclislərə niyə qarışıqlıq salır? Hələ kimsə ehsan yeyib, partlamaya düşüb ölməmişdir. Bəs bunun nəyi israfçılıqdır? O cümlədən, toyda da yeməkdən ölən yoxdur, hamısı əfsanə söhbətdir.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi adlı bir qurum var, rəhbəri də hörmətli alimlərimizdən Telman Zeynalov adlı şəxsiyyətdir. Respublikamızda güclü külək əsəndə Telman müəllim görün onu necə izah edir: “Amerikalıların əlində qasırğa yaradan silah var.
Onlar Azərbaycandakı uğurları, inkişafı gözləri götürmədiyi üçün ölkəmizdə qasırğalar yaradırlar”. Sən də elə bilirsən ağacın qırılıb Məhərrəmin “Prado”sunu yastılaması təsadüfdür… Amerika ilə mübarizə aparmaq, onun qasırğa silahını həmyerlimiz, Həmid Herisçinin dostu olan alimin tektonik silahı ilə vurmaq yerinə bizə yaraşarmı ehsan-süfrə-halva-bozbaş-menyü davası aparaq? Halbuki, tektonik silahımızla qasırğa silahını küllənküf edə bilərdik bu müddətdə. Allahın lənəti olsun başımızı xırda işlərə qatanlara! Hare Krişna!
Sözgəlişi, bələdiyyə seçkilərinin də vaxtı çatıb, ancaq bir telekanalizasiya, bir qəzet, bir qurum bunu müzakirə eləmir. Seçki, hakimiyyət məsələsi sanki xalqa aid deyil. Mən buna etirazımı bildirir, əlaqədar orqanlara çatdırıram ki, özlərini düzəltsinlər, yoxsa transformerlərə deyərəm, gəlib ağzınızı cırar.