… və ya özlərini təqib olunurmuş kimi aparanlar
Ölkənin siyasi partiyalarında problem var: üzvlər istefa verir, qruplar qopur, bəziləri narazılıq bildirir, bəyanat yayır. Mühacirət edənlər, düşərgə dəyişənlər də olur.
Bunlar olan şeylərdir. Monolit təşkilat deyilən bir şey yoxdur. Kimsə öz partiyasının monolitliyini elan edirsə, bilin ki, o partiyada demokratiyadan, özünüifadə azadlığından əsər-əlamət yoxdur və ağa-kölə münasibətləri bərqərar edilib.
Ancaq maraqlıdır ki, partiyalar öz daxillərində gedən proseslərin işıqlandırılmasını sevmirlər və bunu “sifarişlə nüfuzdan salma”, “məqsədyönlü anti-təbliğat aparma”, “partiyanı daxildən parçalama” kimi səciyyələndirir, müvafiq reaksiyalar verirlər.
Belə çıxır ki, istefa verənləri bu işə qəzetçilər təhrik edir, yaxud ayrılanların yaydıqları bəyanatları qəzetçilər yazırlar.
Elə deyil, cənablar. Qəzetçilər yalnız ünvanlarına göndərilmiş, sosial şəbəkədə paylaşılmış istefa bəyanatlarından çıxış edərək nəsə yazırlar, daha dəqiqi, yazılanları yayırlar. Bu da onların gördüyü işdir və xeyli dərəcədə də xoşagəlməz işdir.
Çünki üstündən bir neçə gün keçir, hansısa partiyadan ayrılmış şəxs və ya qrup barədə informasiya verən media orqanı ittihamlara məruz qalır.
Bizim bəxtimizdəndir, ya nədəndir, bilinmir, ancaq bir istefa barədə xəbəri 5-ci, 10-cu növbədə dərc etsək də və həmin o “eksklüziv istefa xəbəri”nin müəllifi başqa media qurumları olsa da, adətən “Yeni Müsavat”ın adını hallandırırlar.
Axırıncı dəfə bu işi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı edib. O, sosial şəbəkədə “partiyaya qarşı təxribatlar”dan yazıb və “Azadlıq” qəzeti də bu statusdan xəbər düzəldərək “AXCP-yə qarşı təxribatlara partiyadan sərt cavab” başlığı ilə verib.
Qəhrəmanlının yazısında deyilir ki, Xalq Cəbhəsinə qarşı hər çirkin üsula əl atırlar: “Bu işdə rəqabət aparan iqtidaryönlü media arasında ”Yeni Müsavat” hamıdan öndə olduğunu sübut edib, “keçici qızıl bayrağı” artıq neçənci dəfədir qazanır. Demək, Ramiz müəllimin müşavirələrində iştirak boşuna deyilmiş”.
“İqtidaryönlü media”, “Ramiz müəllimin müşavirələrində iştirak” və sair tikanlı sözlərlə, kirli-paslı atmacalarla müşayiət olunan və bir siyasət adamına yaraşmayacaq şəkildə əsəbi, isterik yazıda xeyli haqsız ifadələr, eləcə də əvəzində özünü daima təqib olunurmuş kimi hiss etmək görüntüsü var.
Məsələ ondadır ki, istefa verən şəxslər də F.Qəhrəmanlı kmi öz fikirlərini sosial mediada yaya bilirlər və gənc jurnalistlər bunu görüb xəbərə çevirirlər. Bu qədər bəsit. Bundan ötrü “Ramiz müəllimin müşavirələri”ndə iştiraka ehtiyac yoxdur.
Hər 3-5 dəqiqədən bir sayta dünyada, regionda, ölkədə baş verən hadisələrə dair xəbərlər qoyulur. Onların içində iqtidarın və ya müxalifətin xoşuna gəlməyən onlarla xəbər olur.
Ona qalsa, son bir ayda bu qəzet və saytın işçilərinin bir çoxunun yaxın olduğu Müsavat partiyasının daxilindəki durumla bağlı onlarla yazı gedib və onların da bir çoxunu “partiyanın ictimai nüfuzuna yönəlmiş məqsədyönlü təbliğat” kimi səciyyələndirmək mümkündür. Amma xoşbəxtlikdən, Müsavat rəhbərliyi anlayır ki, bu yazılar mövcud olan problemə dairdir, yəni od olmasa, tüstü də çıxmayacaqdı (hərçənd bu partiyanın bəzi funksionerləri də bəzən özlərini “yurd”çular kimi aparmaq istəyirlər).
Bütün bunlar ona görə meydana çıxır ki, AXCP rəhbərliyi inhisarında olan qəzetə məhz bu cür yanaşır – onu təbliğat, təşviqat ruporu kimi istifadə edir və elə bilir ki, başqa qəzetlərdə, saytlarda çıxan hər bir yazı mütləq siyasi rəhbərliyin ikiqat süzgəcindən keçir, nəyi verib, nəyi verməmək partiya rəhbərliyi səviyyəsində müzakirə olunur, qərar qəbul edilir.
Belə bir şey yoxdur. Hazırda media qurumlarının xəbər siyasəti olduqca çevik və dinamikdir. Hansı xəbəri verib, hansını saxlamaq barədə çox fikirləşən media qurumları autsayder olmağa məhkumdur. Müasir medianın əsas tələbi operativlikdir, ona görə də başqa saytlarda və sosial şəbəkələrdə xəbər üstünə çıxan jurnalist uzun-uzadı düşünmədən onu verəcək və vecinə də almayacaq ki, bu hansısa siyasi partiyanın “ümdə maraqlarına ziddir”.
Qəflət yuxusundan ayılmaq, bolşevik yanaşmalarından imtina etmək və xroniki skeptizmdən xilas olmaq lazımdır. Heç də hamı sizi təqib etmir.