Hara gedirsən, harda üç adamın söhbətinə düşürsən, söz ya bacısının başını kəsən qızdan gedir, ya jurnalist həmkarımızın türkiyəli sənətçiyə ərə getməsindən (daha dəqiqi, ərə gedib-getməməsinin nə dərəcədə real olmasından), ya da başqa bu kimi şeylərdən.
Hər kəs bu tipli xəbərlərdə “müəmma”, “pərdəarxası”, “əslində belədir” axtarır və ən maraqlısı odur ki, hamı nəsə tapır.
Bizdə bu cürdür, hər şeydə mütləq müəmma olmalıdır, hər baş verən olayın hökmən pərdəarxası var və heç ola bilməz ki, hər şey göründüyü kimi olsun, yox, əslində başqa cürdür.
Məsələn, tanınmış jurnalist türkiyəli sənətçiyə ərə gedə bilməz, ikisi də tanınmış adam olduğu üçün mütləq bu işdə bir iş var – izdivac şou xarakterlidir, reytinq üçündür, qarşılıqlı razılaşma əsasında bağlanmış yalançı nikah müqaviləsidir. Hamı bu versiyaya daha həvəslə inanardı. Desələr ki, belədir, bir çoxları deyəcəkdi, bəli, belə də bilirdik, yoxsa nə aşk, nə mutluluq…
Bizimkilər istərdi ki, bu evlilik illüzionist Devid Kopperfildlə aktrisa Sindi Kroufordun arasından nikah və eşq macərası kimi bir şey olsun. Yəni gendən-genə, kağız üzərində. Avropa mətbuatı 7-8 il bu cütlüyün münasibətindən, ailə həyatından yazdı, amma nə Devidi Sindinin yanında görən oldu, nə də Sindinin ABŞ-a, ərinin yanına getdiyini duyan olmadı. Beləcə cütlük xeyli müddət “evli” oldular, axırda aşkara çıxdı ki, hər şey biznes səciyyəsi daşıyıb – yəni səninki səndə, mənimki məndə, qoy şou-biznes reportyorları adımızı hallandırsanlar. Vəssalam. Bu baxımdan bizim camaat da elə bir şey arzulayır. Yoxsa bir jurnalist xanımın mutluluğunu sinirə bilməyəcək.
(Amma tərəflər etiraf etsələr ki, bəli bu, bir şou-biznes proyektidir, onda da camaat o saat pıçıldaşacaq ki, yox, sənətçi ilə jurnalistin arasında doğrudan da bir şeylər var).
Gecə vaxtı durub bacısını öldürən qızın vaqiəsi lap dəhşətli və müəmmalıdır. Qız özü deyir ki, ona vəhy gəlib ki, dur bu işi gör. Camaat buna inanmır, çünki vəhy hər adama gəlməz, gəlsə də bu xarakterdə olmaz. Qızı killer yerinə qoyub qətl sifariş ediblər, bu necə ilahi vəhy ola bilər. Belə bir şey varsa da, bu psixiatrik hadisədir, bunun dini-mistik əsasları yoxdur. Amma bizim camaat çox istərdi ki, söhbət nə vəhylə, nə də ruhi tarazlığın pozulması ilə bağlı olsun. Bizimkilər daha konkret və daha dünyəvi motiv istəyirlər. Məsələn, arzuolunandır ki, bu qətl eşq-məhəbbət müstəvisində olsun. Belə olsun ki, hər iki bacı bir oğlanı seviblər, bölüşə bilməyiblər, ona görə də biri durub o birini, öz rəqibini, “araya girən qaratikan kolunu” zərərsizləşdirib.
Bax, belə bir söhbət yayılsa, daha çox adam inanacaq, deyəcəklər, hə, hə, elə olar, yoxsa nə vəhy, nə vergi…
Odur, məşhur blogger (onu “ölkənin bir nömrəli jurnalsit” adlandıranlar da var) Mehman Hüseynov uzun sürən ağır ayrılıqdan sonra yenidən ortaya çıxıb, amma camaat onun bu üç ayda harda olması barədə özünün irəli sürdüyü versiyalara inanmır və heç “bir nömrəli” olmasına da baxmırlar, elə bilirlər ki, Mehman onlara nömrə gəlir. Adam deyir, ortalıqda olmadığı vaxtlarda səfil həyat tərzi keçirib, orda-burda gecələyib, sıxıntı, iztirab çəkib, amma inanan çox azdır. Əksəriyyət daha çox iki versiyaya inanmaq istəyir: 1. Mehmanı tutublar, necə lazımdır, “nakazat” eləyiblər, sındırıblar, sonra tam zərərsizlşdirəndən sonra buraxıblar ki, di get, atdanıb düşmə; 2. Mehman xarici səfirliklərin birində gizlənib, yeyib-içib dincəlib, sadəcə, İnternetə yaxın qoymayıblar ki, yeri bilinər, lap axırda da həmin səfirlik hökumətlə anlaşıb və onun otaya çıxmasına şərait yaranıb.
O hadisənin pərdəarxası məhz belə olmalıdır, ictimai rəy başqa versiyanı qəbul eləmir.
Yox, əgər Mehman desəydi ki, görünmədiyi aylarda içəridəydi, işgəncələrə məruz qalırdı, deyəcəkdilər, yox, özünə dosye düzəldir, xaricə getmək istəyir. Hətta məşhur blogger səfirliklərin birində viski içə-içə gün keçirdiyini etiraf eləsə, onda da deyəcəkdilər ki, yalan deyir, Allah bilir, hansı hüquq-mühafizə orqanının zirzəmisində şampan içirirmişlər ona.
Bu ölkə belədir, qardaşlar, burada hər şeyin pərdəarxası var, nə olur, müəmmalıdr və əslində elə deyil…