Tut fəsli məhəlləmizin uşaqları üçün həm də birlik, bərabərlik, şənlik zamanı idi. Həyətimizdə tut çırpılanda məhəllənin bütün uşaqları yığışıb əvvəl hamılıqla ağacın altında açılan çadırın kənarlarından tutur, sonra da birlikdə teştin dövrəsində oturub tut yeyirdilər. Ta ki, nənəmiz bəhməz (sizdə ona doşab deyirlər) bişirməyə başlayana qədər…
Evimiz böyük idi. Dərdimiz kiçik. Arzuların qızlar ərə gedəndə paylanan nəmər torbasına sığan vaxtı idi. Ağrıların bir öpücüklə sağalan dövrü.
Bizi günorta yuxusundan yumurtlamağa yer tapmayan toyuqların qaqqıltısı oyadar, şam yeməyinə gecə böyüklərin məhəllədə yığışıb edəcəkləri maraqlı söhbətləri dinləmək həvəsi oturdardı.
Evciyimizin mizi, masası, kətili, dolabı domino daşlarından, maşını ayaqqabı tayından idi (Bakıdan gələn oyuncaqlar oynadanda ömrü az, sındıranda içi boş idi).
Otaqlarımızın yaraşığı olan tünd qırmızı bahalı pərdələr bizə yalnız gizlənpaç oynayanda daldalanmaq üçün maraqlı idi. Çarpayının altı pis iş görəndə qaçıb özümüzü salmaq üçün qısamüddətli sığınacaq idi.
Aynabəndin sürahisinə çıxıb (bizdə ona şüşəbənd deyirlər) şüşələri silən anamızın, eləcə də ona kömək edən və axşam evlərinə gedəndə qoltuqlarında özlərinə nəsə bir cehizlik aparacaq qonşu qızların zümzümələrində mahnılar daha şirin idi…
Nəhəng ilan kimi evimizin başına dolanan hündür pilləkən, tutacağının üstünə minib yuxarıdan aşağıya sürüşmək, həyətdəki hovuz evdə heç kim olmayanda dostlarımızı çağırıb çimmək üçün adama gəl-gəl deyirdi.
Ağaclar dırmaşanda, meyvələr – alma, ərik, gavalı kal-kal duza batırılıb yeyiləndə maraqlı idi…
Havalar hardasa bişən təndir çörəyinin və ya tutdan qaynadılan bəhməzin (sizdə ona doşab deyirlər) qoxusunu orijinalda burunlara çatdıracaq qədər təmiz idi.
Adamlar hind kinolarına baxıb ağlayacaq qədər məsum.
Öpən olanda xəlvətcə üzümüzü silirdik. Qonaq gələndə gizlənirdik gedənə qədər.
Nənələr öləndə nağıllar batırdı nə qədər. Və bütün bunlara uşaqlıq dövrü deyirdilər.
Təmiz şüşələrin arxasından o vaxt hələ dərk edə bilmədiyimiz dünya daha şirin görülürdü çünki…
İndi həmin o böyük şüşələr nəfəsimlə isladıb cib dəsmalımla silə biləcək qədər kiçilib burnumun üstündən asılıblar. Arxasında da artıq çoxdan dərk elədiyim dünya o vaxtkı qədər şirin görünmür. Lap indi marketlərdə gördüyümüz tutlar kimi…