2015-in hənirtisi duyulduqca, ermənilərin “soyqırım” sancıları da şiddətlənməkdədir. Artıq düşmən millətin yetkililəri Türkiyəyə qarşı ərazi iddialarını açıq şəkildə səsləndirməyə başlayıblar. Daşnak “materialından” olan kəsim isə qardaş ölkəyə qarşı “təzminatın” həcmini də müəyyən edib – 300 milyard dollar!
Ən absurdu odur ki, belə maksimalist iddialar və tələblər fonunda Türkiyə-Ermənistan sərhədinin açılmasının, özü də qeyd-şərtsiz açılmasının zəruriliyindən dəm vuranlar var. Məsələn, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç erməni mətbuatına dünənki müsahibəsində eyni mövqedən çıxış edərək, Azərbaycanın “bu prosesə” mane olmasını” pisləyib. Halbuki, həmin işğalçı Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiasını əks etdirən maddə günü bu gün də durur – heç ondan danışmır.
Amma bədnam 100 illiklə bağlı ermənilərin bəxti nə yaxşı ki, bir şeydə heç gətirməyib. İş ondadır ki, dünyanın diqqəti artıq başqa qlobal və regional problemlərə – İŞİD-ə, Yaxın Şərqə, Ukraynaya, Rusiyanı ram etməyə köklənib və 2015 yüzdə yüz bu qayğılarla əlamətdar olacaq. Yəni Qərb gələn il böyük ehtimalla, “erməni soyqırımı” hayında olmayacaq. Üstəgəl, sadalanan məsələlərdə rəsmi Ankaranın rolu artır ki, azalmır.
Təqdiredicidir ki, Türkiyə hökuməti regionda və dünyada gedən bu və başqa mühüm prosesləri ciddiyə alaraq və zamanın nəbzini düzgün tutaraq, uydurma məsələdə doğru olaraq məhz hücum diplomatiyasına qərar verib.
“Bizim babalarımızın və millətimizin ayağına yazılan “genosidi” Türkiyənin tanınması mümkün deyil”. Xarici işlər naziri Mövlud Çavuşoğlu bunu parlamentin Xarici Əlaqələr Komissiyasında çıxışı zamanı deyib. Bundan az öncə isə prezident Rəcəb Tayyib Ərdoğan Parisdə – Ermənistanı özünə “kiçik bacı” sayan bir dövlətin paytaxtında analoji açıqlama verərək saxta genosidin tanınmasının qeyri-mümkünlüyünü bəyan eləmişdi. Eyni zamanda bununla o, “yubileylə” bağlı Ermənistana səfər dəvətini bəri başdan mənfi cavablandırmışdı.
Erməni tərəfi isə belə görünür kor tutduğunu buraxmadığı kimi, gələn il qondarma ittihamlardan daha möhkəm yapışmaq niyyətindədir. Qəribədir, bu ermənilərə, onların yönətimlərinə, dünya erməniliyinə hələ də çatmayıb ki, dünya birliyi, özəlliklə Qərb saxta məsələni tanınmaq fikrində olsaydı, onu bunca uzatmaz, yəhudi soyqırımı kimi dərhal reallaşdırar, BMT-nin qərarı şəklinə salardı.
Sadalananlar edilməyibsə, demək, dünya erməni iddiasını ən azından birmənalı qəbul eləmir, ona şübhə ilə yanaşır. Gerçəkdə isə sadəcə, olaraq regionun supergücü olan Türkiyəyə qarşı siyasi şantaj vasitəsi qismində istifadə edir.
Nə yazıq ki, belə bəsit və acı həqiqəti başa düşən praqmatik erməni siyasətçiləri və ziyalıları çoxluqda deyil. Onlar da ki, az qala satqın kimi damğalanmaqdadır. Misal üçün, realist düşüncə sahiblərindən biri – Türkiyə baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Maxçupyan verdiyi açıqlamada prezident Ərdoğanın gələn il saxta soyqırımın 100 illiyi ilə bağlı Ermənistana səfərini mümkünsüz saydığını söyləyib.
“Aprelin 24-də Ermənistana getmək – mühüm jestdir, ancaq bu jest özündən qabaq çoxsaylı başqa jestləri tələb edir. Əgər həmin jestlər olsa, o zaman mümkündür ki, məqbul situasiya yetişəcək və prezident Ermənistana gedəcək. Lakin realist olsaq, mən bunu mümkün saymıram. Çünki gözlənilir ki, 2015-ci ildə Ermənistan daha sərt mövqe tutacaq. O səbəbdən Türkiyə həmin jesti etməyəcək”, – deyə Maxçupyan əlavə edib.
Erməni müşavir beləcə, münasibətlərin düzəlməsi üçün yalnız tələb irəli sürməyin yanlış yol olduğunu dilə gətirib. Sitat: “Çox iş görmək lazımdır. Bunun bir hissəsini Türkiyə, digər hissəsini isə Ermənistan görməlidir. Əgər Ermənistan sadəcə, dəvət edəcək və gözləyəcəksə, onda düşünmürəm ki, prezident gələcək”.
Yəni rəsmi dəvətin özünü də erməni məsləhətçi əslində qeyri-səmimiliyin təzahürü, Ərdoğanı Ermənistana çağırıb ən azından Türkiyəni fakt qarşısında qoymaq, onu utandırmaq niyyəti güdməsi kimi qiymətləndirib.
Türkiyənin isə keçmişinə görə utanacağı bir şey yox. Tam əksinə…