Bu gün yaradıcılıq prosesində üzləşdiyimiz bəzi problemləri oxucularla bölüşmək istərdim. Yoxsa elə sanırlar köşə yazarlığında yel əsib, qoz tökülübdür, biz də o qozları yığıb, ləpələyib basırıq.
Deputatxana üzvü Qalib Salahzadə adlı şəxsiyyət vardır. Şeyx Allahşükür müəllimin (Ya rəb, sən onun ehsan salonlarını həmişə dolu elə! İlahi, amin! Ey dar günün sahibi!) ya qudasıdır, ya da nəsə başqa qohumudur. Mən özüm qohumbaz olmadığım üçün belə şeylərə qəti fikir vermərəm. Uzun sözün qısası, bu Qalib müəllim çox koloritli insandır, vaxtaşırı intervü verir, ağzından inci, dürr səpir, hər intervüsündən azı yarım “KAMAZ” dolusu mövzu qayırmaq mümkündür. Misal üçün, bir-iki ay qabaq zəngilanlının gəlib Bilgəhdə icra nümayəndəsi qoyulmasını tənqid eləmişdi. Təzəlikcə bələdiyyə seçkilərinin saxta olmasından danışıbdır.
Ancaq bu adamın bir mənfi cəhəti var ki, danışdığı mövzuları elə özü də həmin intervünün içində təkzib edər, yalanlayar, sənə imkan verməz bir-iki cümlə şərh yazıb çörəyini qazanasan (yaxud, yuxarıdakı misaldakı kimi, qozunu qazanasan). Çox dəhşətli adamdır. Mənim ürəyim partlayacaq axırda.
Misal üçün, Qalib müəllim intervü başlayanda “Qatıq ağdır” deyər. Müxbir şuluq üçün “Axı cənab prezidentin sərəncamı var, ölkəmizdə indən belə qatıq qaradır” sualını yapışdırar deputatın alnına. Bu zaman Qalib müəllim deyər: “Əgər sərəncam varsa o zaman yəqin qatıq qaradır. Ümumiyyətlə, mən ancaq bu hakimiyyətin qatığını yeyirəm”.
Söhbət bu cür qurtarsa nə vardı? İntervü fırlanar, sual gələr qəhvəyi rəngin üzərinə, jurnalist soruşar ki, Qalib müəllim, Azərbaycanda hansı mavi rəngləri tanıyırsınız. Qalib müəllim deyər: “Əlbəttə, ən çox mavi rəngdə olan qatıqdır”. Müxbir bayaqkı cavabları yada salar, bu zaman deputat heç tövrünü pozmadan qatığın boz rənginin ölkəmizə bir Allah lütfü olduğunu söyləyər. Nəhayət, intervünün lap axırında Qalib müəllim oxucuları Azərbaycanda aparılan dinc quruculuq işlərinə baxmağa səsləyər: “Küçəyə çıxın, görün nə qədər yaşıl rəngdə qatıqlar vardır!”
İndi sən bundan nə yazasan? Gül kimi quş buraxır, quşu da elə özü vurur. Bir növ, buqələmun tipində canlıdır – intervünün içində min dəfə rəngini dəyişir. Buqələmundan heç roman yazan gördünüzmü? Yoxdur. Biri aslandan yazır, başqası qartaldan yazır… Hətta milçək və ağcaqanad, kərtənkələ və tısbağa haqda da bədii əsərlər, şeir və poemalar qayırmaq olar, necə ki, AYB üzvləri hazırda bu istehsal prosesi ilə məşğulat edirlər; lakin buqələmundan yazmaq çətindir. Hər an rəngini dəyişir, nə yazasan? Bunu hansı görkəmdə təsvir edəsən ki, yanlış olmasın?
Başqa bir çətinlik oxucu məktubları ilə bağlıdır. Misal üçün, Aqil Mirzəyev yazır: “Sizin gündəlik məqalələrinizin izləyicisiyəm. Düzünü desəm, gündəlik həyatda baş verən proseslərə çox biganəyəm. Biganəlik yaxşı xüsusiyyət deyil, bilirəm. Amma son illər hər şey, əsasən də bizim yaşadığımız sərhədlər daxilində, o qədər maraqsızlaşıb ki, vaxtı elə sönük hadisələri öyrənməyə sərf etməyi özümə rəva bilmirəm. Ondansa oturub 1-2 anekdot oxuyaram (nə qədər oxusam da, çox az yadımda qalır ). Nə isə… Mən sizə başqa şeyə görə yazıram. Elə indicə sizin köhnə bir yazını oxudum. Orda siz bir məsələ ilə bağlı oxucuların xatırlatma etməsini tapşırırsınız. 7 Fevral 2014-cü il tarixli yazının sonlarında. Mən sizdən xahiş eləyirəm ki, növbəti yazılarınızdan birində dairə mövzusunda ”uzun” bir söhbət açasınız; en dairəsi, gen dairəsi, mayallaqaşma fizio-psixoloji təbiət hadisəsi halında insanın öz hərəkəti ilə hansı xəyali dairələri qət etməsi (biz bilirik ki, bu həm də idmandı), uca millətimizin özünü sadə hesab etməyən, kitayski Lacoste krasovkalarına soxduğu ayağında burnu cırıq sintetik corab olduğu faktı ilə barışmaz mövqedə dayanan (əsas odur, üzərində yaşadığımız bu qədim diyarın iri dövlətinin yekə hökumətinin binoklla görən siyasəti ilə uyğundur) nümayəndələrinin belə hərəkətləri anında həzzin elmi-nəzəri dairəsi – bunda aşma, çaşma, mərkəzdən qaçma qüvvəsi, hətta, Allah göstərməsin, eksentrizmin əlamətlərinin ola bilmə dərəcəsi (P.S. burda əsas, dərəcə işarəsindəki o çevrəvari yumru zada diqqət vermək lazımdı), hətta halqa və xalta kimi vacib elementlərə də toxunmağınızı xahiş eləyirəm”.
Bax, mən bir həftədir bu məktubu anlamağa çalışıram, başım şişib. Nə niyyətlə yazıbsa öz qabağına çıxsın.