Bazar günü “Artur Rəsizadədən vacib qərar” xəbərini görəndə yəqin çoxları sevincək olub. Şəxsən mən ani olaraq düşündüm ki, yəqin cənab baş nazir temperaturun kəskin enməsini, bölgələrə artıq neçənci dəfədir qar yağması səbəbindən Bakıda da soyuqların düşməsini nəzərə alıb qazanxanaların vaxtından qabaq işə salınması haqda əmr verib…
Ancaq mətni oxuyanda gördüm yox, cənab Rəsizadə bütün xəstəxanalarda “Diridoğulmanın beynəlxalq meyarları”nın tətbiq edilməsi haqqında qərar verib. Olsun. Ancaq əgər söhbət dünya standartlarından gedirsə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinin nəzərə alınmasından gedirsə, gərəkdir ki, “diri doğulanlar”ın soyuqdan qorunması qaydaları da unudulmasın. Soyuqdan donan uşaq və ya ananın sağlamlığından danışmaq olmaz təbii ki.
Məsələ bundadır ki, bir qayda olaraq qazanxanalara qazın verilməsi və binaların istiliklə təminatına hər ilin 15 noyabrından başlanılır. Keçən il üçün bu, bəlkə də keçərli idi, hava xoş keçirdi. Amma bu il vəziyyət fərqlidir. Budur, musavat.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərini yayıb: “Sabah (27 oktyabrda-E.P.) Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək… Bakıda və Abşeron yarımadasında isə oktyabrın 27-də havanın temperaturu gecə 6-8 dərəcə olacaq”.
Bir neçə gün əvvəl “Azəristiliktəchizat” ASC-nın sədr müavini İlham Mirzəliyev qəzetimizə bildirmişdi ki, əgər hava kəskin soyusa, qış rejiminə tez keçilə bilər. Sitat: “Bütün dünyada istilik sisteminin verilməsinin qaydaları var. Havanın temperaturu 8 dərəcədən aşağı düşəndə istilik sistemindən söhbət gedə bilər”.
Budur, artıq Bakı və Abşeron yarımadasında temperatur 6-8 dərəcə arasındadır. Deməli, qazanxanaların işə salınması üçün tam əsas var. Ancaq ənənəvi qrafikin dəyişdirilməsi üçün hökumətin rəsmi icazəsi olmalıdır. Bu gün ölkədə qrip tüğyan edir, istiliyin olmaması vəziyyət daha da pisləşdirə bilər. Məktəbdəki, bağçadakı balalarımıza necə anladasan ki, istiliyin olması üçün Artur müəllimin razılığı lazımdır.
Rusiyada uzun müddət yaşamış tanışım deyir ki, ilin dörd fəsli isti, ya soyuq su, yaxud istilik dərdi çəkməyib, bura qayıdandan sonra havalanıb. Bakının fasiləsiz su ilə təmin olunacağı deyilsə də, sutkada 4-5 saat su verilir, qəbulumuzdur. İsti su ilə təchiz olunmaqdan şəkimizi vurmuşuq. Heç olmasa beton divarları isitmək üçün istilik verilsin. Axı hamı mənzilinə 1000 manatdan baha başa gələn kombi sistemini çəkdirə bilmir.
Şübhə yox ki, “Azəristiliktəchizat” qrafikin dəyişdirilməsinə ikiəlli razıdır. Nədən olmasın? Sakinlərə bir ay qabaqdan istilik veriləcək, əvəzində istilikdən istifadə haqqını yığacaq. Qurumun rəsmi açıqlamasında görə, bu il payız-qış mövsümündə 3500 yaşayış binasının, 281 məktəbin, 155 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub. Söhbət 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimində çalışmasından gedir. Hətta araşdırmalarımız zamanı onu da öyrəndik ki, qurum binaların sakinlərinə qabaqcadan mənzillərdəki xətləri işlək vəziyyətə gətirməklə bağlı xəbərdarlıq edib, eyni zamanda borulara su vuraraq qazanxanaların işə salınması barədə tapşırıq almağa hazır dayanıb.
Yeri gəlmişkən, “Azəristiliktəchizat” ASC yarananda istiliklə təmin olunan binaların sayı 988, 2006-ci ildə 1750, 2007-ci ildə 1933, 2008-ci ildə 2035, 2009-da isə 2153 olub. Yəni xeyli artım var. Bu, həm də abunəçi sayının artması deməkdir. Bir ay əlavə istiliyin verilməsi həm də qurumun maliyyə imkanlarının artmasına, həm də dövlətin qazanmasına xidmət edirsə, nədən hökumət 15 noyabrı gözləyir?
Üstəlik də 26 oktyabrdan ölkəmizdə Baş nazirin əmri ilə qış vaxtına keçilib. Saatlar həm də artıq enerji sərfiyyatının qarşısını almaq üçün geri çəkilib. Əgər vətəndaş soyuqdan donmamaq üçün istilik sobası, kondinsioner işlətməli olacaqsa, bu, daha çox enerji israfı deməkdir. Bəlkə hökumət bu barədə düşünsün.
Bu günlərdə kiminlə rastlaşırsansa, soyuqdan şikayətlənir. Avropanın mühüm tədbirlərinə ev sahibliyi edən Bakıda…Axı biz kosmosa ikinci peyki hazırlayırıq, nə çətin işdir vətəndaşın rifahı üçün bir az artıq mazut sərf olunsun? İnanırıq ki xeyli insanı narahat edən bu problem aradan qaldırılacaq. Avropanı qızdıran qazımız qoy bir ay da özümüzü artıq isitsin, olmazmı..?