Bu gün “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 25 ili tamam olur.
Müstəqillik uğrunda mübarizəyə qalxan və çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan “Yeni Müsavat” qəzetinin ilk sayının işıq üzü görməsindən 25 il ötür. Qəzet 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur. “Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-91-ci illər ərzində gizli və qeyri-formal nəşr olunub. 1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər olub.
2009-cu ilin noyabr ayının 8-də – qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişərək Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.
Həmkarlarımızı təbrik edir, onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.