Putinin son publik çıxışı göstərdi ki, adam ənənəvi KQB-çi ampluasına sadiqdir. Onun növbəti dəfə Qərbi asıb-kəsməsi, Ukraynadakı vəziyyətə görə məhz ABŞ və Avropanı baiskar elan eləməsi (guya bütün bunlar Rusiyanın Ukraynanın ərazisini işğal eləməsinə, beynəlxalq hüquqa tüpürməsinə haqq qazandırır) öz hərəkətlərinə görə hələ də zərrəcə peşmançılıq hissi keçirmədiyinə şübhə yeri saxlamır.
Putin və onun siyasətini dəstəkləyən qaragüruh doğru yolda olduğunu, onun işğalçı siyasətinə qarşı çıxan sivil dünyanın isə yanlış, hətta ədalətsiz mövqe tutduğunu düşünür. Belə təfəkkür yiyəsinin hakimiyyət olimpinin başında durduğu Rusiya ilə qonşu olan kiçik dövlətlərin vay halına!.. İşə bax ki, NATO üzvü olan həmsərhəd Baltik ölkələri də artıq dəlisov Putindən ehtiyatlanır. Gör indi heç bir hərbi blokun üzvü olmayan Moldovanın, Gürcüstanın, Azərbaycanın durumu necə olar.
Gerçəkdən də o ölkələr xoşbəxtdir ki, özü ilə bahəm, qonşuları da demokratikdir. Kremlin ən böyük təhdidi ilə üzləşən postsovet ölkəsi isə şübhə yox ki, “2014-cü ilin ölkəsi” adına layiq Ukraynadır. Ölkə öz müstəqillik tarixində ən ağır sınaqlardan keçməkdədir. Dövlətçiliyi görünməmiş təhlükə ilə qarşı-qarşıyadır, nədən ki, Rusiya kimi yırtıcı dövlətlə qabaq-qənşərdir, onun birbaşa təhdidləri, açıq avantürası ilə üz-üzədir.
Deyilə bilər ki, demokratik dünya, Qərb, beynəlxalq hüquq Ukrayna xalqının yanındadır. Ancaq “Nə qədər mamaça olsa belə, güc doğana düşür” məsəli də var. Yəni cəhənnəmdən çıxmaq ən əvvəl Ukrayna xalqının problemidir. Xalq isə yavaş-yavaş da olsa, salındığı quyudan çıxmağa başlayıb.
Artıq xilas üçün vacib şərtlərdən biri – legitimlik böhranı qaradan qalxıb. Ölkədə azad və ədalətli prezident seçkiləri baş tutub. Ötən bazar növbədənkənar parlament seçkiləri reallaşıb. Bununla da hakimiyyətin iki əsas qollu – Ali İcra hakimiyyəti və parlament hakimiyyəti legitimlik qazanıb, siyasi qüvvələrin “ayağı” küçələrdən yığışıb, Ali Rada müstəsna olaraq qərbyönlü qüvvələrdən formalaşıb.
Artıq Ukrayna siyasi-hərbi böhrandan çıxmağın ikinci, daha mühüm mərhələsinə qədəm basa bilər. Söhbət köklü iqtisadi-demokratik islahatlardan, dövlətçiliyin təməlini qazıyan korrupsiyaya qarşı dövlət səviyyəsində təsirli mübarizəyə başlamaqdan gedir. İndi bunun üçün heç vaxt olmadığı qədər münbit siyasi-hüquqi zəmin mövcuddur, qanunvericilik bazası önündə son maneə də götürülüb. Başlıcası, ölkə rəhbərliyində, prezidentdə siyasi iradə var.
İslahatlar isə həm də xarici sərmayənin ölkəyə axınını stimullaşdırmaq və qısa zamanda Ukraynanın effektli müdafiə qabiliyyətini təmin eləmək, NATO standartlarına uyğun ordu qurmaq üçün vacibdir. Ukrayna bu yöndə kiçik addımlarla da olsa irəli gedir. Çünki minimum səviyyədə milli barış təmin olunub…
Ukraynanın “döyüşə-döyüşə” qazanmaqda olan qiymətli təcrübəsi Azərbaycandan ötrü xüsusilə önəmlidir. Ona görə ki, üzləşdiyimiz problemlər, xarici təhdidlərin xarakteri oxşardır. Ən mühüm örnək odur ki, Ukrayna xalqı müharibə vəziyyətində də ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olduğunu nümayiş etdirdi (Bundan qabaq qonşu Gürcüstan eyni örnəyə imza atmışdı). Daha Qarabağ məsələsini bəhanə edib “ölkədə demokratiyaya keçid üçün şərait yoxdur” kimi demaqogiyalar keçərli sayıla bilməz.
Söz düşmüşkən, 20 ildən çoxdur Azərbaycanda prezident və parlament seçkiləri qoşa “8”, qoşa “7”-lərlə ifadə olunan nəticələrlə bitir. Amma Ərdoğan, Poroşenko 50 faizdən bir az çox səslə qalib gəliblər – 51 və 55%; Türkiyə və Ukraynanın parlament seçkilərində qalib siyasi qüvvənin səs faizi də 30-40, hətta 25-i aşmır. İnandırıcı, legitim seçki budur. Çoxpartiyalı parlament belə qurulur, demokratiya monoloq yox, rəngarənglilikdir, fərqlilikdir…
***
Ancaq hər xalq xoşbəxtlik reseptini özü yazır. Yəni Gürcüstanın, Ukraynanın təcrübəsini sözsüz ki, ciddiyə almalıyıq. Fəqət, milli qurtuluş reseptini özümüz tərtib eləməliyik. Bundan ötrü də istək olmalıdır: xalq olaraq qurtulmaq, rifaha qovuşmaq, mədəni və azad millətlər cərgəsinə qoşulmaq istəyi! Əvvəlcə istək, məram, hədəf, sonra – “mamaça”…