Azərbaycanın Quba rayonundan, məşhur Qırmızı qəsəbədən olan tanınmış biznesmen, Moskvada və dünyanın digər şəhərlərində çoxsaylı ticarət obyektlərinə, daşınmaz əmlaka malik olan milyarder Qod Nisanov dünya dağ yəhudilərini birləşdirərək onların lideri olmaq istəyir.
Virtualaz.org xəbər verir ki, bu barədə dağ yəhudilərinin Gorskie.ru portalı Nisanova yaxın mənbəyə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Qod Semyonoviç bu məqsədlə məşhur yəhudi biznesmeni, Buxara yəhudiləri Ümumdünya konqresinin prezidenti Lev Levayevlə məsləhətləşmələr aparıb. Levayev yəhudi xeyriyyə və icma təşkilatlarınının inkişafında böyük təcrübəyə malikdir.
Sayt qeyd edir ki, Qod Nisanov atasının dostu və Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu İlham Rəhimovun sayəsində Rusiya hakimiyyətinin yüksək eşalonlarında böyük əlaqələrə malikdir, Kremlin ən yüksək kabinetlərinin qapıları onun üzünə açıqdır. Bu əlaqələrinin sayəsində Qod Nisanov Qırmızı qəsəbədən olan digər yəhudi milyarder Zarah İliyevə də nəhəng biznes imperiyası qurmaqda kömək edib.
Əslində Nisanov və İliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Çerkizovsk bazarında, digər yəhudi milyarder Telman İsmayılovla birlikdə başlayıblar. Tədricən onlar bizneslərini genişləndiriblər və hazırda Moskvada “Yevropeyskiy”, “Moskva”, Sadovod”, “Ukrayna” ticarət mərkəzlərinin, çoxsaylı kommersiya daşınmaz əmlaklarının sahiblərinə çevriliblər. Bütün bu biznes aktivlərində onların ortağı, “İlham Putinka” kimi tanınan İlham Rəhimovdur. “Forbes”in hesablamalarna görə partnyorların birgə kapitalının həcmi 6 milyard dollardan çoxdur. Qod Nisanov son zamanlara qədər lölgədə qalıb və onun hətta fotosuna da rast gəlmək mümkün deyildi. Lakin belə görünür ki, yəhudi oliqarx taktikanı dəyişib və ictimai fəaliyyətlə geniş məşğul olmaq niyyətindədir.
Dağ yəhudilərinin Ümumdünya konqresi 2003-cü ildə yaradılıb və Zaur Qilalov onun rəhbəri seçilib. Lakin 2004-cü ildə Qilalov Moskvada, evinin yaxınlığında öldürülüb. Bununla da təşkilatın fəaliyyəti dayanıb. İndi Qilalovun yarımçıq qalmış missiyasını Qod Nisanov davam etdirməyə hazırlaşır.
Qeyd edək ki, ötən il Moskvada azərbaycanlıların nəzarətində olan nəhəng “Pokrovka” topdansatış bazası bağlanandan sonra bu bazarın “sakinləri” məcburən Qod Nisanov, Zarah İliyev və İlham Rəhimovun bazarlarına köçüblər. Daha sonra ortaqlar Moskvada nəhəng logistika mərkəzlərinin və topdansatış bazalarının tikintisi layihəsinə başlayıblar. Belə mərkəzlərdən biri bu yaxınlarda istifadəyə verilib.
Rusiya KİV-lərinin xəbərlərinə görə, yəhudi milyarderlər bu dəfə Sverdlovsk vilayətində logistika mərkəzinin tikintisinə hazırlaşırlar. Nisanov və İliyev bu məqsədlə Sverdlovsk qubernatoru Yevgeni Kuyvaşevlə danışıqlar aparıblar. Onların inşa edəcəyi logistika mərkəzləri 10-15 milyon region əhalisinə xidmət etməlidir. Hazırda ortaqlar logistika mərkəzlərinin inşası üçün münasib ərazi seçirlər.