Dövlət qanun-qaydalarla deyil, hakimiyyəti ələ keçirənlərin instinktləri ilə idarə ediləndə hər cür absurd duruma gərək hazır olasan. Bu anlamda, mən xəbər lentlərində rast gəldiyim “İcra başçısı qəbiristanlığı və seçki məntəqəsini satıb”, “Prokuror dəvə saxlayır, polis rəisi isə quşxana açıb” tipli başlıqlara təəccüblənmirəm. Heç çox zaman bu tipli xəbərləri açıb içini oxumuram. Nəyimə gərək? Yuxarıda yazdığım kimi, instinktlər maraq dairəmə daxil deyil. Onlar çox primitivdir. Aşağı-yuxarı neçə instinktin olması da məlumdur.
Ancaq biz hüquqi dövlət quruculuğunu istəyiriksə məcburuq belə məsələlərə diqqətlə yanaşaq. Bizim onlardan fərqimiz bu olmalıdır. Biz, xoşumuz gəlməyən, ancaq qanunauyğun hadisələrə və faktlara dözümlü yanaşmağa məcburuq. “Mənim xoşuma gəlmir, ona görə yox olsun” deyə bir şey yoxdur, çünki burada ölkə vətəndaşlarının sayı qədər – 9 milyondan çox xoşagəlməyən müxtəlif şeylər sıralamaq olar, bunların hamısını silmək cəhdi isə dərəbəylik doğurur.
Başa düşürəm ki, burda “Əlifba” kitabından sitat yazıram, müdrik oxucular yuxarıdakı cümlələri oxuyub azı qımışmaq haqqı qazanırlar. Ancaq nə etməli, vəziyyət qoca insanlara əlifba öyrədəcək qədər acınacaqlıdır.
Misal üçün, bugünlərdə ölkə müsəlmanlarının bir qismi Aşura mərasimi keçirdi. Fikir verdinizsə, mən “hamısı” yazmıram, çünki bunu qeyd etməyən müsəlmanlar da var. Dövlət qurumlarına başçılıq edənlər də həmçinin, belə həssas mövzularda diqqətli olmalıdır, hər sözünü, kəlməsini ölçüb-biçib deməlidir. Dini qurumlarla işə rəhbər qoyulan Mübariz Qurbanlı isə bu istiqamətdə özünü bir YAP nümayəndəsi kimi aparır. Elə sanır dindarlar da müsavatçı və cəbhəçilərdir, onlar haqqında ağzına gələni danışa bilərsən. Doğrudur, insafən hələlik Mübariz müəllimin elə bir kobud ifadəsi qeydə alınmayıb, ancaq xəbərdarlıq kimi yazırıq ki, çəkinsin, əlamətlər görünür. Misalımız elə Aşura günlərinə aiddir.
Həmin günlərdə bir video yaydılar, kimlərsə Bakı kəndlərində İran rəhbərliyinin, İran bayrağının altında oturub mərasim edirmiş. Bunu az qala dəhşətli cinayət kimi cəmiyyətə sırımaq istəyənlər vardı. Düzdür, sonradan videonun köhnə olması bilindi, ancaq Mübariz Qurbanlı da həmin tənqidlərə qoşulub hərəkəti pislədi. Sitat: “O portretlərdəki insanlar İranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir. Oradakı sakinlər də bilməlidirlər ki, ümmət olmamışdan əvvəl millətdirlər. Azərbaycan xalqına, dövlətinə və bayrağına sədaqətini nümayiş etdirməlidirlər. Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir”. Sitatın sonu.
Göründüyü kimi, dövlət qulluqçusunun elementar insan hüquqlarından xəbəri yoxdur. İran BMT üzvü olan bir dövlətdir, onun bayrağını və liderinin şəklini qaldırmaq cinayət və ya Mübariz əkənin dediyi kimi, “qəti yolverilməz” sayıla bilməz. O cümlədən, dini mərasimlərdə divara qadağan edilməyən şəkil və bayraq asmaq insanların hüququdur. Kimsə Avropa Birliyinin bayrağını sevər, kimsə İranın. Bunu zorla dəyişdirmək olmaz.
Misal üçün, biz İŞİD bayrağını Bakıda qaldırmaq istəyənlərə niyə etiraz edirdik? Çünki terrorçu qurum kimi tanınıb (Əslində Azərbaycanın tanıyıb-tanımadığını bilmirik, o üzdən burda da hüquqi nihilizm var). Amma yuxarıda yazdığım kimi, İran bayrağı və ya Xomeyninin şəkli qanunla qadağan deyil. Hətta bizim daxili qanunlarda dini mərasimdə hansı bayrağı asıb-asmamaq, kimin portretini qaldırıb-endirmək haqda müddəalar varsa bunun özü də insan haqları konvensiyalarına ziddir.
Yeri gəlmişkən, Bakıda katolik kilsəsi var, bu kilsəni də Vatikan dövləti təmsil edir. Bəlkə Mübariz müəllimin işçiləri onlara da müdaxilə eləyib “Divara nə üçün Roma papasının şəklini asmısınız, burda ayrı papanın şəkli olmalıdır” göstərişi verirlər?
Əslində hakimiyyəti narahat edən elə bu “papa şəkli”nin fərqidir. Yoxsa nə dövlət, nə ümmət, nə millət…