“5-ci kolon” haqda bir daha…
Tanınmış aktyor, xalq artisti Rasim Balayev son müsahibəsində SSRİ dövründə daha xoşbəxt olduğunu dilə gətirib. Müsahibədən aydın olur ki, söhbət təkcə iş-gücsüzlüklə yox, həm də dolanışıqla bağlıdır. Halbuki, özünün dediyi kimi, prezident ona ev də verib, prezident təqaüdü də alır. Di gəl… müstəqil Azərbaycanda psixoloji durum sənətçinin sıxır, qəlbinə ağırlıq verir.
Təbii, Rasim Balayev tək deyil. Onun kimi düşünən orta və yaşlı nəsil nümayəndələri kifayət qədərdir. Lakin SSRİ-yə nostalji keçirənlərin heç də hamısı Rusiyayönlü “5-ci kolon”u təmsil də eləmir. Rasim Balayev də çətin ki, bu təsnifata uyğun gəlsin.
Ancaq gələnlər yetərincədir. Ən qorxulusu isə odur ki, onların arasında SSRİ-ni görməyən, müstəqillik dövründə doğulan gənclər var. Gəncliyi ictimai proseslərin əsas hərəkətverici qüvvəsi satsaq, müstəqilliyə təhdidin nə dərəcədə real olduğunu anlamaq müşkül olmaz.
Bəs, cavan nəsildə SSRİ-yə xiffət hissi haradandır? Axı, hər necə olmasa, çoxdan tarixə gömülmüş Sovetlər Birliyi ölkə televiziyasında, tədris ocaqlarında təbliğ olunmur. Olmaya İŞİD-sayağı təbliğatdır gənc beyinləri dumanlandıran?
Cavab qənaətimizcə, belədir: bu, nə İŞİD-sayağı təbliğatdır, nə də rusiyalı emissarların və ya Rusiya KİV-lərinin ölkəmizdəki təşviqatının nəticəsi, bu, SSRİ-ni görmüş, 23 ildir “yağışdan çıxıb yağmura düşmüş” narazı valideynlərin söylədikləri ilə acı gerçəyin uzlaşmasıdır.
Yəni ata-ana ürək ağrısı ilə danışır, yeniyetmə də reallığa baxaraq eşitdiyinə qiymət verir. Üstəgəl, sovet dövrü ilə bağlı internetdə axtarış verib tapdıqları da valideynlərinin nə dərəcədə haqlı olduğuna onda əminlik formalaşdırır.
Bəs, qorxunc tilsimi, Azərbaycan dövlətçiliyinin təməlini qazıyan və Rusiyaya gözəl müdaxilə şansı verən bu problemi necə neytrallaşdırmaq olar? Cəhd edək.
Deyirlər, insan xəstələnməyincə, sağlamlığın qədrini bilmir, onu necə gəldi xərcləyir. Müstəqillik də elə – onu itirəndə, itirmək üzrə olanda daha qiymətli olur, dəyərə minir. Ona görə də nə qədər çətin də olsa, şüurlu toplum öz müstəqilliyini, azadlığını heç nəyə dəyişmir. Həm də o səbəbə ki, hər şey – həqiqi rifah, inkişaf müstəqillikdən başlayır, bir şərtlə ki, ölkə sükanı arxasında ədalətli, legitim bir qüvvə dayansın.
Ancaq indi bu qüvvə ürəyimizcə deyil deyə, azadlıqdan imtina etməyə də dəyməz. Zira, hakimiyyətlər, hökumətlər gəldi-gedərdi, – YAP iqtidarı da günün birində tarixə qovuşacaq, – fəqət müstəqillik həmişə gəlmir, həmişə verilmir, həmişə alınmır…
Azərbaycan Xalq Cümhuriyyətini yada salaq, onu quran böyük kişilər, Məmmədəmin Rəsulzadə hansı əzablara, əziyyətlərə qatlaşmadılar, lakin Cümhuriyyətin bərpası 70 il sonra mümkün oldu. Qısası, olanımızın qədrini bilək və eyni zamanda arxayınlaşmayaq, gəncliyi düzgün yola yönəltməyi bacaraq.
Bu missiya isə hakimiyyətlə yanaşı, SSRİ-ni görmüş sıravi valideynlərin də üzərinə düşür. Olsun, gənc övladlarınıza o dövrün yaxşını da deyin, amma qutsal, toxunulmaz olanları da söyləyin, toplum, xalq olaraq qazandığımız əsas sərvətimizi – müstəqilliyimizin əhəmiyyətini də anladın, mahiyyətini aşılayın; bu yolda millət olaraq nə qədər şəhid verdiyimizi, məhrumiyyətlər çəkdiyimizi də başa salın, yönəldin; “20 Yanvar”ı xatırladın, M.Ə. Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun, digər böyük və tarixi şəxsiyyətlərimizin ibrətamiz həyatını oxumağı tövsiyə edin onlara.
Bunlar olacaqsa, Rusiyanın ölkəmizdəki virtual və təhlükəli dayağı – “5-ci kolon” da olmayacaq – dolanışıq yaxşı olmasa belə. Guya müstəqil Rusiyada insanların rifahı çox yüksəkdir?