“Yeni Müsavat”ın ya ilk nömrəsiydi, ya da ikinci sayıydı, İbrahimin əlində gördüm. O, mənə xəbər verdi ki, bu qəzetin redaktoru tələbə yoldaşıdır, dedi, sən də tanıyırsan, Gəncədə Qorki küçəsində ev yoldaşım olub, bizə gələndə görüşmüsüz.
Yadıma düşdü, hə, tovuzlu uzun oğlan, adı da gərək ki, Rauf idi…
İbrahim təsdiqlədi. Onlar bir neçə il bir otaqda qalmışdılar, 5 il tələbə yoldaşı olmuşdular. Mən də hərdən onların qaldığı evə gedərdim.
Tovuzlu, uzun oğlanı bir də 1992-ci ilin payızında televizorda gördüm, İsa Qəmbərin yanında oturmuşdu, mətbuat konfransındaydılar, Müsavatın bərpa olunduğu vaxtlar idi.
Bir gün İbrahimdən soraq gəldi ki, dövlət mühafizəsi xidmətində işləyir. O, əsgərlikdə hərbi desant, kommandos olmuşdu və fiziki cəhətdən hazırlıqlı, eyni zamanda yüksək intellekti, savadı olan oğlan idi. Bir dəfə Bakıya yolum düşəndə İbrahimlə parlamentdə görüşdük, Milli Məclisin mühafizə xidmətində işləyirdi. Növbəsi başa çatandan sonra dedi ki, gedək Raufla görüşək. Getdik.
Biz içəri girəndə Rauf Arifoğlu məni dərhal tanıdı və təəccübümə rəğmən, tələbəlik vaxtı yazdığım bir şeirin ilk iki misrasını əzbərdən dedi. Heç demə, mən o vaxt İbrahimgildə olanda həmin şeiri Raufun maqnitofonunda, onun sevimli kasetinə yazdırmışam. Nəticədə bir şeir həmin kaseti bərbad edib və inventar yiyəsinin yaddaşına həkk olub…
Həmin vaxt “Yeni Müsavat”ın 26 yaşlı baş redaktorunun yanında boz rəngli şıq kostyum geyinmuş bir kişi oturmuşdu. Olduqca zabitəli görünüşü vardı, generala, sistem adamlarına oxşayırdı. Arifoğlu onunla bizi tanış etdi: “Novruz Həsənov, Tovuzun polis rəisi”.
(Qəribə deyil, əslində tam qanunauyğun bir detaldır ki, mən bu sətirləri yazmağa başladığım gün həmin kişinin – Novruz Həsənovun baş redaktorun kabinetinə daxil olduğunu gördüm – bu, 24 il davam edən, qırılmayan dostluğun şəkliydi).
Sonralar nə vaxt paytaxta gəlirdimsə, “Yeni Müsavat”a da baş çəkirdim və bir yazı verirdim. “Yeni Müsavat”da çıxan ilk yazımın redaktoru Xaləddin İbrahimli olmuşdu. Sonrakılardan birinin tarixçəsi isə çox maraqlıdır.
1993-cü ilin may ayının son günü idi. Bir neçə siyasi fəal mərkəzə gəlmişdik. Şikayətimiz vardı. Müsavatın o zamankı baş katibi Niyazi İbrahimlinin köməyi ilə parlamentin sədri İsa Qəmbərlə görüşdük, problemimizi dedik. Çıxanda qərargahın dördüncü mərtəbəsinə qalxdım və mayın 25-də yazdığım bir məqaləni o zamanlar qəzetin aparıcı redaktoru olan Rasim Mirzəyə verdim.
Yazının başlığı beləydi: “Siyasi matç-revanş: Gediş qırmızılarındır”. Yazıda söhbət ölkədəki qiyam ovqatından, keçmiş kommunistlərdən ibarət olan revanşist qüvvələrin qanuni hakimiyyəti devirmək istəmələrindən gedirdi. Hətta yazının sonunda MTN-i və digər hüquq-mühafizə orqanlarını da “danlamışdım” ki, görəsən, hara baxırlar, gedən prosesi görmürlərmi.
Heç cür ağlıma yerləşmirdi ki, biz kənddə, qoşa çinarın altında oturub nə baş verəcəyini görürük, amma onlar görmürlər. Yazı o narahatlıqdan doğmuşdu.
Sonrakı günlərdə gərginlik oldu və qırmızıların revanşist gedişi barədə yazının çap olunub-olunmadığından xəbərim olmadı. Ancaq artıq qırmızılar həmin addımı atmış, ölkədə 4 iyun qiyamı baş vermiş, hər şey alt-üst olmuşdu. Bir də iyunun 6-da yerli cəbhəçilər əllərində “Yeni Müsavat” qəzetiylə gəldilər, böyük formatda çıxan qəzetin 4-cü səhifəsində dərc olunmuş yazımı özümə göstərdilər və başlarını buladılar. Təsadüfə baxın, “ölkədə qiyam olacaq” məzmunlu yazı məhz qiyamın baş verdiyi gün dərc olunmuşdu.
O yazını bir də uzun illərdən sonra Rauf Arifoğlunun evində saxladığı “podşivka”da gördüm. O zaman artıq mən “Yeni Müsavat”da işləyirdim.
Rauf Arifoğlu ilə 31 il öncədən başlayan tanışlıq, “Yeni Müsavat”la 21 il öncədən start götürən əməkdaşlıq və 19 illik birgə fəaliyyət hələ də davam edir.
Bu illər ərzində “Yeni Müsavat”a bəlkə də 200-ə qədər əməkdaş gəlib-gedib. Onların hamısının tam siyahısı yəqin ki, baş redaktorda və qəzetin direktorunda var. Amma onların hər birinin “Yeni Müsavat”ın böyüməsində, uğurlarında izi var.
Bizimlə çiyin-çiyinə, masa-masaya işləmiş hər kəsin “Yeni Müsavat”a gəlişi və gedişi ilə bağlı bir hekayəsi mühəqqəq var. Mənimki də belədir.