“Nida” təşkilatının artıq keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, o, YAP Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.
Elsevər Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum”, – deyə qeyd edib.
Qeyd edək ki, keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxıldıqdan dərhal sonra Heydər Əliyevin məzarını ziyarət etmiş, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirmişdi.