Hər dəfə hansısa bir qalmaqallı, sensasion (öz dilimizdə desək, zırıltı) hadisənin üstü açılanda xəbərdən xəbər tutan minlərlə adam şaşırıb qalır və dərin bir səmimiyyətlə deyir: “Pah! Sən ol, o vaxt bizi Allah saxlayıb. Yaxşı qurtarmışıq!”
Məsələn, məşhur Hacı Məmmədov haqq-hesabında xeyli adamın bu cür dediyini özüm eşitmişəm. Onlar səmimi qəlbdən inanırdılar ki, onları Hacı Məmmədov tərəfindən girov götürülməkdən, blokun girəcəyində güllələnməkdən, Qarabulaqdakı özəl qəbiristanlıqda basdırılmaqdan Allah saxlayıb.
Bu şəxslər Hacı Məmmədovla uzaqdan-yaxından tanışlığı olan, yaxud tanışlığı olmayan, eləcə, beş-on manat pulu olan və ya o dönəmlərdə aktiv siyasi fəaliyyət göstərən insanlar idi. Ona görə də H.Məmmədovun törətdiyi serial cinayətlərin üstü açılanda hesab edirdilər ki, yaxşı qurtarıblar, biznesmen-rəssam-polkovnik-qanqsterin qurbanına çevrilə bilərmişlər.
Əlbəttə, mümkün idi. Amma Hacı, ondan sonradan qorxanların heç beş faizinin belə həyatına təhlükə yaratmaq iqtidarında deyildi. Həm də adam bilirmiş ki, kimi qaçırmaq, kimi girov götürmək və ya kimi güllələmək olar, sadəcə, axırıncı əməliyyatda yanlışlığa yol verib, həm cinayətkar aləmdəki, həm də hüquq-mühafizə sistemindəki karyerasının sonunu gətirib.
Hazırda o qədər geniş miqyaslı olmasa da, eyni durum Anar Məmmədov adlı iş adamının 500 min dollar müqabilində qətl sifarişi verməsinə dair dəlil-sübut, iddia-ittihamların açıqlandığı bir vaxtda da yaranəb. Xeyli adam durduğu yerdə üşənir və vaxtilə Məmmədovla yolunun kəsişdiyini, sözünün çəpləşdiyini yadına salıb düşünür: “Deyəsən, məni o vaxt Allah saxlayıb”.
Elə çıxır ki, guya bacarıqlı iş adamı bütöv bir qəbiristanlıq salıb, amma bunların bəxti gətirib, kənarda və salamat qalıblar.
Xeyr, yayılan informasiyalardan bəlli olur ki, killer kimi etimad göstərilən şəxs ümidləri doğrultmayıb, hətta nəinki özünü yaxşı tərəfdən göstərməyib, hətta sonradan durub işverənlik də edir. Kişinin yanında baş kəsərlər.
Adam bircə əməliyyatı ilə yarım milyon pul qazana bilərmiş, əlinin dalıyla geri itələyib. Hesab edib ki, bu təhlükəli işdir, birdən üstü açılar, nə bilim, nə olar. Halbuki o, etimadı doğrultsaydı, tapşırığı yerinə yetirsəydi, “Əməkdə fərqlənməyə görə” medalı almasa da, yaxşı qonorar alacaq, həyatı dəyişəcəkdi.
Belə olsa, cinayətin üstünün açılması ehtimalı da sıfıra enəcəkdi. Çünki bizdə qaydadır, baş tutmuş cinayətlərin, qətllərin üstü açılmır, ya da çox gec açılır, amma killer əlinə-üzünə bulaşdıranda, işi yarımçıq qoyanda, iş başa gəlməyəndə, layihənin zibili çıxır, kimlərsə ələ keçir. Amma hələ bu da o demək deyil ki, kələf çözülə-çəzülə sifarişçiyə qədər gələcək. Türkün sözü, hayır. Yarıyolda kələfin kəndirini kəsəcəklər, sifarişçi ilə naşı killer (və ya icraçı) arasındakı əlaqə yox olacaq, iş bitəcək.
Məsələn, adı çəkilən Məmmədovun əmisioğlu Aynarın jurnalist Fərahim İlqaroğlunun əzişdirilməsi barədə verdiyi sifarişin üstü tam açılmışdı, döyən də, sifarişi alıb icraçıya ötürən də bəllidir, bütün əlaqələr ortadadır, hadisənin motivi, səbəbi də hər kəsə aydındır, amma icraçı ortada tək-tənha qalıb, sifarişçi və vasitəçi ona yiyə durmur. Ona görə də yazıq bilmir ki, nə desin.
Ümumiyyətlə, ağır işdir, adamı amansızcasına döyəsən, sonra nəyə görə döydüyünü tapıb deyə bilməyəsən. Adam bilsəydi ki, belə bir aqibətlə üzləşəcək, hadisə yerinə qızla gələrdi, sifarişi icra edərdi, üstü açılanda da deyərdi, budey, yanımdakı qıza sataşdı, mən də döydüm. Hamı da deyərdi, Fərahim, utanmırsan, o boyda oğlanın yanında qıza niyə sataşırsan ki, o da səni döysün. Ondan sonra Fərahim ha and içsin, kim inanardı?
İndi bəlkə də çoxları A.Məmmədovun qətl sifariş etməsinə inanmayacaq. Təbii ki, inananlar, “hə, onlar zatən, köhnənin sifarişçisidir” deyənlər də olacaq.
Ancaq əldə sübut yoxdur. Ortada qətl hadisəsi və meyit yoxdursa, qətl sifarişini sübut eləmək çətindir.
O vaxt kəsilmiş və şişə çəkilmiş ayının fotoları, videosu yox idi, ona görə də bu günə qədər dəqiq deyil ki, elə bir haqq-hesab olub, ya yox.
Hərçənd ayı sifariş eləməklə adam sifariş eləmək eyni şey deyil.