Çeçen lider Ramzan Kadırovun nazirinin qızı olan Seda lüks həyatını geridə buraxaraq bir İŞİD xadimi ilə evlənmək üçün Suriyaya gedib. İddiaya görə, İŞİD lideri Əbu Ömər Sədanın evləndiyi şəxsi öldürərək onu öz həyat yoldaşı edib.
Suriya və İraqda ələ keçirdiyi torpaqlarda xilafət elan edən terror təşkilatı İŞİD-in Kobaniyə hücumuna səbəb olan liderlərdən olan gürcü Əbu Ömər uzun müddətdir dünya mətbuatının gündəmində yer alır. Əbu Ömərin çeçen həyat yoldaşı Seda Dudurkaevanın isə film kimi bir hekayəsi var…
Nazir Asu Dudurkaevin qızı olan gənc qadın lüks yaşam tərzinə sahib idi. Gözəlliyi ilə ad çıxaran Seda internet üzərindən Suriyada cihatda iştirak gedən bir gürcü olan Hamzat ilə tanış olur. Hamzat İŞİD liderlərindən Əbu Ömər Şişhaninin yaxın adamı idi. Döyüşlərdən birində Hamzat yaralandığından, Seda onun yanına getməyə qərar verir.
Türkiyədəki vasitəçilərin köməyi ilə Suriyaya gedən Seda, geri dönmək istəmir və Hamzat ilə evlənir. Sədanın İŞİD-ə qatıldığı ortaya çıxınca Ramzan Kadırov onun atasını “fanatik qızına nəzarət edə bilmədiyi üçün” kabinetdən atır. Həmçinin o, Sədanın geri dönməsini Çeçenistan üçün bir “şərəf məsələsi” elan etdi.
Həmçinin Hamzatın anası oğlu ilə danışaraq onu Suriyada ziyarət etmək üçün razılığını alır. Çeçen rəhbərliyi səlahiyyətliləri də həmin qadınla ünsiyyətə keçərək Suriyaya gedəndə Sədanı da geri gətirmələrini istəyir.
Hamzat və Seda olduqca yoxsul idi. Ancaq Hamzatın anası Açişvilinin sözlərinə görə, Seda bu vəziyyətə rəğmən, oğlunu sevirdi. Açişvili Sedaya ailəsinin onu çağırdığını bildirir, o, isə Suriyada özünü azad hiss etdiyini və orada öləcəyini söyləyir. Ancaq ana Suriyadan Gürcüstana qayıtdıqdan 4 gün sonra Hamzatın ölüm xəbəri gəlir. Hamzat öldükdən sonra Seda da ailəsinin yanına geri dönməyə qərar verir. Ancaq Əbu Ömər buna icazə vermir və “bir şəhidin arvadının yalnız buraxılması mümkün deyil”,- deyərək Sədanı öz həyat yoldaşı edir. Ancaq Əbu Ömərin Hamzatı qəsdən öldürdüyünə dair dedi-qodular da yayılıb. Çünki bir hücumdan dönərkən maşını partlayan Hamzatın ölümündə ciddi şübhələr var.
Musavat.com