Alman mütəxəssis Berti Foqts futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi postundan istefa verəndən sonra milli komandaya kimin rəhbərlik edəcəyi əsas müzakirə mövzularından biri idi.
Milliyə nəhayət ki, yeni baş məşqçi tapılıb. Virtualaz.org saytının da xəbər verdiyi kimi, Serbiyanın “Srvena Zvezda” klubunun sabiq baş məşqçisi, Xorvatiya yığmasının keçmiş futbolçusu Robert Prosineçki gələn həftə Azərbaycan millisinin baş məşqçisi kimi təsdiqlənəcək.
Məlumatda deyilir ki, xorvat mütəxəssislə AFFA arasında artıq razılaşma da əldə olunub. Xorvatiya millisində köməkçi məşqçi kimi işləmiş Robert Prosineçki ilə noyabrın 4-də rəsmi müqavilə bağlanacağı gözlənilir.
B.Foqts gedəndən sonra idman ictimaiyyəti “Milliyə kim rəhbərlik etsin: ona yenə də indiyə qədərki ümidləri doğrultmayan əcnəbi mütəxəssislər rəhbərlik etsin, yoxsa milli yerli məşqçilərə tapşırılsın” sualı ətrafında qızğın diskussiyalar aparırdı.
Beləliklə, bu sualın ikinci hissəsi aktuallığını itirir. Milli yenidən əcnəbiyə həvalə olunur. Amma başqa bir sual yenidən gündəmə gəlir: yeni əcnəbi baş məşqçi Azərbaycan futbolunu düşdüyü bu böhranlı vəziyyətdən xilas edə biləcəkmi?
Virtualaz.org saytı bu sualla azərbaycanlı futbol mütəxəssislərinə müraciə edib.
Şahin Diniyev
2005-2007-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olmuş Şahin Diniyev Robert Prosineçkinin milliyə gətirilməsi xəbərinə belə münasibət bildirdi: “Bu məlumat hələ ki, təsdiqini tapmasa da ümumiyyətlə xarici məşqçilərin Azərbaycana gətirilməsi layihəsi özünü doğrultmur. Nə milli komandada, nə də klub səviyyəsində işləyən əcnəbi məşqçilər Azərbaycan futbolunda heç bir uğur əldə edə bilmir. İndiki zamanda yerli mütəxəssislərin futbolumuza öz töhfələrini verməsi ən optimal variant olardı. Xarici məşqçi Azərbaycan komandasında o zaman uğur qazana bilər ki, gərək həmin mütəxəssis ilin 365 gününü bizim ölkədə olsun və xalqımızın mentalitetinə dərindən bələd olsun. Ümumiyyətlə, məşqçi gərək hər bir futbolçunun potensialını bir günün içində yox, heç olmasa il ərzində müəyyən etsin. Əgər kimsə xaricdə oturub milliyə başçılıq edəcəksə, biz heç vaxt milli komandada uğurun şahidi olmayacayıq. Məşqçinin ən başlıca vəzifələrindən biri futbolçu ilə onun dilində danışmasıdır, tərcüməçi vasitəsilə yox”.
Şahin Diniyev ona AFFA-dan bununla bağlı hər hansı bir təklifin gəlib-gəlmədiyi barədə sualı cavablandırmaqdan imtina etdi: “Mən özümü reklam etmək istəmirəm”.
“Turan” klubunun sabiq baş məşqçisi Əfqan Talıbov isə bildirdi ki, gənc məşqçi Robert Prosineçkinin milliyə gətirilməsi nisbəti 50-nin 50-yədir: “Xorvat mütəxəssis Xorvatiya yığmasının sərgilədiyi oyunu Azərbaycanda tətbiq edə bilsə, uğur olacaq. Hazırda Avropa futbolunda bütün komandalar yüksək sürət və fiziki durum nümayiş etdirirlər. Prosineçkinin Azərbaycan futboluna yeni bir şeyin gətirəcəyi sual altındadır. Xorvatiyalı məşqçiyə bizim millidə işləmək çətin olacaq. Çünki o, əlimizdəki futbolçulardan istifadə etməyə məcbur olacaq. Milli komandamızda sürətli oyun sistemi sıfırdır. Oyunçularımızın fiziki hazırlığı da bərbad vəziyyətdədir”.
Əfqan Talıbov
Əfqan Talıbov əlavə etdi ki, Prosineçki özü hücuma meylli futbolçu olub: “Ümidvaram ki, o, yığmaya gəlsə, hücum futbolunu seçəcək. Çünki hamı bilir ki, bizim hücum futbolumuz yox vəziyyətindədir. Yəni bunun üzərində çox işləmək lazımdır. Berti Foqts özü müdafiəçi olub. Ona görə millidə müdafiə futbolunu seçmişdi. Əgər hücuma 6 futbolçumuz keçirdisə, geri qayıdan olmurdu. Bunun da nəticəsi olaraq əks-hücumlarda qollar buraxırdıq. Bizə hücum futbolu lazımdır. Ən yaxşı müdafiə hücumdur”.