`Hazırda ölkə telekanallarında yayımlanan serialların çoxunda narkomaniya, cəzaçəkmə müəssisələrindəki “vor zakon”lar və əxlaqsız yuvaların təbliğ olunur. Nə vaxt baxırsan öldürmək, atmaq və narkotik satmaq görürsən. Cənab prezident serialların çəklilməsi üçün yardım göstərib. Amma biz sadaladığım halların şahidi oluruq. Bunlara nəzarət edən bir qurum lazımdır. Bu sahədə biabırçılıqdırqır`.
Bu sözləri dünən millət vəkili Çingiz Qənizadə deyib. Qeyd edək ki, bu mövzular daha çox 2 serialda işıqlandırılır: Space-də yayımlanan “Səadət” və Lider-də yayımlanan “Qisas”. Bəs serialların yaradıcı heyətləri nə deyirlər?
– Biz “Səadət” çoxserialı bədii filminin yaradıcı heyəti olaraq etiraf edirik ki, filmimizdə müəyyən mənada 16+ mövzular, üstüörtülü şəkildə də olsa, nümayiş etdirilir. Lakin, bu mövzuları ekranlaşdırmağımızın səbəbi xalqımıza bu və digər qəbuledilməz halların fəsadlarını və pisliklərini göstərmək, beləcə, insanları belə hallardan çəkindirməkdir. Çünki istənilən zərərli məşğuliyyətin fəsadını tamaşaçıya çatdırmaq üçün öncə onun ekranlaşdırılmış formasını göstərmək lazımdır”. – bu sözləri AzVision.az-a “Səadət” serialın ssenari müəllifi və bəstəkarı Tural Bakuvi deyib.
O, bildirib ki, serialda pis yola düşən obrazların sonu faciəvi şəkildə bitir və bununla Azərbaycan tamaşaçısına çatdırılır ki, bu işlərdən bir fayda və xeyir yoxdur: “Hər cür qaranlıq işin sonu yalnız və yalnız faciədir… Bizim məqsədimiz tamaşaçımıza bu kimi qaranlıq işlərin fəsadlarını göstərmək və onları belə hallardan çəkindirməkdən ibarətdir”.
Tural Bakuvinin sözlərinə görə, adətən Azərbaycan tamaşaçısı şikayət edir ki, bizim filmlər şablon mövzudadırlar, Türkiyə və digər ölkələrin filmləri isə həqiqi, real həyatda baş verən hadisələri canlandırır: “Belə olan halda Azərbaycan rejissorları da mütləq filmlərində reallıqları əks etdirən mövzuları canlandırmalı və insanları həqiqətən cəlb edəcək ssenariləri ekranlaşdırmalıdırlar.
Qeyr edək ki, “Səadət” serialının rəhbəri Vüqar Təhməzov, rejissorları Elvin Rüstəmzadə və Anar Məmmədəliyev, ssenari müəllifi və bəstəkarı Tural Bakuvi, səs rejissoru və ifaçısı Ramal Rəsuldur.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.