Türkiyənin padşahı Ərdoğan təzəlikcə bir gülməli söz deyibdir, yəqin xəbəriniz vardır. Deyir Amerikanı Kolumbdan üç yüz il qabaq müsəlmanlar kəşf edibdir. Guya Kolumb gəmi səyahəti jurnalında yazıbmış ki, gəldik çıxdıq adaya (indiki Kuba), burda məscid var idi. Halbuki, Kolumb “məscidə bənzər təpə” ifadəsi yazıb və o ərazidə xristianların gəlişindən qabaq müsəlmanların olmasını, yaşamasını isbat edən heç bir fakt yoxdur. Əgər ordan arxeoloji qazıntılar nəticəsində hansısa İbn Abdullah əbu Salavatullah adlı ərəbin təsbehindən bir muncuq tapılsaydı, şübhəniz olmasın ki, indi Harun Yahya tipli lotular bundan cild-cild kitablar qayırardılar, ətraflarına da “Miss Venesuela” Mariannalardan bir dəstə hərəm yığardılar.
Ancaq müsəlman coğrafiyası elə savadsız vəziyyətdədir ki, burda hansı gopu istəsən yeritmək olur. Bu baxımdan, biz Ərdoğan müəllimin cəfəngiyatını alqışlayaq, deyək lap Amerikanı müsəlmanlar kəşf edibdir. Guya bununla nə dəyişir? Bəlkə 1 milyard 600 milyonluq geridəqalmış müsəlmanlar tərəqqi edib sivilizasiyanın başına keçirlər? Bax, həmin bu 1 milyard 600 milyonun cəmi 2 Nobel mükafatçısı alimi var, bundan danışın. Həmin bu milyard yarımdan çox müsəlman hansı ölkələrdə yaşayır, heç bu barədə fikirləşirsinizmi? Yoxsa detallara varmadan “milyard yarım” deyilir, adam da fikirləşir ki, bəli, bu qədər insanın inancına, rəyinə-zadına hörmətlə yanaşmalıyıq. O zaman buyurun, həmin camaatın hansı dövlətlərdə yaşadığını öyrənin: İndoneziya – 215 milyon, Pakistan – 170 milyon, Hindistan – 160 milyon, İran – 65 milyon, İraq – 25 milyon, Səudiyyə Ərəbistanı – 28 milyon, Mərakeş – 35 milyon, Əlcəzair – 35 milyon, Əfqanıstan – 32 milyon və sairə. Mən hələ böyüklərini yazdım, inanın ki, qalanları da bu dövlətlərdən geri qalmayacaq dərəcədə pis vəziyyətdədir. Bu dövlətlər rüşvətxorluq, insan haqlarının pozulması, insan inkişafı indeksi, adicə əlifbanı öyrənmək kimi göstəricilərdə dünyada ən pis yerləri tuturlar. Amerikanı kəşf eləməkdənsə, Amerikadakı kimi normal, insan azadlığı olan dövlət qura bilməzdinizmi?
Yaxşı da bəhanələr tapırlar quyruq qapı arasında qalanda: “Bu əsl islam deyil”, “Müsəlmanlar Avropada yaşayırlar, onlar dinə əməl edir, Camaləddin müəllim də 19-cu əsrdə bu haqda yazmışdır”, “Hamısı Amerikanın oyunlarıdır” və sairə. Guya Yerdən azı 56 milyon kilometr uzaqdakı Marsa aparat endirən amerikalılar üçün Suriyadakı hansısa dəvə minən ərəb qəbilələrini bir-biri ilə boğuşdurmaq çox önəmli imiş. Özündən bu qədər razılıq, özünü kainatın mərkəzi saymaq bütün müsəlman toplumlarının, içi bizim ölkə qarışıq – ən böyük faciələrindən biridir. Elə bilirlər göydən zənbillə düşüblər (bu metaforanı nahaq yazmadım), hamı bunların haqqında fikirləşir.
Sonda bu Kolumb əhvalatına aid bir xatirəmi yazım, təhsil nazirimiz Mikayıl Cabbarov da oxusun. Xatirə deyəndə, elə uzaq vaxtda da olmayıb, keçən ayın söhbətidir.
Bir gün uşaq məktəbdən evə gələndə dedi ki, filan miqdarda pul lazımdır. Səbəbini soruşdum. Məlum oldu coğrafiya dərsini keçən müəllim sinifə Kolumbun Amerikanı necə kəşf etməsi haqda təqdimat hazırlamağı tapşırıb. Bunun yolunu da “təsvir edib”: gedin məktəbin yanındakı kseroks aparatı işlədən daydayın yanına, sizin üçün internetdən, Vikipediyadan-zaddan vərəqlərə materialları çıxartsın, bunları bir-birinə yapışdırın, gətirin. Mən uşağa izah elədim ki, belə dərs oxumaq olmaz, internet materialını çap edib, bir-birinə tikib gətirməyin mənası nədir? Yaxşısı budur özün Kolumbun səfərlərinin, gəmisinin şəklini çək, xəritələr cız, qısa qeydlər yaz. Uşaq razılaşdı, xeyli oxudu, insafən, bir-iki saat əziyyət çəkib yaxşı da bir təqdimat hazırladı. Ancaq səhəri məlum oldu ki, geri zəkalı coğrafiya müəllimi kseroksda çap edilən hazır internet materiallarını “əla”, bizim uşağın sözün əsl mənasında əl işini isə “yaxşı” qiymətləndirib. Qüsur olaraq… Xristofor Kolumbun rəsmində üz cizgilərini yaxşı oxşatmadığını deyibmiş! Elə bil uşaq coğrafiya yox, rəssamlıqdan tapşırıq edibmiş. Uşaqların həvəsini, təşəbbüslərini boğan, yeniliyə qarşı çıxan bir coğrafiyanın coğrafiya müəllimi də elə bu ağılda olmalıdır, qınamıram.
Əsas odur kseroks işləsin, Kolumbu kseroksdan çıxardarıq.